AzərbayCANLI BOMBA təxribatdır

Ülkər Məmmədovanın adından indi də silah kimi istifadə etməyə çalışırlar




Oktyabrın 10-da Ankarada törədilən terror aktının kimlər tərəfindən həyata keçirildiyini aşkarlamaq üçün ciddi araşdırmalar aparılır. Artıq İŞİD və PKK-nın hadisədə əlinin olduğu haqda informasiyalar var. Ancaq ən diqqətçəkən məqam terroru törədən şəxslər arasında azərbaycanlının olması iddiasıdır. Türkiyə KİV-nin yazdığı məlumata görə, xüsusi xidmət orqanları terrorda əli olan 21 nəfərlə bağlı məlumatlar toplayıb. Onlardan 6-sı qadındır. Axtarılan 21 nəfərin hamısının İŞİD-in daxilindəki "Toxucular Qrupu”nun üzvləri olduğu bildirilir. Yayılan fotolar arasında azərbaycanlı olduğu deyilən Ülkər Məmmədova da var. Onun İŞİD üzvü ilə evli olduğu deyilir. İlkin ehtimallara görə, terrorçular kürd və Azərbaycan dilində danışıblar. "Ü.Məmmədovanın azərbaycanlı olması sadəcə ehtimaldır”



Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov bildirib ki, Ü.Məmmədovanın azərbaycanlı olub-olmaması ilə bağlı əlaqədar təşkilatlarla əlaqə saxlanılıb. Hazırda araşdırma davam edir: "O, əslən azərbaycanlı olsa belə, başqa ölkənin vətəndaşı da ola bilər. Ancaq bunların hamısı sadəcə ehtimaldır. Hələlik əlimizdə konkret nəticə yoxdur, qurumlardan cavab gözləyirik”. H.Zeynalovun sözlərinə görə, konsulluğun bir əməkdaşı Ülkər Məmmədovanın Azərbaycanla bağlılıq məsələsini Türkiyə tərəfi ilə araşdırmaq üçün təlimatlandırılıb: "Məlumdur ki, İŞİD və PKK-nın tərkibində vuruşan azərbaycanlılar var. Biz bununla bağlı müəyyən dairələrə sorğu göndərmişik. Sorğuya cavab verilməsini gözləyirik. Baş konsulluq olaraq bölgədə yaşanan terror hadisələri ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi çalışırıq. Yəqin ki, qısa vaxtda nəticə əldə edəcəyik”.

Şahidlərin şübhəli iddiaları...

Xatırladaq ki, hadisə şahidlərinin ifadələrində suallar yaradan məqamlar var. Məsələn, terrorçuları gördüyünü iddia edən yeniyetmə qız deyir ki, bombanı onun rəfiqəsinin üzərinə atıblar və rəfiqəsi parça-parça olub. Əgər yeniyetmənin dedikləri doğrudursa, yanında partlayan bombadan onun özü də ciddi zərər görməli idi. Həmçinin, şahid gördüyü kamikadzelərin Azərbaycan və kürd dillərində danışdığını deyir. Türk dili ilə Azərbaycan dili müəyyən fərqliliklərin olmasına baxmayaraq, demək olar ki, eynidir. 15 yaşlı yeniyetmənin bunu dəqiqliklə ayırd etməsi şübhəli görünür. Ən diqqətçəkən məqam isə polisə ifadə verən yeniyetmənin öz ailəsi tərəfindən qəbul edilməməsidir. Ailənin imtina etdiyi qız dövlət tərəfindən Ailə və Sosial Siyasət Nazirliyinə verilib. Bir ailənin bu hadisədən sonra öz övladından imtina etməsinin səbəbi nə ola bilər? Ya onun psixoloji problemləri olub, ya da hansısa qruplarla əlaqəsi. Hər halda bir ifadəyə görə heç bir ailə öz övladından imtina etməz. Bütün bunlar informasiyaların hazırlanması və yayılmasının arxasında hansısa məqsədlərin ola biləcəyinə dair şübhələr yaradır.

Terrorçunun azərbaycanlı olması xəbəri təxribatdırmı?

Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri açıqlamasında belə bir informasiyanın yayılmasında təxribat məqsədlərinin olmasını istisna etməyib: "Azərbaycan və Türkiyə xalqları eyni kökə malik millətdir. Təbii ki, bunu hansısa hadisəylə, yaxud fikir ayrılığı ilə ayırmaq mümkün deyil. Lakin hesab etmək olar ki, psixoloji təxribat yaratmaq, eyni millət arasında fikir ayrılığına və biri-birinə qarşı mənfi münasibət bəsləməyə səbəb olacaq addımlar atırlar”. Ekspertin sözlərinə görə, bu tipli informasiyanın arxasında Rusiya, İran, Əsəd rejimi, hətta Türkiyənin müttəfiqləri də ola bilər: "Hazırda Türkiyə regionda təklənib və onun yeganə dəstəkçisi Azərbaycandır. İki ölkənin siyasi rəhbərliyi arasında fikir ayrılığı yaratmaq mümkün deyil. Belə olanda millətin arasında təfriqə salmaq istəkləri oyana bilər və bu cür informasiya təxribatlarını da buna hesablanmış addım kimi dəyərləndirmək mümkündür”. N.Miri deyib ki, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyindən, bölünməz qardaşlığından məmnun olmayan qüvvələr var: "Türkiyə Baş qərargah rəisinin son Azərbaycan səfəri də dünya güclərini qıcıqlandırmamış deyil. Çünki ortada türk birliyi, türk ordusu kimi məsələlər var və bunun reallaşması istiqamətində proses davam edir. Bu amil həm regional, həm də qlobal gücləri ciddi mənada narahat etməyə başlayıb. Lakin hesab edirəm ki, nə bir güc, nə də hansısa təxribat bu birliyi poza bilməz”.

"Ankarada törədilmiş partlayış sırf siyasi terror nümunəsidir”

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da bu cür xəbərlərin arxasında müəyyən qüvvələrin ola biləcəyini deyib: "Artıq ikinci dəfədir ki, Türkiyədə törədilən terror aktının arxasından azərbaycanlı izi "çıxır”. Belə görünür ki, Azərbaycanı Qərbdən təcrid edənlər indi də Azərbaycan-Türkiyə münasibətlərini hədəfə alıblar. Əlbəttə, intiharçılardan istifadə PKK üçün tipik deyil, amma eyni zamanda mən məsələnin kökünə baxmağı təklif edərdim. Türkiyədə azərbaycanlılar haqqında terror təhlükəsi mənbəyi imici yaradılması kimə lazımdır? Axı Ankarada törədilmiş terror aktı sırf siyasi terror nümunəsidir”.

"Qars ve İğdır bölgələrinin insanları azərbaycanca danışır”

Türkiyəli ekspert Jale Ak Altunel də qardaş ölkələr arasında ayrılıq salmaq istəyən qərəzli qüvvələr olduğunu söyləyib: "Türkiyədə hamı bilir ki, hakimiyyət istəməsə, quş belə uçmaz. Ankaradakı partlayış AKP-HDP-PKK-nın ortaq proqramıdır. PKK-nın kimlər tərəfindən dəstəkləndiyi də bəllidir. PKK son illər üzünü Rusiyaya çevirib. Lap tutaq ki, bu işdə Azərbaycandan birilərinin barmağı var. Nə dəyişəcək ki? Qars ve İğdır bölgələrinin insanları azərbaycanca danışırlar. HDP-lilər İğdırda doğulan bir qadını "azəri” deyə tanıdaraq mitinqdə səhnəyə çıxarıb mahnı oxutdurmadılarmı? Xalqların arasını vurmaq bu pisliklərin ən önəmli kozurlarıdır. Biz təxribat xarakterli mövzuları şişirdərək PKK-nın çörəyinə yağ sürtürük”.

İsmayıl