Sakinlər heç olmasa 4 saat günəş görməlidir

Tikinti şirkəti ara məsafəni nəzərə almayıb, bir hadisə baş versə, çanaq kimin başında çartlayacaq?



Hündürmərtəbəli binalar arasında ara məsafənin qısa olması sakinlər üçün başağrısına çevrilib. Örnəyi, paytaxtın Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın 3 tərəfdən hündürmərtəbəli binalarla əhatə olunmasıdır. Bu bina ön tərəfi istisna olmaqla (ön tərəfi səkidir, ona görə - red.) hündürmərtəbəli binalarla üzük qaşı kimi əhatələnib. Sakinlər sözügedən tikinti ilə bağlı dəfələrlə əlaqədar qurumlara məktubla müraciət etməsələr də, bir nəticə hasil olmadı. Ərazidə 3 bina tikilmişdi, biri də indi tikilir. Tikintini durdurmağın mümkünsüz olduğunu anlayan sakinlər, heç olmasa, inşaat işlərinin gecə saatlarında aparılmamasını, mənzillərində rahat yata bilmələrini istədilər. Amma bu istəkləri də çox zaman gerçəkləşmir. Bəzən gecə saatlarında iritonnajlı maşınlar, ağır texnika inşaat meydançasında çalışır, camaatın da yuxusu ərşə çəkilir.



Bu, sadəcə bir misaldır. Paytaxtda biri-birinin, türkün məsəli, "qarnına girmiş” nə qədər desən binalar var. Belə yerdə qonşudan qız almaq asan və sərfəli olar. Qohumlar bir eyvandan digərinə adlayar, gəlin, ya da bəy istədiyi vaxt eyvandanca anasının yanına "hoppanar”. Məşhur xalq mahnısında deyildiyi kimi; dam üstədir damımız, qoşadır eyvanımız, sən ordan çıx, mən burdan, kor olsun düşmanımız...

Gerçəkdə isə işimiz, deyəsən, Allaha qalıb. Biri-birinə az qala bitişik tikilən binaların nə havalandırma sistemi normaldır, nə də işıqlandırma. Binalar arasında məsafə hədsiz qısa olduğundan sakinlər günəş şüalarına da həsrət qalır, küləyə - havaya da. Təhlükəlilik dərəcəsi də öz yerində. Bir binada, Allah eləməmiş yanğın, partlayış olsa, yanındakıları da əhatələyəcək. Bəzi binaların həyətlərinə isə ümumiyyətlə, yanğınsöndürən maşının girişi mümkünsüzdür. Bu səbəbdən ki, binaların dörd bir yanı əlavə tikililərlə, marketlərlə, mağazalarla doludur. Abbas Mirzə Şərifzadə, Hüseyn Cavid prospektində xeyli sayda belə bina var.

Bəs hündürmərtəbəli binalar arasında məsafə nə qədər olmalıdır?

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov "Şərq”in sorğusuna cavab olaraq bunları bildirdi:

- "Tikinti Məcəlləsi” qəbul olunub və orada bütün bu məsələlər əksini tapıb. Yaşayış binaları arasında məsafələr yerinə görə dəyişir. Şəhərin sıx məskunlaşma olduğu ərazilərindəki meyarlarla geniş sahələr üçün nəzərdə tutulmuş meyarlar fərqlidir. Yeni massivlərdə, şəhər kənarındakı böyük ərazilərdə standartlar hər torpaq sahəsində 30-un 30-a nisbətində, binanın hündürlüyünün 0,6 hissəsindən az olmamaq şərtilə götürülür. Bu, təxminən bir binanın yarısı qədər hündürlük deməkdir. Yəni, bina inşa edilərkən yaxınlıqdakı bina ilə ara məsafəsi binanın yarısı qədər olmalıdır. Şəhər daxilində, mərkəz hissələrdə isə sıxlıq nəzərə alındığından meyarlar 2 əsasla götürülür. Birincisi, yanğınsöndürən maşınların sərbəst hərəkətinin təmin edilməsi baxımından, ikincisi isə, insolyasiya meyarı ilə. Yanğınsöndürən maşınların hərəkətinin məhdudlaşdırılmaması məqsədilə binalar arasında 6-12 metr məsafənin saxlanması şərtdir. İnsolyasiya isə sıxlıq əmsalına görə təyin edilir. Bu əmsal da binanın şəhərin hansı hissəsində olmasına görə ölçülür. Məsələn, "28 May” ərazisində sıxlıq əmsalı başqadır, mikrorayonlarda başqa. Burada da əsas meyar otaqlara günəş şüasının neçə saat düşməsinə görə götürülür. Sağlamlıq baxımından Günəş şüasının ən azı 3-4 saat otaqlara düşməsi təmin olunmalıdır.
O.Babayev şikayəti olan sakinlərin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ərizə ilə müraciət etməyi məsləhət gördü.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova isə payxatda tikintilərin çox zaman xaotik, şəhərsalma qaydalarına zidd aparıldığı qənaətindədir:

- Onsuz da Bakıda kim necə istəyir, elə də tikinti aparır. Tikinti normaları da, şəhərsalma normaları da kobud şəkildə pozulur. Biri ev tikir, pəncərəsi qonşunun həyətinə baxır. Evləri biri-birinə elə sıx tikirlər ki, bir qonşunun pəncərəsi o birisinin divarına açılır. Evlər, binalar arasında hədsiz qısa məsafələr qoyurlar. Bunlar şəhərsalma qanunlarına tamamilə ziddir. Yaşayış evləri üçün tətbiq olunan ara məsafələr hədsiz azdır. Şəhərsalmanın öz qaydalarpı var. Tutalım, 12 mərtəbəli binanın hər mərtəbəsinin hündürlüyü 3 metrdirsə, qonşu bina ilə ara məsafəsi azı 36 metr olmalıdır. Yəni, mərtəbələrin hündürlüyü nə qədərdirsə, 3-ə vurulmalıdır, alınan nəticə binalar arasındakı məsafəni təyin etməlidir. Bu, normativ qaydadır. Amma hazırda Bakı şəhərsalma qanunundan kənar tikilmiş binalarla doludur. Paytaxta ötəri nəzər yetirmək kifayətdir ki, tikintilərin necə xaotik, şəhərsalma qaydalarının kobud pozuntusu ilə aparıldığı görünsün. Hündürmərtəbəli binaların tikintisinin də öz normativləri var. Şəhərsalma qaydalarına görə, binalar arasındakı məsafə iki binanın hündürlüyünün yarısı qədər olmalıdır. Ərazidə iki qoşa binanın hər birinin hündürlüyü 100 metrdirsə, deməli, onlar arasındakı məsafə azı 100 metr olmalıdır. Bizdə binalar arasındakı məsafə 30 metrdən çox qoyulmur. Heç olmasa, 50, 75 də

qoymurlar. Mən Kalininqrad şəhərində çoxmərtəbəli yaşayış massivinin layihəsini təqdim etmişdim. Binalar arasında 100 metr məsafə qoymuşdum, dedilər, olmaz, 120 metr qoyulmalıdır. Binaların sayını da azaltdılar ki, sıxlıq yaranmamalıdır. Avropada, xüsusilə Almaniyada bundan da artıq məsafə tələb edilir. Bizdə isə vəziyyət dəhşətdir. Demək olar, bütün yaşayış binalarının sağı-solu, önü, arxası əlavə tikililərlə bağlanıb. Bütün yaşayış binalarının böyrü-başı zəbt edilib. Binanı başqa bir binanın düz önündə inşa edirlər. İnsanların pəncərəsinin önünü kəsib kafe, market, mebel mağazası, "şopinq”lər tikirlər. İnsanları günəş işığından, təmiz havadan məhrum edirlər. Kim bu tikintilərə icazə verir, Memarlıq və Şəhərsalma Baş İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi var. Bunlar hara baxır? Hamımız şahid olduq ki, "Sahil” metrosunun üstündəki binada yanğını saat yarıma söndürdülər, özləri də etiraf etdi ki, sıxlıq olduğu üçün yanğın gec söndürülüb. Bəs bu biri-birinin içinə nüfuz etmiş binalarda sabah, Allah eləməmiş, bir fövqəladə hadisə, yanğın olsa, maşınlar ora necə gedəcək, necə müdaxilə edəcək? Əksər binaların altı mebel mağazası, market, super-market, ticarət obyektləridir. İnsanlar küçələrlə rahat hərəkət edə bilmir. Hərə bir butik çıxarıb küçəyə. Həyətlərə heç minik avtomobilləri daxil ola bilmir, o ki qaldı, yanğınsöndürən maşınlar. Yeni tikililərdə tikinti qanunlarına riayət edilmir. Rəsmi strukturlar bu vəziyyəti görür, amma heç kim səsini çıxarmır. Fəlakət baş verəndə də camaatı günahlandırırlar. Binalar elə inşa edilməlidir ki, avtomobillər binalar arasında sərbəst hərəkət edə bilsin, fövqəladə hallar baş verəndə də yanğınsöndürən, təcili yardım, digər qəza xidmətləri hadisə yerinə tez çatsın.

Məlahət Rzayeva