"Türkiyə rəhbərliyi Avropa Birliyinin Suriya qaçqınları ilə bağlı təklifini qəbul edərsə, AB rəsmi Ankaraya "siyasi hədiyyələr” verəcək”. Bu barədə Böyük Britaniyada nəşr olunan "Financial Times” qəzeti yazıb. Qaçqın probleminin Avropa Birliyinin liderlər konfransında geniş müzakirə olunacağını yazan qəzetin müxbiri Aleks Parker iddia edib ki, AB Türkiyə Prezidenti Ərdoğanın diktator fəaliyyətlərini bir kənara ataraq, onlara siyasi dividendlər təklif edəcək.
Qəzet yazıb ki, böyük siyasi krizis insan haqları mövzusunda "gözdən düşmüş” Türkiyəni AB ilə yaxınlaşdırıb: "Rəsmilər Brüsseldəki zirvə toplantısından əvvəl Ankarada bir araya gələrək qaçqın məsələsini müzakirə etdilər. Avropanın əsas planı sərhəd nəzarətini gücləndirmək, qeydiyyat işlərini tənzimləmək və Türkiyədəki 2 milyon qaçqının ölkəni tərk edərək Avropaya gəlməsinin qarşısını almaqdır. "Financial Times” iddia edib ki, rəsmi Ankara bunun qarşılığında uzun zamandır müsbət cavab ala bilmədiyi məsələləri həll edəcək: "Viza sistemində sərbəstlik olacaq. Ən əsası isə Avropa Birliyinin liderləri ilə toplantılar keçiriləcək və Türkiyənin AB-yə üzv olması ilə bağlı müzakirələr intensivləşəcək”.
"Avropa Birliyi Şaxta Baba rolunda...”
"Financial Times” daha sonra əlavə edib ki, türk rəsmiləri AB-nin bu "hədiyyələrinə” qarşı daha ehtiyatlı olacaq və tez cavab verməyəcək. Qəzetə danışan bir diplomat iddia edir ki, iki ay əvvələ qədər AB liderləri diktator hesab etdikləri Ərdoğanla yan-yana gəlmək istəmirdilər. Ancaq son günlər Ərdoğan Avopanın məşhur liderləri ilə nahar süfrələrinə əyləşir: "Görünür ki, AB panika vəziyyətindədir. Mən uzun illər siyasətdəyəm. Amma indiyə kimi Qərbin Türkiyə ilə bu qədər "dostlaşmasını” görməmişdim. AB Şaxta Baba kimi hədiyyələr paylamaqla məşğuldur. Artıq Avropa Birliyi Ərdoğanın xətrinə dəyə biləcək heç bir davranış sərgiləmir. Brüsseldə yayımlanması gözlənilən "Türkiyənin inkişaf raporu” da təxirə salınıb. Halbuki həmin raporda Türkiyədəki demokratiyaya qarşı hərəkətlərin tənqid olunması ehtimal edilirdi. Ancaq AB rəsmisi raporun 1 noyabr seçkisindən sonra yayımlanacağını söyləyib. Avropa Komissiyası isə məsələ ilə bağlı hər hansı qərarın olmadığını açıqlayıb”.
AB Türkiyə ilə Şengen vizasını müzakirə edir...
"Financial Times”in yazdığına görə, yaxında AB liderləri Türkiyəni "etibarlı ölkələr” siyahısına da salacaq. Bunun sayəsində Avropa ölkələri Türkiyədən onlara sığınmaq istəyən qaçqınların tələblərini geri çevirə biləcək. Çünki iddia edəcək ki, Türkiyə də Avropa ölkələri kimi güvənlidir. Tərəflər arasında ən mübahisəli məsələ isə türk vətəndaşlara tətbiq olunan Şengen vizası ilə bağlı məcburiyyətin ləğv edilməsidir. Əgər bu məsələ də müsbət həll olunarsa, böyük ehtimal ki, Türkiyə AB-nin tələblərini geri çevirməyəcək.
"Avropanın qapısı Türkiyənin üzünə açıqdır”
Almaniya kansleri Angela Merkel Türkiyəyə səfəri öncəsi qaçqın məsələsi ilə bağlı açıqlama verib. Merkel deyib ki, suriyalı qaçqın probleminin həllində Türkiyə açar rola sahibdir. Qaçqın məsələsində çox sərt tənqid olunan Merkel bəyan edib ki, Avropanı çətin vəziyyətə salan qaçqın probleminin həll edilməsi üçün rəmsi Ankaraya ciddi dəstək vermək lazımdır. Türkiyənin AB üzvlüyünə də toxunan kansler üzvlüklə bağlı müzakirə qapısının hər zaman aralı olduğunu bildirib.
"Qlobal faciə” təhlükəsi...
Angela Merkelin lideri olduğu Xristian Demokratiya Birliyi (XDB) isə Almaniya hökumətinin qaçqın krizisində sərgilədiyi liberal siyasəti tənqid edib. XDB-nin Saksonya əyalətində təşkil etdiyi bir toplantıya qatılan kansler rəhbərlik etdiyi Birlik üzvlərinin sərt tənqidləri ilə qarşılaşıb. XDB üzvləri Almaniyaya qaçqınların buraxılmasının qadağan edilməsini tələb ediblər. Partiya funksionerləri Merkeli bacarıqsız olmaqa ittiham ediblər. Onlar iddia ediblər ki, kütləvi qaçqın axını "qlobal faciə”yə səbəb ola bilər.
İsmayıl