“Seçicilər dəyişiklik istəmir”

Amerikanın sorğu firması 108 seçki dairəsində rəyləri öyrənib
Fəzail Ağamalı: “Amerika özü üçün müəyyənləşdirdi ki, xalq Prezidentlə həmrəydir”



ABŞ-ın "Arthur J. Finkelstein & Associates” sorğu firmasının Azərbaycanın 108 seçki dairəsi üzrə 1000 seçici ilə üzbəüz apardığı sorğunun nəticələri mövcud hakimiyyətin nüfuzunu bir daha təsdiqləyib.

Sorğuda iştirak edən respondentlərin ən diqqət çəkən yanaşmaları "Hazırkı Prezident İlham Əliyevin fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz” sualına verdikləri cavab olub. Rəyi soruşulanların 82 faizi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı qoyulmuş suala "yaxşı”, yaxud "əla” cavabını verib. Nəticəni şərh edən sorğu firmasının icraçı direktoru Corc Birnbaum "sorğudan asanlıqla belə nəticəyə gəlmək olar ki, seçicilər dəyişiklik istəmir” deyə bildirib. Ekspertlər də hesab edirlər ki, Azərbaycan seçicilərinin ölkədə dəyişiklik istəməməsi əhalinin mövcud hakimiyyətə dəstəyinin bariz ifadəsidir.

Tanınmış media eksperti Azər Həsrət deyib ki, rəyi soruşulanların mütləq əksəriyyətinin mövcud hakimiyyəti və konkret olaraq Prezident İlham Əliyevi dəstəkləməsi obyektiv reallığın göstəricisidir: "Həmin rəy sorğusu ilə tanışam və açığı, onun nəticələri şəxsən mənim üçün təəccüblü deyil. Bəli, Azərbaycan vətəndaşı, seçicisi region ölkələrində - İraq, Suriya, Ukrayna və digər dövlətlərdə yaranmış fəlakətli durumu görərək, ölkəmizin də elə acınacaqlı vəziyyətə düşməsini əlbəttə ki, istəmirlər. Yaxın ölkələrdə hökm sürən qanlı xaos fonunda Azərbaycanda sabitlik tam qorunub saxlanılır və ölkə vətəndaşı da bunun məhz Prezident İlham Əliyevin düşünülmüş, ağıllı siyasəti sayəsində təmin olunduğunu tam dərk edir. Yəni Azərbaycan vətəndaşının, seçicisinin dəyişiklik istəməməsinin obyektiv əsası var”. A.Həsrət seçicilərin dəyişiklik istəməməsinin başqa bir səbəbi olaraq hakim Yeni Azərbaycan Partiyasının ölkədəki nüfuzunu göstərib: "Hazırda hakim partiyanın sıralarında altı yüz min nəfər birləşib. Obyektiv səbəblərdən bu sayı ən azı üçə vursaq, deyə bilərik ki, YAP-ın təqribən iki milyon civarında sabit seçici səsi, tərəfdarı var.

Onlar öz mövqelərində sabit və dayanıqlıdırlar və hakimiyyətin apardığı siyasəti dəstəkləyirlər. Ona görə bir daha deyirəm ki, keçirilmiş sorğunun nəticələri təəccüb doğurmur və mövcud gerçəyi əks etdirir”.

Xatırladaq ki, buna qədər də dünyanın bir sıra nüfuzlu mərkəzlərinin keçirdikləri rəy sorğularının nəticələrində Prezident İlham Əliyevin yüksək nüfuzu əks olunub.

Məsələn, 2006-cı ilin noyabrında ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) 1400 nəfər şəxs arasında təşkil etdiyi sorğuda respondentlərin 85 faizi Prezident İlham Əliyevə inandığını bildirib. ABŞ-ın nüfuzlu "Gallup” təşkilatının Azərbaycanda 2009-cu il iyulun 31-də keçirdiyi sorğuya qatılanların 77 faizi də Azərbaycan dövlət başçısını dəstəklədiyini təsdiqləyib. Böyük Britaniyada fəaliyyət göstərən İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin 1550 nəfər arasında keçirdiyi rəy sorğusunun iştirakçılarından 89 faizi də Prezidentə etimad göstərib. Bütün bunlar Azərbaycan rəhbərinin böyük nüfuza malik olmasını və xalq tərəfindən dəstəkləndiyini göstərir.

Millət vəkili Fəzail Ağamalı da deyib ki, sorğu Azərbaycan xalqının ölkə Prezidentinin yanında olduğunu sübut edir: "İlham Əliyevin xalq içərisində böyük reytinqi var. Dünyada gedən proseslərin fonunda ölkəmizin qalib, inkişaf mərhələsində olması göz önündədir. Xalq bunları obyektiv olaraq qiymətləndirir. Daxildə sabitlik var. ABŞ şirkətinin sorğusunda İlham Əliyevin real gücə malik olması obyektivlikdən başqa bir şey deyil. Amerika özü üçün müəyyənləşdirdi ki, xalq Prezidentlə həmrəydir. Dövlətimizin başında İlham Əliyev kimi peşəkar, siyasəti dərindən bilən bir şəxs dayanıb. Ölkə başçısı nəinki ABŞ-la, dünyanın ən kiçik ölkəsi ilə belə ikitərəfli əməkdaşlığa üstünlük verir. Əgər ABŞ erməni lobbisinin təsiri altında siyasətini qurursa, bu, ölkəmizin günahı deyil. Bu, Amerikanın bizə olan qərəzli münasibətidir”.

İsmayıl