Vətəndaşlar nasaz liftlərdən nə zaman qurtulacaq?

Ekspertlər hesab edir ki, əsas problem binaların idarə olunmasında hökm sürən özbaşınalıqdır



Bir neçə gün öncə Prezident İlham Əliyev Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə 3,7 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Son illərdə Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülsə də, şəhərin əksər hissələrindəki çoxmərtəbəli binalardakı liftlər sovet dövründən quraşdırılıb və onların çoxu tez-tez xarab olur, ya da tamamilə yararsızdır. Qeyd edək ki, sakinlərin lift dərdi tək Sumqayıtla bitmir. Paytaxt sakinlərini də ən çox narahat edən problemlərdən biri istismar müddəti bitmiş və yenisi ilə əvəzlənməyən liftlərdir. Əksər yaşayış binalarında liftlərin yararsız hala düşməsindən sakinlər əməlli-başlı əziyyət çəkir. Sakinlər bir liftə minəndə, bir də mənzil başına sağ-salamat çatanda əllərini açıb Allaha şükür oxuyurlar. Ən maraqlısı isə odur ki, hər gün kəlmeyi-şəhadətlərini oxuya-oxuya liftə minənlər təkcə köhnə binaların sakinləri deyil. Bu problemə yeni istifadəyə verilən binalarda da rast gəlinir. Bakıda istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binalarından bəzilərində artıq indidən lift problemi yaranmağa başlayıb. Dəfələrlə sakinlərin, hətta azyaşlı uşaqların çoxmərtəbəli binaların liftində qaldığına dair məlumatlar almışıq.

Bu durumda mənzil-kommunal təsərrüfatı idarələrinin yarıtmazlığı da vəziyyəti lap qəlizləşdirir. Lift xarab olduqda sakinlər hara müraciət edəcəklərini bilmirlər. "JEK”lər maliyyə vəsaitinin olmamasını bəhanə gətirir, kooperativ binalarda isə sakinlərə öz vəsaitləri hesabına liftləri təmir etdirməyi məsləhət görürlər.

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Lift İstehsalat Birliyinin fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, bu birlik yalnız BŞİH-nin balansında olan binalara cavabdehdir. Necə fəaliyyət göstərirlər, bu, başqa mövzudur. Ancaq mənzil-tikinti kooperativləri tərəfindən inşa edilmiş binalara xidmət göstərmək onların səlahiyyəti xaricindədir. MTK bina inşa edirsə, mənzil-kommunal departamentləri ilə, eləcə də, Fövqəladə Hallar Nazirliyi ilə müvafiq müqavilə bağlamalıdır. Buna əsasən də, həmin qurumlar binalarda təhlükəsizlik sistemini, liftlərin işlək vəziyyətdə olmasını təmin etməlidirlər. Əgər belə bir müqavilə yoxdursa, heç kim bu qurumları məsul tuta bilməz. Bəzən deyirlər ki, filan binada lift xarab oldu, FHN çağırışa gəlmədi. FHN hüquqi cəhətdən ona aid olmayan sahədə xidmət göstərə bilməz. İnşa edilmiş binaya əvvəlcə ümumi çıxarış alınmalıdır. Təhvil-təslim aktı imzalanmalıdır və müqavilə bağlanmalıdır. Bundan sonra FHN və ya Lift İstehsalat Birliyi o binanın təhlükəsizliyinə də, liftinə də cavabdehlik daşıya bilər. Amma hüquqi sənəd olmadan bu qurumların binalarda xidmət göstərməsi düzgün deyil. FHN hardasa yanğın baş verirsə və ya hansısa təbii fəlakət zamanı müdaxilə edir. Amma bir binada lift xarab olubsa, ya da liftin qapısı açılıb-bağlanmırsa, bunun nə FHN-ə, nə də Lift İstehsalat Birliyinə aidiyyəti var. Sadəcə, sakinlər binanı inşa etmiş MTK-dan müvafiq müqavilələrin imzalanmasını tələb etməlidirlər. Necə ki, MTK sakinlərdən bina tikilməmiş pul alır, sakinlər də ödədikləri məbləğ müqabilində can güvənliklərinin qorunmasını tələb etsinlər.

V.Tofiqli MTK-ların inşa etdiyi binalardan mənzil alan vətəndaşları hüquqi bilgisizlikdə ittiham edib: "Vətəndaş mənzil alırsa, bunu rəsmi şəkildə, müqavilə əsasında etməlidir. Bizim vətəndaşların bir çox problemlərlə qarşılaşmasının bir səbəbi də rəsmi qaydada iş aparmamalarıdır. Mənzil satın alınarkən tərəflər arasında müqavilə bağlanmalıdır və imzalanmalıdır. Mənzil alan müqavilə şərtləri ilə tanış olmalıdır və sonradan ortaya çıxa biləcək hansısa problemə görə, hara müraciət edəcəyini bilməlidir. Təəssüf ki, vətəndaşlar müqavilə şərtləri tələb etmir, MTK-lar da vətəndaşın qeyri-rəsmiliyə üstünlük verməsindən məharətlə faydalanırlar. Binanı tikən MTK sonradan ələ keçmir. Heç kim onların harada olduğunu, harada fəaliyyət göstərdiyini bilmir. MTK binanı tikir, mənzillər satılır və ortadan "yox olur”. Əslində isə, hüquqi baxımdan MTK-nın ünvanı, səlahiyyətli nümayəndəsinin ünvanı, bütün koordinatları sakinlərə məlum olmalıdır və problem yarananda da onlar məsul şəxs kimi sakinlərin harayına çatmalıdırlar. Təəssüf ki, bizdə hüquqi savadsızlıq hələ də mövcuddur və əksər vətəndaşlar belə hallarla qarşılaşdıqda məhkəməyə müraciət etməyə də ərinirlər. Amma bir-iki belə hal yaşansa, vətəndaşlar da MTK-ların cəzalandığını görsələr, vəziyyət müsbətə doğru dəyişər. MTK-lar da vətəndaşları aldatmağın qeyri-mümkün olduğunu görərlər”.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, binalardakı liftlərdə faciələrin yaşanmasının bir neçə səbəbi var: "Liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir. Lift elə-belə xidmət növü deyil. Bu, çox böyük məsuliyyət və ehtiyatlılıq tələb edir. Liftin yoxlanma qaydası belədir: lift hansı ağırlığa hesablanıbsa, 3 qat həmin ağırlıqda yüklə yoxlanır. Liftin trosları da dartılıb yoxlanır. Bu, trosdur, kəndir deyil ki, ağırlıq çox olsa, qırılsın. Onun da öz yoxlanma mexanizmi var. Digər tərəfdən, liftlərin avtomatik əyləc və avtomatik paraşüt sistemi olur. Lift xarab olursa, o, uzaqbaşı yarım metr sürüşüb dayanmalıdır. Bizdə isə çox zaman eşidirik ki, lift şaxtaya düşüb. Lift şaxtaya düşməməlidir. Normal liftlər "pereqruzka” olanda, ümumiyyətlə, hərəkət etmir, dayanır”.

S.Məmmədovun fikrincə, əsas problem binaların idarə olunmasında özbaşınalığın hökm sürməsidir: "Sovet vaxtı tikilmiş binaların, demək olar ki, əksəriyyəti artıq dövlət balansında deyil. Ona görə ki, hamı mənzilini özəlləşdirir. Bir binada 100 sakindən bəlkə də 90-ı mənzilini özəlləşdirib. Burada artıq başqa qaydalar tətbiq edilməlidir. Kollektiv idarəetmə sistemi olmalıdır və kommunal məsələlərin həlli də sakinlərin iştirakı ilə həyata keçirilməlidir. Amma bu işlərin heç biri görülmür. Mənzil-kommunal islahatları başlı-başına qalıb, bu sahədə özbaşınalıqdır”.

Şəymən