Tanınmış şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb. Bu barədə şair öz "Facebook” səhifəsində məlumat verib: "Yazıçılar Birliyindən çıxdım. Yəni indi elan edirəm. Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik deyil. Sadəcə, düşünürəm ki, yaş artdıqca, əlavə yüklərdən boşalmaq, yüngülləşmək lazımdır. Ümumən, bütün məsələlərdə belə bir düstura inanıram - hələ ki, gec deyil”.
İstefası ilə bağlı şair "Şərq”ə əlavə məlumat verməyəcəyini deyib: "AYB-dən ayrılmağım haqqında qərarımı sosial şəbəkədəki səhifəmdə yazdığım statusla çatdırdım. Bundan əlavə nəsə danışmaq istəmirəm”.
AYB-nin səlahiyyətli nümayəndəsi Rauf Aslanov isə S.Sarvanın istefasından məlumatsız olduğunu söyləyib: "S.Sarvan birlikdən çıxması ilə bağlı quruma xəbər verməyib. Əgər kimsə AYB-dən istefa verirsə, üzvlük vəsiqəsi və ərizəsini quruma təqdim etməlidir. Amma bunların heç biri olmayıb. S.Sarvanın istefası bizim üçün də maraqlıdır, o, niyə gedib? Gediş üçün bir səbəb olmalıdır. Düzü, mən buna inanmıram. Çünki bizim şairlə gözəl münasibətimiz var”.
Aysel