Bir müddət əvvəl Bakıda mağaza və obyektlərin kütləvi şəkildə bağlanmasına dair məlumat vermişdik. Qeyd etmişdik ki, şəhərin Səməd Vurğun, Rəsul Rza, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli kimi mərkəzi küçələrində fəaliyyət göstərən brend geyim mağazaları fəaliyyətini dayandırıb və bu obyektlərin üzərində "icarəyə verilir” elanları asılıb. Müştəri qıtlığı və böhranla üzləşib fəaliyyətinə son qoyan bu mağazaların sırasına artıq yeniləri də qoşulub. Yəni təkcə brend mağazalar deyil, başqa bir çox iaşə obyekti də qapılarını birdəfəlik bağlamalı olub. Belə ki, hazırda şəhərin Azadlıq prospekti, Süleyman Rüstəm, Rəşid Behbudov, Salatın Əsgərova, Şamil Əzizbəyov, Ceyhun Hacıbəyli küçələrində də qapısından "işləmir” məzmunlu elan asan kifayət qədər ticarət və iaşə obyektinə rast gəlmək mümkündür. Onların sayı da az deyil. Özü də fəaliyyətini dayandıran təkcə geyim mağazaları deyil. Siyahıda kafe, çayxana, optika və gözəllik salonları, toy təşkilatçılığı ilə məşğul olan şirkətlər, turizm şirkətləri də yer alıb. Doğrudur, bunu müxtəlif səbəblərlə izah edirlər. Amma fakt budur ki, mağazaların və iaşə obyektlərinin bağlanması halları əsasən bu ilin əvvəlində manatın devalvasiyasından sonra başlayıb.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib ki, bu, iş yerlərinin bağlanması ilə əlaqədardır: "Son müşavirədə dövlət başçısının özü də qeyd etdi ki, 30 minə yaxın iş yeri bağlanıb. Bu, birinci səbəbdir. İkinci səbəb odur ki, insanların kreditlərə çıxış imkanları xeyli dərəcədə məhdudlaşıb. Əvvəllər 2 milyon 3 yüz minə yaxın vətəndaşımız istehlak kreditlərindən mütəmadi istifadə edirdi. Son dövrlərdə kreditlərin verilməsinə dair proseslər sərtləşdirildi. Bunun da səbəbi problemli kreditlərin həcminin artmasıdır. Ona görə də banklar özlərini sığortalamağa çalışır. Buna görə də kredit portfellərini azaltdılar. Bu da insanların alıcılıq qabiliyyətini aşağı saldı”.
Ekspert hesab edir ki, hazırda insanlar elektrotexnika və geyim məhsullarını deyil, ərzaq məhsullarını alırlar: "Çünki geyim, elektrotexnika və zinət əşyalarını almaq üçün pul yoxdur. Onların pulu yalnız ərzaq məhsullarına olan tələbatı ödəməyə çatır. Ona görə də şəhərin mərkəzi küçələrində fəaliyyət göstərən mağazalar bağlanır”.
Ekspert diqqətə çatdırıb ki, Bakının mərkəzində icarə haqları Nyu-York kimi bahalı şəhərdən də çoxdur: "Əlbəttə, bu da iş adamlarına sərf etmir. Onların həmin ödənişləri etməyə gücü çatmır və sahibkarlar məcbur qalıb obyektləri bağlayırlar. Pərakəndə satış xeyli dərəcədə zəifləyib. Bu da mağazaların bağlanması ilə nəticələnir”.
N.Cəfərli hesab edir ki, bu dalğa davam edəcək: "Çünki nə kreditləşmədə, nə də yeni iş yerlərinin yaradılmasında irəliləyiş var. Həm də gələn il 4 milyarda yaxın büdcə xərcləmələri azaldılacaq ki, bu da növbəti işsizlik dalğası yaradacaq”.
Ayyət Əhməd