“Gürcüstan hakimiyyətinə sözümüzü deməliyik”

Zəlimxan Məmmədli: “Mənim millətimlə, bu dövlətin ən böyük dayağı olan Borçalı türkü ilə bu cür yekəxana davranma”



19 oktyabr Gürcüstana şərəf gətirməyən bir gündür. Həmin tarixi ədalətin qara günü adlandırmışıq”. Bu sözləri "Şərq”ə "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstana buraxılmamasına dair bu ölkənin Baş naziri İrakli Qaribaşviliyə ünvanladığı məktubdan danışarkən deyib.

Təşkilat sədri bildirib ki, bu ayın 19 və 20-də bir sıra aksiyalar həyata keçirəcəklər: "Həqiqəti söyləməyin vaxtı çatıb. Səbrimizin bir həddi var. İctimai-siyasi yöndə fəaliyyət göstərən bir adam, yalnız dostluq və qardaşlıqdan danışan, əməli ilə fikirləri üst-üstə düşən, o cümlədən 7 kökəni Gürcüstanda dəfn olunan Z.Məmmədli Gürcüstana buraxılmır. Bu çox gülməlidir. Bəlkə də Gürcüstan üçün ağlamalıdır. Bu, çox məsuliyyətsiz və yekəxana qərar oldu. Ona görə də Gürcüstan siyasi hakimiyyətinə sözümüzü deməliyik”.

Həmsöhbətimiz Gürcüstana buraxılmamasına dair göstərişi verən məmurun kimliyini açıqlayıb: "Əvvəllər düşünürdüm ki, məlum oyunların arxasında bir məmur dayanır. Kəşfiyyat və əks-kəşfiyyat durur. Amma son qərarımı verdim ki, bu şəxs etnik separatçılıqla silahlanan, şovinist düşüncəli, Azərbaycan türkünü sinirə bilməyən Baş nazir İ.Qaribaşvilidir. Elə sizin qəzet vasitəsilə də səslənirəm ki, mənim millətimlə, bu dövlətin ən böyük dayağı olan Borçalı türkü ilə bu cür yekəxana davranma. Onu dəyər kimi qəbul edərsən, sənin olacaq, yox, dəyər kimi qəbul etməzsən, sənin olmayacaq. Bunu Gürcüstanın siyasi hakimiyyəti bütün səviyyələrdə müzakirə etməlidir. Belə oyunlara son qoyulmalıdır. Halal haqqım tanınmalıdır. Yox əgər Gürcüstan bütün qapıları bağlayırsa, bu bizim soydaşlarımıza yuxarıdan aşağı baxmaq anlamına gələcək. Bu toplumun mədəniyyətini qəbul etmək fikrində deyillər. Bu qədər yekəxanalıq olmaz. Onlar Azərbaycan XİN-in notasına da cavab verməli idilər. Aydınlıq gətirilməlidir ki, Z.Məmmədli və müavini Salman Murğuz hansı qəbahətləri edib. Cəmiyyətə məlumatlar verilməlidir”.

Z.Məmmədli hesab edir ki, ona tətbiq olunan yasaq siyasi alverdir: "Bu gediş iki dövlət arasında gərginlik yaratmaq istəyidir. Bir daha açıq şəkildə deyirəm ki, Gürcüstana getməyimi əngəlləyən İ.Qaribaşvili və onun komandasıdır”.

Ayyət Əhməd