Rusiyada “vorzakon”ların 70 faizi gürcülərdir

“Hansısa avtoritetin ölümü, az da olsa, klanı çalxalayır”



Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt restoranında toplaşan kriminal avtoritetləri saxlayıblar. "Qanuni oğru”ların yezidi kürdlərlə gürcü qruplaşmalar arasında yaranan münaqişəni həll etmək üçün "sxodka” keçirdikləri məlum olub.

Toplantıda 9 "oğru” həbs olunub. Bunlar gürcü "Matsik” ləqəbli Qvaramiya Maxare və Nuqraz Torçinava, habelə Roman Musus Lomtadze və Şalva Roko Xuçua, habelə Vitali İzqilov kimi tanınmış kriminal avtoritetlərdir.

Bildirilir ki, yezidi kürd qruplaşması ilə gürcü qruplaşması arasında münaqişə "Ded Xasan”ın öldürülməsindən sonra başlayıb. "Ded Xasan”ın öldürülməsi yezidi kürd klanını başsız qoyub və daxili münaqişələr bir vaxtlar kifayət qədər qüdrətli olan qruplaşmanı parçalayıb. Habelə digər qruplaşmalarla münaqişələrə səbəb olub. Əməliyyat məlumatlarına əsasən "gürcülər” və "yezidilər” Moskvada əsasən ərzaq bazarlarına, o cümlədən Azərbaycandan göy-göyərti və meyvə-tərəvəz idxalına, qumarxanalara, habelə gömrükdə müsadirə olunan mallara nəzarət edirlər. Münaqişə də bu biznes sahələrinin bölüşdürülməsi uğrunda başlayıb. Bəzi ekspertlər hesab edirlər ki, məşhur azərbaycanlı avtoritetlərin ölümündən sonra Rusiyada "oğrularımızın” təsir gücü və nüfuzu xeyli zəifləyib. Ona görə də Azərbaycandan idxal olunan məhsullara bizimkilər deyil, gürcü və kürd avtoritetlər nəzarət edirlər.

Qanuni oğrularla bağlı "Şərq”ə danışan Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov deyib ki, gürcü avtoritetlər hər zaman digər klanlardan güclü olub. Onların güclənməsini bir-iki "oğrunun” ölümü ilə bağlamaq doğru deyil: "Rusiyadakı "vorzakon”ların yarısından çoxunu gürcülər təşkil edir. Demək olar ki, "oğruların” 70 faizi bu millətin nümayəndələridir. İddia etmək düzgün deyil ki, gürcü mafiyası "Ded Xasan”ın ölümündən sonra güclənib. Elə əvvəlcədən gürcü "oğrular” azərbaycanlı avtoritetlərdən nüfuzlu olublar. Bizim "lotular” heç vaxt gürcü "oğrularla” rəqabətə girməyiblər”. Buna baxmayaraq, M.Zeynalov da etiraf edib ki, məşhur "oğruların” ölümü onların sahib olduğu klanların zəifləməsinə səbəb olan amillərdəndir: "Tamamilə təsir etmir demək düzgün olmaz. Hansısa avtoritetin ölümü, az da olsa, klanları çalxalayır. İndi müşahidə olunan bəzi hesablaşmalar da məhz "Ded Xasan”ın ölümündən sonra vüsət alıb. Amma yenə deyirəm, bir-iki oğrunun ölümü hansısa klanın tamamilə sıradan çıxmasına, zəifləməsinə və ya güclənməsinə səbəb ola bilməz. Mafiyalar əvvəldən hansı gücdə olurlarsa, o cür də davam edirlər”. Sabiq rəis deyib ki, qanuni "oğruların” nəzarətindən kənar heç bir sahə yoxdur: "Əgər harda çoxlu gəlir, pul varsa, qanuni oğruların da mütləq orada barmağı var. Bu, birmənalıdır. Təbii ki, hansı klan güclüdürsə, obyekt uğrunda rəqabəti də onlar qazanır”.

İsmayıl