Mehman Əliyev yol polisini dəstəklədi

Piyadaların nəzərinə: hamı üstünə parıltılı elementlər əlavə etsin




Yol-nəqliyyat qəzalarının sayı artdıqca, səbəblər də çoxalır. Gah sürücülər günahkar sayılır, gah da piyadalar. Amma yol infrastrukturuna cavabdeh olanlar heç vaxt özlərini günahkar bilmir. Bu dəfə də Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev piyadaların vurulması ilə nəticələnən qəzalara görə, aşağı-yuxarı, əsasən piyadaları suçlu çıxarıb.

Şöbə rəisi bəzi qəzaların piyadaların diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verdiyini, payız-qış aylarında isə yollarda görüntünün məhdudlaşması ilə bağlı olduğunu deyib. Yağmurlu, çiskinli havada sürücünün görmə imkanları məhdudlaşır. Əhalinin əksər hissəsi də tünd və ya qara rəngli geyimdə olduğundan sürücülər onları ya çətinliklə görür, ya da gördükdə artıq gec olur (yəni, basıb keçirlər - red.). Şöbə rəisi məsləhət də verib: "Yaxşı olar ki, piyadalar üstündə parıltılı element olan paltarlar geyinsinlər. Artıq uşaq paltarlarının əksəriyyətinə işığı əks etdirən elementlər vurulur. Böyüklər də bunu nəzərə almalıdır”.

İndi belə çıxır ki, ölkə əhalisi işıltılı, parıltılı, üstü daş-qaşlı (yalançı daş-qaşdan söhbət gedir - red) paltar geyinməlidir? Bəlkə əlimizdə lampa tutub yolu keçək?! Bu yerdə dünyanı "şmotka” ilə təmin edən çinlilər yada düşür. Çinlilər eşitsə ki, Azərbaycanda işıltılı, parıldayan paltarlara ciddi ehtiyac yaranıb, bütün iş-güclərini atıb, bu geyimlərin istehsalına başlayacaqlar və qaz vurub qazan dolduracaqlar.

Zarafat bir yana. K.Əliyevin söylədiklərində həqiqət çəkisi nə qədərdir? Bəlkə doğrudan da, yolu keçərkən parıltıya, işartıya ehtiyac var?

"Kür” Vətəndaş Qərargahının üzvü, "Turan” İnformasiya Agentilyinin direktoru Mehman Əliyev "Şərq”ə açıqlamasında K.Əliyevin dediklərində həqiqət olduğunu, sadəcə, bir qədər dəqiqləşməyə ehtiyac duyulduğunu bildirdi:

- Söhbət parıltılı geyimlərdən getmir. Geyimin üzərinə parıltılı elementlərin əlavə edilməsindən gedir. Belə bir təcrübə var. Vətəndaşın təhlükəsizliyini təmin etməsi üçün belə parıltılı elementlər mövcuddur. Məsələn, yol polisləri, təcili yardım həkimləri, yol təmirində çalışan fəhlələr, dəmir yolu işçiləri belə geyimlərdən istifadə edir. Bu, təhlükəsizliyin təminatı üçündür. Piyadalar üçün də xüsusi materialdan hazırlanmış lentlər, yaxud qolbaq tipli, qola bağlanan sarğılar olur. Bəzi hallarda bu elementlər şalvara da taxılır. İnsan hərəkət etdikcə, parıltı verir. Bu vasitələr xüsusilə də axşam saatlarında işıldayır və uzaqdan görünür ki, qarşıda piyada yolu keçir. Sürücülər bu işartını 200-300 metrdən görə bilir. Belə lentlərdən, qolbaqlardan istifadə vətəndaşların təhlükəsizliyi baxımından çox yaxşıdır. Bu cür işartılı vasitələri istehsal edib, cüzi məbləğ təyin etməklə, qəpik-quruşa da köşklərdə satmaq olar. Yolu qorxa-qorxa, təşvişlə keçən adam, bu vasitələri məmnuniyyətlə alar və istifadə edər.

Avropa ölkələrində məktəblilərə bu cür vasitələr paylanır. Niyə bizdə də olmasın? Bunlar çox ucuz başa gələn, lakin əhalinin, uşaqların təhlükəsizliyi baxımından effektli vasitələrdir.

M.Əliyev parıltılı vasitələrin olmasını, piyadaların onlardan istifadə etməsini yol infrastrukturuna cavabdeh qurumları məsuliyyətdən azad etmədiyini vurğuladı:

- Paytaxtın yol infrastrukturunda ciddi nöqsanlar var. Mən aeroport yolu ilə hər gün gedib-gəlirəm. O yol yüksək sürət üçün nəzərdə tutulub. Avtomobillər üçün yol əladır. Amma piyadalar üçün şərait o qədər də yaxşı deyil. Piyada keçidləri azdır və vətəndaşlar yolu qorxa-qorxa keçir. Digər yollarda da xeyli sayda problemlər var. İşıqforlar elə qoyulub ki, avtomobilin qarşısında bir avtomobil dayanıbsa, artıq işıqforu görmür. Piyadalar işıqforun nə zaman onlar üçün, nə zaman avtomobil üçün yanıb-söndüyünü anlamır. Bəzi yerlərdə işıqforların vurulma hündürlüyü düzgün deyil, çox aşağıdır. Elə yerlər var, işıqfor yalnız avtomobillər üçün nəzərdə tutulub. Piyadalar yolu nə zaman keçə biləcəklərini özləri tənzimləmək zorunda qalır. Yollarda işıqlandırma sistemləri çatışmır. Elə yollar var, heç bir işıqlandırma sistemi yoxdur. Piyadalar üçün yerüstü keçidlərin zolaqları düzgün çəkilmir. Yeraltı keçidlər də çox yerdə tələbata uyğun gəlmir. Əhalinin sıx hərəkət etdiyi yerlərdə keçid yoxdu, amma tək-tük hərəkət olan yollarda, baxırsan ki, piyada keçidi tikilib, gün ərzində 1-2 adam ondan istifadə edə, ya etməyə. Hesab edirəm ki, rayon icra hakimiyyətləri də, Dövlət Yol Polisi də piyadalar üçün hərəkəti asanlaşdırmaq barədə düşünməlidirlər. Əhalinin sıx hərəkət etdiyi yollarda keçidlər tikilməlidir, piyada keçid zolaqları çəkilməlidir. Həm də bu zolaqlar elə qatqı maddələri ilə çəkilə bilər ki, uzun müddət keçid işlək vəziyyətdə qalar, gecə saatlarında isə işıldayar və piyadalar üçün də əlverişli olar. Məsələn, dünyanın bir sıra ölkələrində yeraltı keçid tikməyə o qədər də üstünlük vermirlər. Avtomobillərin hərəkətdə olduğu yollarda ikitərəfli yerüstü modul tipli keçidlər inşa edirlər. Bunu etmək çox asan bir işdir. Xiyabanlar arasında dar piyada keçidləri inşa edirlər, insanlar əziyyət çəkmədən bu keçidlər vasitəsilə yolun qarşı tərəfinə rahatca keçir. Bundan başqa düyməli işıqforlar quraşdırmaq mümkündür. Hərəkətin intensiv olduğu yerlərdə, piyada yolu keçmək istədikdə düyməni bassın, avtomobillər qısa fasilə ilə dayansın. Yol infrastrukturu ilə bağlı xeyli işlər görmək olar. Bu sahənin mütəxəssisləri də var, dünya təcrübəsi də mövcuddur. Qonşu dövlətlərdə yol-nəqliyyat infrastrukturu çoxdan həllini tapıb. Öyrənsinlər, səmərəli təcrübəni tətbiq etsinlər.

M.Əliyev əhalinin maarifləndirilməsinə, yol hərəkəti qaydaları, təhlükəsizliklə bağlı reklam çarxlarının efirlərdə tez-tez nümayiş etdirilməsinə ehtiyac olduğunu da bildirdi.

Məlahət Rzayeva