Ədəbi nəşrlərə maraq azalıb

Qulu Ağsəs: “Şoulaşmış oxuculardan ədəbiyyat adamı düzəltmək mümkün deyil”
Fərid Hüseyn: “Məni tam mənada qane edən dərgi “Kitabçı” jurnalıdır”


Aydın Xan: "Düzü, internet əsrində kağız dərgilərin çıxmasına qəribə baxıram”

Babək Göyüş: "İnternet portalları bu jurnalları demək olar ki, kölgədə qoyub”

Əkbər Qoşalı: "Həmin jurnallara ayrılan vəsaitə mən və mənim komandam daha yaxşı jurnal buraxardıq”

(əvvəli ötən sayımızda)







Ədəbiyyatın inkişafına təkan vermək, yeni yazarları və onların əsərlərini oxuculara təqdim etmək daim qəzet və jurnalların da ümdə missiyalarından biri olub. Mətbuat tariximizə nəzər salanda da bunu görmək olar. Bir sıra qəzetlər və jurnallar XX əsrin əvvəllərində ədəbiyyatın və ədəbiyyat nümayəndələrinin tanınmasına, inkişafına təkan verib.

Onlar yalnız yazıçı ilə oxucu arasında körpü olmayıb. Onların missiyası hansısa yeni əsərin təqdimatı ilə məhdudlaşmayıb. Zaman-zaman dərgilərin ədəbiyyatın yönünü müəyyənləşdirdiyini, ədəbi prosesə istiqamət verdiyini, onu diri tutduğunu bilirik. Dərgilərin ətrafında bir ədəbi xəttin, dünyagörüşün tərəfdarı olan yazarlar toplaşıb, qarşı görüşdə olan dərgilərin bir-biri ilə "müharibə”si ədəbi prosesə rəng qatıb, onun özünü canlı orqanizm kimi hiss etməsinə yol açıb.

Çar Rusiyası və 19-20-ci əsrlər Avropasına xas ədəbi dərgilər ətrafındakı yazıçı birlikləri daha effektli, daha dinamik, daha rəngarəng, daha faydalı olub. Bununla belə sovetlər dövründə də Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatlar müəyyən qədər ədəbi prosesləri özündə əks etdirib.

Ancaq son illərdə Azərbaycanda ədəbiyyata marağın azalması ədəbi nəşrlərdən də təsirsiz ötüşməyib. Ölkədə ədəbi nəşrlər fəaliyyət göstərsə də, onları oxuyanların sayı həddindən artıq azdır. Bu məqam da istər-istəməz nəşrlərin fəaliyyətinə mənfi təsir göstərir. Ədəbiyyatla bağlı jurnal və qəzetlərin fəaliyyətində müəyyən dərəcədə zəiflik hiss olunur. Eyni zamanda yazılanların bir çoxunda zamanla ayaqlaşma istiqamətində problemlərin olduğu da diqqət çəkir.

Azərbaycanda fəaliyyət göstərən ədəbi jurnalların durumu ilə bağlı "Şərq”ə danışan lUlduz» jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib ki, Azərbaycanda ədəbi dərgilərə ögey münasibət var və bu, son zamanlar daha qabarıq hiss olunur. Onsuz da sayı çox az olan ədəbi jurnalları qəzet köşklərində tapmaq olmur.

Q.Ağsəsin sözlərinə görə, bütün bu çatışmazlıqlara rəğmən Azərbaycanda ədəbi-bədii nəşrlərin oxunma səviyyəsini qaldırmaq olar. Bunun üçün də ilk növbədə ədəbiyyat adamları, ədəbiyyatsevərlər bədii jurnallara abunə olmalıdır. Çünki nəşri əldə etməyin ən asan yolu abunədir. Bu gün köşklərdə ədəbi nəşrlərə qarşı ögey münasibət var. Orada ən az 70-80 adda məmulatlar satılır ki, ədəbiyyat dərgiləri həmin məmulatların arasında itib-batır. Dəfələrlə şahidi olmuşam ki, redaktoru olduğum "Ulduz” jurnalının yenicə nəşrdən çıxan sayını ayaq altına atıblar. Yaxud da, sarı mətbuat orqanlarını, manşetləri çır-çır çığıran qəzetləri, siqaret qutularının arxasında gizlədiblər. Soruşanda isə ümumiyyətlə elə bir dərginin satışda olmadığını deyirlər. Görün, zəmanə hardan-hara dəyişib? Real faktlara söykənməyən, ajiotaj yaradan media orqanları köşklərin vitrininə qoyulur, maarifləndirici informasiyalar yayan qəzetlər, jurnallar isə arxaya atılır. Buradan belə bir məntiqi nəticə çıxır ki, biz bu gün biabırçı işlərimizi açıb, piştaxtaya qoyuruq. Abırlı, nümunəvi işlərimizi isə gizlədirik ki, heç kəs xəbər tutmasın. Ayıbmış kimi bundan utanırıq. "Ulduz” jurnalı Azərbaycanda ən yüksək poliqrafiyası olan dərgilərdən biridir. Üz qabığı məsaməli olan yeganə jurnal "Ulduz”dur. Jurnalı alanlara üstündə hər ay disk və ya kitab veririk. Onların ümumi dəyəri bizə 10 manat civarında düşür. Amma biz bunu alıcılara cəmi 2 manata təqdim edirik. Jurnalda təqdim etdiyimiz məlumatların keyfiyyətinə isə heç bir şübhə ola bilməz. Biz "Ulduz” jurnalını lsənət sənət üçündür» prinsipi ilə nəşr edirik. Məgər 3000-5000 ədəbiyyatsevərimiz yoxdu? Əlbəttə, var. Sadəcə olaraq, biz çalışıb həmin adamlarda yenidən ədəbiyyata maraq oyatmalı, onları ədəbi dərgiləri almağa sövq etməliyik. Elə götürək sizin "Şərq” qəzetini. Vaxtı ilə ölkədə satılan ən yüksək tirajlı qəzetlərdən biri idi. Amma indi "Şərq” kimi milli-mənəvi dəyərlərə söykənən, real hadisələri özündə əks etdirən qəzet də tiraj məsələsində manşet arxasınca qaçan qəzetlərə uduzmağa başlayıb. Amma bu, müvəqqəti bir mərhələdir. İnsanlar müəyyən müddətdə təsir altına düşür və pis vərdişlərə aludə olur. Amma nə vaxtsa bütün parıltılı şeylər öz parıltısını itirir və əslində onların nə qədər sönük olduğu üzə çıxır. Əminəm ki, artıq gün o gündür. Çox qısa bir vaxtda oxucular yenidən ciddi nəşrlərə ehtiyac duyacaq və "Şərq” kimi qəzetlər də öz haqlı tirajlarını bərpa edəcəklər. Amma bunun üçün oxucularla naşirlər əməkdaşlıq etməlidir. Hazırda bu sahədə çox ciddi boşluqlar var. Biz əvvəlki münasibətləri bərpa etməliyik. Artıq tok-şouların dövranı bitib. Çox şükür ki, artıq MTRŞ bu istiqamətdə kəskin mövqe ortaya qoyub və real addımlar atır. Hay-küylü mətbu orqanlar oxucuları yanlış istiqamətə çəkdikləri üçün cəmiyyətimizin səviyyəsi də aşağı düşüb. Amma burada mətbu orqanlardan daha çox televiziyalarda günah görürəm. Səhərdən axşama kimi şou proqramlara baxan adam ciddi ədəbiyyat nümunəsi oxuyası deyil ki? Yaxud da, hövsələsi çatıb, hansısa ədəbi araşdırmaya vaxt ayırmaz. Qısası, şoulaşmış oxuculardan ədəbiyyat adamı düzəltmək mümkün deyil. İnanıram ki, insanlar yaxın zamanlarda şou xəbərlərdən bezib, ciddi ədəbiyyata, ədəbi dərgilərə ehtiyac duyacaqlar.

Şairin sözlərinə görə, ədəbi nəşrlərə oxucu marağının az olmasının bir səbəbi də təbliğatın olmaması ilə bağlıdır: lBu məsələdə razıyam ki, təbliğatımız o qədər də yaxşı qurulmayıb. Əvvəllər televiziyalarda ədəbi verilişlər var idi ki, ədəbi dərgilərlə bağlı tamaşaçıları məlumatlandırırdı. İndi onlar da yoxdur. Əgər qəzetlər, televiziyalar ədəbi dərgilərin təbliğatını aparsalar, oxucu sayımız artar».

Qəzet əlavələrinə gəldikdə isə Q.Ağsəs deyib ki, bugünkü gündə "525-ci qəzet” və "Kaspi” qəzetlərində bu layihə kifayət qədər uğurla həyata keçirilir və oxucular tərəfindən sevə-sevə oxunur. Hesab edirəm ki, digər qəzetlər də bu layihəyə imza atsalar, onlar da uğur qazanarlar. Hər halda həftədə bir dəfə oxucularına ədəbiyyat təqdim etmək qəzetlərə başucalığı gətirər. Həm də tirajını artırar.

Gənc yazarların ədəbi dərgilərdən giley-güzarına gəldikdə isə Q.Ağsəs "Ulduz” adına bu ittihamların əsassız olduğunu deyib: "Dəfələrlə olub ki, tanımadığım adamların sosial şəbəkələrdə rastlaşdığım şeirlərini özündən belə xəbərsiz çap eləmişəm. Onları dəvət edib, öz yardımlarımızı təklif etmişəm. "Ulduz” un hər bir sayı gənclərlə söhbət və onların əsərləri ilə başlayır. Hər ay mütəmadi olaraq başqa bir gəncin dərgidə kitabını çap edirik. Yəni ki, "Ulduz” jurnalı hər zaman gənclərin üzünə açıq olub, öz səhifələrində onlara yer verib. Ola bilər ki, kiminsə yazıları bizi qane etməyib deyə, onun əsərlərini işıqlandırmamışıq. Azacıq istedadı olan heç bir gənci əliboş qaytarmamışıq.

- Deyilənə görə, ədəbi nəşrlərdə ancaq baş redaktorların yaxınlarının cızmaqaraları təbliğ olunur?

- Mənim bütün dostlarım, yaxınlarım istedadlı adamlardır. Daha doğrusu, istedadı olan hər kəs mənim dostum, doğmamdır. "Ulduz”da heç vaxt istedadsız yazarın əsəri çap olunmur.

Gənc şair Fərid Hüseyn isə deyib ki, Azərbaycanda çıxan ədəbiyyat jurnallarının arasında onu tam mənada qane edən dərgi "Kitabçı” jurnalıdır: lDigər jurnallardasa ancaq hansısa yazı və ya rubrikalar məni qane edir, bütövlükdə yox”.

Yazıçı-kulturoloq Aydın Xan hesab edir ki, Azərbaycanda nəşr olunan ədəbi jurnallar ədəbiyyatımızın ümumi simasının göstəricisidir: "Düzü, internet əsrində kağız dərgilərin çıxmasına qəribə baxıram. Bir tərəfdən də kitab nəşrinin belə asan olduğu bir vaxtda jurnallara nə ehtiyac? Fəqət bir problem də var ki, bu jurnallar, xüsusən də AYB-nin nəşrləri bir çox yazarların yeganə çap imkanı, qonorar almaq vasitəsi və bəzilərinin iş yeridir. Oxucu marağının da ölməsi ona gətirib çıxarıb ki, 500 tirajla çıxan jurnallar ədəbi prosesi canlandıra bilməsələr də, ədəbiyyat tarixinin salnaməsinə çevrilirlər”...

Yazar-publisist Hafiz Mirzə hesab edir ki, Azərbaycanda çıxan populyar ədəbi jurnallar arasında "Azərbaycan”, "Ulduz”, "Literaturnaya Azerbaydjan” və”Alatoran”ı tanıyır: "Amma heç birini mükəmməl hesab etmirəm. Təkcə bədii səviyyəsi ilə deyil, dizayn və reklamına görə də ANS-in buraxdığı jurnallardan geri qalır. Yüksək keyfiyyətli jurnala böyük pul lazımdır. Müəllifdən keyfiyyətli məhsul almaqdan ötrü ona yüksək qonorar verməyə qadir olmalısan. Bizdə isə jurnalda dərc olunmağı təkcə prestij hesab edirlər. Moda, dizayn, qadın, uşaq jurnallarının səviyyəsi və alıcılıq qabiliyyəti ədəbi jurnallardan üstündürsə, deməli, mədəni səviyyə də hələ aşağıdır”.

Yazar-publisist Babək Göyüş isə hesab edir ki, ilk növbədə Azərbaycanda çıxan ədəbi jurnalların tərtibatı "Alatoran” jurnalından savayı ürəkaçan deyil: "Çünki oxucu jurnalı əlinə götürəndə onun vizual gözəlliyindən zövq almalıdır. Sonra Azərbaycan Yazıçılar Birliyinin iki jurnalı da daxil olmaqla jurnallarda ara-sıra müasir ədəbi zövqlə ayaqlaşan hekayə, şeir və romanlar dərc olunur. Ancaq artıq internet portalları bu jurnalları demək olar ki, kölgədə qoyub, çünki heç kəs monitoru tərk edib köşklərə və kitab dükanlarına üz tutmur”.

Şair Əkbər Qoşalının fikrincə, indi Azərbaycanda çıxan ədəbiyyat jurnallarının səviyyəsi qaneedici deyil: "Götürək AYB-nin jurnallarını. Hərdən fikirləşirəm: həmin jurnallara ayrılan vəsaitə mən və mənim komandam daha yaxşı jurnal buraxardıq. Bu sahədə hansı tədbirlər görmək olar? İlk növbədə, jurnallarda kadr islahatlarına getmək, jurnalların reklamını, yaradıcı heyətin oxucularla görüşlərini keçirmək, özəlliklə, bölgələrə çıxmaq yararlı olar, deyə düşünürəm. Büdcədən maliyyələşməyən jurnalların da özünəməxsus problemləri var. Bu da ilk sırada maliyyə ilə bağlıdır”.

Şəymən