Əvvəla sürücülərə mədəniyyət aşılanmalıdır

Avtobuslar üçün xüsusi zolaqları hər küçəyə çəkmək olmaz

"Bəzən deyirlər ki, sarı zolaqlardan ictimai nəqliyyat vasitələri üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqları kimi istifadə olunsun. Amma bu, yanlış yanaşmadır. Onlar silinib, avtobuslar üçün yeni zolaq çəkilməsini daha məqsədəuğyun hesab edirəm. Çünki ictimai nəqliyyat üçün zolaqlar yolun sağ tərəfində olmalıdır, sol tərəfində yox"


Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqların ayrılmasına başlanılıb.

Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının siyahısını müəyyənləşdirib, bu zolaqlarda göstərilən növ nəqliyyat vasitələrinin hərəkətinin təşkili ilə bağlı təklifləri Komissiyaya təqdim edib. Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası da Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün 6 yerdə xüsusi zolaqların ayrılması barədə qərar verib. Hazırda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti birlikdə həmin xüsusi zolaqların ayrıldığı yolların keçdiyi küçə və prospektlərin adlarını müvafiq qaydada dəqiqləşdirir. Məlumatı təsdiqləyən Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı isə deyib ki, Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqlar ayrılıb, bir neçə günə xüsusi zolaqların keçdiyi küçə və prospektlərin adı ictimaiyyətə açıqlanacaq: "Hazırda xüsusi zolaqların keçdiyi ərazilərin adı dəqiqləşdirilir. Bu proses bir neçə günə başa çatacaq və xüsusi zolaqların keçdiyi küçə və prospektlərin adı ictimaiyyətə açıqlanacaq”.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, əksər Avropa ölkələrində xüsusi fərqləndirilmiş hərəkət zolaqları var. Lakin həmin ölkələrdə bu zolaqlar operativ nəqliyyat vasitələri üçün yox, yalnız ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulub:

"Bu zolaqların çəkilməsində əsas məqsəd sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkətini maneəsiz, yüksək səviyyədə təşkil etməkdir. Üstəgəl, yol hərəkəti qaydaları imkan verir ki, zərurət olduğu halda operativ nəqliyyat vasitəsi hesab olunan avtomobillər həmin zolaqdan istifadə etsinlər”.

Ərşad Hüseynovun sözlərinə görə, ictimai nəqliyyat üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqlarını Bakının bəzi küçələrində tətbiq etmək olar: "Bəzən deyirlər ki, sarı zolaqlardan ictimai nəqliyyat vasitələri üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqları kimi istifadə olunsun. Amma bu, yanlış yanaşmadır. Onlar silinib, avtobuslar üçün yeni zolaq çəkilməsini daha məqsədəuğyun hesab edirəm. Çünki ictimai nəqliyyat üçün zolaqlar yolun sağ tərəfində olmalıdır, sol tərəfində yox. Bununla yanaşı, bu zolaqlar hər bir yolda yaradıla bilməz, bunun üçün müvafiq yollar olmalıdır. Həmin zolaqlara başqa cürə nişanlar vurulur, onlar yolun ən sağ hərəkət hissəsində yaradılır. Əlavə olaraq əsas şərt kimi eyni istiqamətdə ən azı üç zolaq olması göstərilir. Yəni iki və bir zolaqlı yollarda bunu etmək düzgün deyil. Buna görə Bakıda ictimai nəqliyyat üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqlarının 10-15 küçədə olması mümkündür. Həmçinin yolun sağında ictimai nəqliyyat üçün zolaq yaradılırsa, həmin zolaqda optimallaşdırma işləri aparmaq lazımdır: "Dayanma”, "durma”nı qadağan etmək və s. məsələlər”.

Bu zolaqların çəkilməsi üçün ilk öncə avtobus sürücülərinin mədəniyyətinin, etikasının nəzərə alınmalı olduğunu deyən ekspert sürücülərin qanun-qaydalara riayət etməsindən danışıb: "Əgər bir sürücü yolda hərəkət zamanı işıqforun qırmızı işığına əməl etmirsə, qoşa xətt qaydasına riayət etmirsə, "Yol hərəkəti haqqında” qanunun bir maddəsini belə bilmirsə, onun üçün nə ayrıca zolaq yaradılmalıdır? Hər bir işə başlanğıcdan, yəni mədəniyyətdən başlamaq lazımdır”.

Ekspert Bakıda sovet dövründə ictimai nəqliyyat üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqlarının mövcud olduğunu da xatırladıb: "Sovet dövründə ictimai nəqliyyat üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqları var idi. Misal üçün, həmin zolaqlardan biri keçmiş Lenin prospektində (indiki Azadlıq prospekti) olub”.

Şəymən