“Hakimiyyətlə yenə ortaq məxrəc axtaracağıq”

“Azadlıq-2015” siyasi birlik kimi fəaliyyətini davam etdirəcək


Noyabrın 1-də keçirilən parlament seçkiləri ilə əlaqədar yaradılan "Azadlıq-2015” seçki bloku buraxılıb.

Xatırladaq ki, 7 partiyanın təmsil olunduğu blok parlament seçkilərində 20 deputatlığa namizəd vermişdi. Onlardan heç biri namizədliyi irəli sürülən seçki dairəsində lider ola bilməyib. Blokun buraxılması ilə bağlı "Şərq”ə danışan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, 7 partiyanın əməkdaşlığı seçki yox, siyasi blok çərçivəsində davam edəcək: "Praktikaya əsasən siyasi partiyalar seçkidə birgə iştirak etmək üçün müxtəlif bloklar yaradırlar. Biz də bu məqsədlə seçki öncəsi "Azadlıq-2015” bloku yaratdıq. Ancaq seçki bitəndən sonra həmin blokun fəaliyyət göstərməsi əhəmiyyət kəsb etmir. Ona görə də seçki blokunu buraxmaq qərarına gəldik. Ancaq biz seçki blokunu buraxdıq, "Azadlıq-2015” adlı siyasi birlik çərçivəsində əməkdaşlığımızı davam etdirəcəyik. Yəni bloku tam buraxmamışıq”. Ə.Orucun sözlərinə görə, blokda təmsil olunan partiyalar birliyin yürütdüyü siyasi kursa redaktələr etmək qərarına gəliblər: "Bundan sonrakı fəaliyyətimizdə əvvəlki kursumuzun bir qədər modifikasiya olunmuş şəkildə davam etdirilməsini doğru hesab etdik. Yəni müxtəlif məsələlərin həllində hakimiyyətlə bir yerdə ortaq məxrəc axtarmaqla və bu istiqamətdə dialoqa yönəlik təşəbbüslər göstərməklə bağlı blok daxilindəki qarşıdurmalara son verməyi daha məqsədəuyğun bildik”.

İsmayıl