Xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnmiş yol qəzasının səbəkarı Xalid Mədətov Ali Məhkəməyə müraciət edib. X. Mədətov barəsində olan hökmdən kassasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti əsasında məhkəmə prosesi noyabrın 17-nə təyin olnub.
Məsələ ilə bağlı Modern.az saytına danışan tarzən A.Abdullayev edilən müraciətlərin mənasız olduğunu bildirib: "Artıq neçənci dəfədir ki, məhkəmənin qərarından şikayət verirlər. İndiyə qədər verilən şikayətləri təmin olunmayıb. Yenidən Ali Məhkəməyə müraciət edib. İstənilən halda qərarın dəyişdirilməsini mümkün hesab etmirəm”.
Xalq artisti deyib ki, bu qərarı dəyişdirməyə heç kimin ixtiyarı yoxdur: "Araşdırma aparılıb, istintaq gedib, hər şey təsdiq olunub. Məhkəmə iş kəsib, apelyasiya şikayəti verib, təmin edilməyib. Yenidən müraciət etməsi yersizdir. Çünki, bundan sonra qərar dəyişə bilməz. Mən bu barədə Ali Məhkəməyə də yazıb bildirmişəm. Məsələni yenidən qurcalamaqda məqsədləri nədir, anlamıram”.
A.Abdullayev "Bundan sonra kompromisə getmək barədə düşünərsinizmi” sualına "qətiyyən, məhkəmə nə qərar veribsə odur, cəzasını çəksin!” deyə cavab verib. 2014-cü il martın 15-də Suraxanı rayonu ərazisindəki Zığ şossesində X.Mədətovun idarə etdiyi "Mercedes-Benz Gelandewagen-55” markalı avtomobil xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi "VAZ-2106”a çırpılıb. Nəticədə "VAZ-2106”da olan sərnişinlər - xalq artsitinin həyat yoldaşı Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. Tarzən Ağasəlim Abdullayev və onun gəlini Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub. Qəzadan iki gün sonra X.Mədətovun atası Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.Mədətovun vəkilləri apelyasiya şikayəti verib. Onlar müdafiə etdikləri şəxsin barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyiblər. Apelyasiya şikayəti təmin edilməyib.