ABŞ prezidenti və Ərdoğanın görüşünə Türkiyədən böyük heyət qatılıb
Noyabrın 15-də Antalyada G-20-liyə, (Böyük iyirmiliyə) daxil olan dövlətlərin sayca 10-cu sammiti öz işinə başlayıb. Dünyanın iqtisadi cəhətdən inkişaf eləmiş 19 ölkəsini və Avropa Birliyini birləşdirən G-20 formatında zirvə toplantısına qardaş ölkə ilk dəfədir ki, ev sahibliyi edib. Fransa Prezidenti Olland şənbə günü Parisdə törədilən terror aktlarına görə Türkiyəyə gəlməyib. Onu Fransanın xarici işlər naziri əvəz edib. Argentina Prezidenti isə seçkilər səbəbindən Zirvə görüşünə qatılmayıb.
3 min 5 yüz KİV nümayəndəsinin izlədiyi Sammitdə misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilib. Bölgə administrasiyası tərəfindən noyabrın 9-dan 18-dək hər hansı mitinq, nümayiş, yürüş, tətil, ictimai və ya etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub. Yerli mətbuatın məlumatına görə, sammitə hazırlıq işlərinə 100 milyon dollardan çox vəsait sərf edilib. Dünyanın iqtisadi baxımdan ən qüdrətli ölkələrinin, aparıcı maliyyə qurumlarının rəhbərləri Zirvə görüşündə bir araya gələrək qlobal proseslərin və problemlərin müzakirəsinə başlayıblar. Əsas diqqət iqtisadiyyatın mövcud durumu, beynəlxalq maliyyə sistemi, böhran tendensiyası və onun qarşısının alınması, enerji təhlükəsizliyi, işsizlik kimi sosial-iqtisadi mövzulara yönəlib. Eyni zamanda dünya liderləri digər qlobal problemlərin - qanlı münaqişə ocaqları, xüsusən Yaxın Şərqdə yaranmış vəziyyət, miqrasiya problemi, beynəlxalq terror (İŞİD) təhlükəsi və onunla mübarizə yollarını müzakirə ediblər. Sammit çərçivəsində 5 çərçivə sazişinin də imzalanması gözlənilir. Ali toplantının sonunda isə "Antalya bəyannaməsi” qəbul ediləcək. Onu da qeyd edək ki, Parisdəki terror hücumları ilə əlaqədar sammitin proqramında iştirakçılar üçün nəzərdə tutulmuş konsert və əyləncəli tədbirlər ləğv edilib.
Liderlər ucuz otellərdə qalıblar...
Türkiyənin Antalya şəhərində keçirilən G-20 sammitində iştirak edən dünya liderlərinin bəziləri gecələmək üçün Bələkdəki lüks villaların yerinə adi otel nömrələri seçiblər. Yaponiyanın Baş naziri Sinjo Abe gecəsi 10 min avro olan Prezident nömrəsindən imtina edərək, qiyməti 1200 avro olan oteldə nömrəsində qalıb. İspaniyanın Baş naziri Mariano Rahoy isə bir gecəsi 600 avro olan standart otaqda yerləşib. İndoneziya Prezidenti Coko Vidodonun "İC Santai”dakı otağının bir günlük qiyməti isə 250 avrodur. Türkiyə Xarici İşlər Nazirliyi otel sahiblərinə qonaqlar üçün qiymətlərin 300 avrodan aşağı olmasını tövsiyə edib. Beləliklə, Antalyada normal otellərin bir günlük qiyməti 120-375 avro arasında dəyişib. Ölkə liderlərinin gecələməsi üçün nəzərdə tutulan özəl villaların qiyməti isə bir gecə üçün 2 min-20 min civarında nəzərdə tutulub.
Sammit ərzində Suriya böhranı geniş müzakirə edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə liderlərini bir-bir qəbul edib və salamlayıb. Sammitin açılış günü onun və xanımı Əminə Ərdoğanın adından dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər. Məlumata əsasən, Ankara G-20-yə sədrliyi dövründə iştirakçı ölkələrin diqqətini bu təşkilata daxil olmayan dövlətlərə cəlb etmək niyyətindədir. Sammit ərzində enerji məsələlərindən başqa, bəzi ölkələrin liderləri ilə Suriya böhranı da geniş müzakirə edilib. Təbii ki, Azərbaycanın qonaq statusunda inkişafı ona öz əsas problemlərini bu mötəbər təşkilat çərçivəsində bir daha diqqət mərkəzinə gətirmək üçün unikal fürsət yaradır. Dünya siyasətini müəyyən edən liderlərlə iki və çoxtərəfli görüşlər belə imkanları açır. Müşahidəçilərə görə, xüsusilə də indiki həssas dönəmdə, Azərbaycanın Qərblə münasibətlərində konfrontasiyanın davam etdiyi dövrdə Bakının G-20 zirvəsində iştirakı mühüm önəm kəsb edir.
İlham Əliyev G-20 sammitində çıxış edib
Dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayıb və Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib. Sammit çərçivəsində iqtisadi inkişaf, sərmayələr və məşğulluq mövzusunda çıxış edən İlham Əliyev son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edərək, ölkədə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.
Ərdoğan-Obama görüşü, təfərrüatlar...
Sammit çərçivəsində Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə görüşüb. Görüş bir saat çəkib və görüşə gözləniləndən də artıq rəsmilər qatılıb. CNN Türkün xəbərinə görə, G-20 zirvəsində bu cür görüşlərdə xarici işlər naziri kimi bir və ya iki rəsmi şəxs iştirak edir. Obama-Ərdoğan görüşünə isə Milli İstihbarat Təşkilatının məsləhətçisi və bəzi millət vəkilləri də daxil olmaqla, böyük bir heyət qatılıb. Türkiyə ilə ABŞ arasında belə geniş tərkibdə görüş üç il əvvəl Ağ Evdə baş tutub. Obama ilə Suriya məsələsini müzakirə edən Ərdoğan deyib ki, G-20 zirvəsində beynəlxalq terrorizmə qarşı mövqelər çox kəskin və dəqiq ifadə edilib: "İŞİD-lə mübarizə ilə bağlı müzakirələrimiz oldu. Koalisiya güclərinin bundan sonra atacağı addımları da dəyərləndirdik. Strateji tərəfdaş olaraq bundan sonra da dünyada sülhün bərqərar olması üçün əməkdaşlığımızı davam etdirməyə qərarlıyıq”. Ərdoğanın sözlərinə görə, Parisdə, Ankarada istənilən yerdə baş verən terror hadisəsi bu təhlükənin kollektiv xarakter daşıdığını və hamıya aid olduğunu sübut edir: "Biz bu toplantıda terrorizmə qarşı qəti mövqeyimizi nümayiş etdirəcəyik”. Bu açıqlama Obama və Ərdoğanın terrorizmlə bağlı verdiyi birgə bəyanat kimi qiymətləndirilir. Obama isə bildirib ki, Ankaradakı terror hadisəsində olduğu kimi, Fransadakı terror da günahsız insanları hədəf alıb: "Bu, bütün insanlığa qarşı hücumdur. Türkiyə həm İraq, həm də Suriyada İŞİD-lə mübarizədə əhəmiyyətli tərəfdaşdır. Hazırda Suriyadakı fəlakətli mənzərəni aradan qaldırmaq üçün əməkdaşlığa davam edir”. Amerika lideri əlavə edib ki, Ərdoğanla Türkiyə Suriya sərhədində İŞİD təhlükəsi ilə necə mübarizə aparılacağını da müzakirə ediblər. O, Türkiyənin 2 milyon qaçqına sahib çıxdığını da diqqətə çatdırıb: "ABŞ da suriyalılara insani yardım göndərməyə öncüllük edən ölkələrdən biridir. Digər ölkələrin də bu yöndə nələr edə biləcəyini danışdıq”.
Liderlər arasında qaz anlaşması
G-20-nin Antalya sammitində diqqət çəkən məqamlardan biri də "qaz müharibəsi”ndə yeni dövr başlada biləcək razılaşmanın olmasıdır. Ekspertlərə görə, uzun müddətdir dalana dirənən "Türk axını” layihəsində yenidən canlanma müşahidə oluna bilər. Bu barədə razılaşma Rusiya Prezidenti Putinlə Türkiyə Prezidenti Ərdoğanın görüşündə əldə edilib. Liderlər Türkiyədə yeni hökumətin formalaşmasından sonra "Türk axını” layihəsinin reallaşması istiqamətində danışıqların bərpa olunması qərarını veriblər. Rusiyanın Energetika İnstitutunun maliyyə üzrə direktoru Aleksey Beloqorev deyib ki, "Türk axını”nın yenidən hərəkətlənməsi üçün yüksək səviyyədə görüş lazım idi: "Türkiyə əvvəlki kimi bu layihənin reallaşmasında maraqlıdır. Lakin bunun qarşısında maneələr var idi. Ankara istəyir ki, Rusiya kəmərin tikintisini özü həyata keçirsin. Çünki kəmərin kiçik sahəni əhatə edən quru sahəsi Türkiyəyə iqtisadi xeyir vermir. Buna görə də o, qaz təchizatının indiki sxemini dəyişdirməyə ehtiyac görmür. Rusiya onda maraqlıdır ki, bu qaz kəməri Avropa Birliyi ölkələri, həmçinin, Balkanlardakı istehlakçıları təmin edəcək. Türkiyə isə təkcə tranzit deyil, həm də Rusiya ilə bərabərhüquqlu tərəfdaş olmaq istəyir. İndi yüksək səviyyəli görüş oldu və bunun nəticələri bəlli olacaq”.
20 dəqiqəlik Obama-Putin dialoqu...
Zirvə toplantısının iclası ərəfəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Barak Obama arasında qısa dialoq da tutub. Sammitin ilk iclasından əvvəl, işgüzar səhər yeməyində dünya liderləri rəsmi şəkil çəkdirmə mərasimində iştirak ediblər. Bu zaman öz yerinə keçən Vladimir Putin ABŞ-lı həmkarı Barak Obamanın əlini sıxıb və onlar arasında həmçinin qısa söhbət edilib. Rəsmi şəkilçəkmə mərasimindən sonra liderlər işgüzar səhər yeməyinə yollanıblar. Putinlə 20 dəqiqə davam edən görüşün konstruktiv keçdiyini deyən rəsmi Vaşinqton Suriya böhranının müzakirə edildiyini bildirib: "Hər iki lider Suriyada atəşkəsin elan edilməsi və BMT-nin vasitəçiliyi ilə tərəflərin müzakirə masasına oturması barədə razılığa gəlib”. Konfrans zalında çıxış edən BMT-nin Baş katibi Pan Gi Munun çıxışı da əsasən Suriya ətrafındakı vəziyyət, dünyanın qaynar nöqtələrindəki durum, terror hadisələri və s. bağlı olub. O, Fransadakı terror hadisələrini pisləyib. Lakin əfsus ki, "dünyanın qaynar nöqtələri”ndən biri kimi Dağlıq Qarabağ və erməni işğalından söz açmayıb.
İsmayıl