Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) daxilində gərginlik artmaqdadır. Türk mətbuatının yaydığı məlumata görə, partiya lideri Dövlət Baxçalı əslən azərbaycanlı Sinan Oğana qarşı kampaniyaya başlayıb. Baxçalı partiya sıralarından xaric edilən, lakin məhkəmənin qərarından sonra geri qayıdan Sinan Oğanın hakimiyyətin sifarişi ilə hərəkət etdiyini deyib:
"Bu, sarayın (AKP-nin) layihəsidir. Məhkəmə ciddi iş-güclə məşğul olmadığı üçün bu barədə qərarı qısa müddət ərzində verib. Halbuki, seçkilərdən sonra açıq qalan çox ciddi məsələlər var. Kobani hadisəsi ilə bağlı niyə HDP istintaqa cəlb edilmədi?”. Dövlət Baxçalı partiya daxilində növbədənkənar seçkilərin keçirilməməsi üçün lazımi addımlar atılacağını da deyib: "Bu, sadəcə hökumətin planlaşdırdığı bir addımdır. Bunun qarşısını almaq üçün nə lazımdırsa, o da ediləcək. Qoy üzərimizə gəlməyə davam etsinlər. Onsuz da haqqı olmayanlar qurultay zalına buraxılmayacaq. Əslində 1 noyabrdan sonra eyni anda həm MHP-də, həm də CHP-də növbədənkənar qurultayın tələb olunması heç də təsadüf deyil. Niyə HDP-də heç kim qurultay istəmir?”. Xatırladaq ki, MHP lideri sabah (bugün) millət vəkili sayının 80-dən 40-a düşməsi ilə bağlı partiyada qrup toplantısı keçirəcək. Bununla da Baxçalı seçkidən 16 gün keçəndən sonra ilk dəfə kamera önünə çıxacaq. Məlumat üçün bildirək ki, 1 noyabr seçkilərində böyük miqdarda səs itirən və Türkiyə parlamentində deputat sayına görə 4-cü sıraya düşən MHP-də dəyişiklik tələbi geniş vüsət alıb. Artıq MHP sədri Dövlət Baxçalının yerinə namizədlərin bəziləri fəaliyyətə başlayıb. Bunlardan biri də əslən azərbaycanlı, İğdırda anadan olmuş Sinan Oğandır. Sinan Oğan artıq ülkü ocaqları ilə danışıqlara başlayıb. Həmçinin, partiya liderliyinə yüksəlməkdə əsas rəqibi olan Meral Akşenərə qarşı təbliğat aparır. O bildirib ki, partiyası 2023-cü ildə 40 faizə qədər səs toplaya və təkbaşına iqtidar ola bilər. Sinan Oğan bu il 7 iyuna qədər MHP deputatı idi. Lakin sədr Baxçalının yerinə adı keçdiyi və partiyada nüfuzu artan xətlə davam etdiyi üçün iyun seçkilərində MHP-nin deputat siyahısından kənarda qaldı. Bununla da MHP İğdırda yüksək faizlə səs itirdi. Bunun ardından partiyadan da xaric edilən Sinan Oğan məhkəməyə müraciət edərək MHP üzvlüyünü bərpa etməyə nail olub. Elə həmin gündən etibarən partiya sədri ilə S.Oğan arasında gərginlik artmaqdadır.
İsmayıl