Ötən günlərdə Fransanın paytaxtı Parisdə bu ölkə tarixinin ən qanlı terror aktı törədilib. Son məlumatlara görə, partlayış nəticəsində 159-dan çox ölən, 200-dən çox xəsarət alan var. Məlum cinayətin törədilməsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Məlumat üçün bildirək ki, ölkə Prezidenti Fransua Olland 2005-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və sərhədlərin bağlandığını bildirib. Terror aktı ilə əlaqədar F.Olland Türkiyənin Antaliya şəhərində keçiriləcək G20 sammitində iştirakdan da imtina edib.
Bu olaydan sonra dünya liderləri terroru lənətləyən çıxışlar ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəyə münasibətində bildirib ki, artıq terrorla mübarizədə əməli fəaliyyətə keçilməlidir.
Partlayışın səbəblərini "Şərq”ə şərh edən tanınmış analitik Arzu Nağıyev qeyd edib ki, İŞİD belə bir miqyasda terror aktları törədib və bunu açıq şəkildə öz üzərinə götürüb etiraf edirsə, burada onu kənar qüvvələrin təhrik etməsindən söhbət gedə bilməz: "Çünki bu, ciddi hazırlanmış, planlı aksiyadır. Onlar hətta tədbirlərin harada və saat neçədə keçiriləcəyinə qədər hər şeyi ölçüb-biçib, hesablayıblar”.
Ekspert terror aktlarının İŞİD-lə mübarizə aparan digər dövlətlərə qarşı güc göstəricisi olduğunu da istisna etməyib: "Türkiyədə G-20 sammitinin açılışı keçiriləcək. Fransadakı terror aktlarını Türkiyədə baş tutan G-20 sammiti ilə də əlaqələndirmək olar. Yəni dini radikalizm təhdid kimi yenə də öz qüvvəsində qalır. Burada təhlükəsizlik qüvvələrinin zəifliyi ilə yanaşı, qeyd etmək lazımdır ki, terrorçular elə hədəflər seçiblər ki, orada Fransa Prezidenti də iştirak etsin. Terror aktlarının Fransa ilə Almaniya milli komandalarının futbol oyunu, eyni zamanda ABŞ-dan olan musiqiçilərin keçirdiyi konsert zallarında, yəni Fransa ilə yanaşı, Amerika və Almaniyanın da aidiyyətinin olduğu məkanlarda törədilməsi bir çağırışdır. İŞİD bununla bildirir ki, həmişə bu ölkələrlə mübarizə aparacaq, eyni zamanda sizə qarşı dini təhdid həmişə qalacaq. Yəni bunlar təsadüfi seçilməyib”.
A.Nağıyevin qənaətincə, bu hadisə həm də Fransanın miqrant siyasəti ilə də bağlıdır: "Çünki Fransa qaçqın və köçkünlərlə bağlı öz miqrant siyasətini dəyişmişdi. Almaniya da bir müddət əvvəl başqa cür deyirdi, indi başqa cür davranır. Ona görə də bu terror aktları mütləq şəkildə Avropanın miqrant siyasəti ilə də əlaqəlidir. Terror aktının baş verdiyi ərazilərin təhlükəsizlik məsələləri çox yüksək səviyyədə təşkil olunmayıb. Məhz təhlükəsizlik xidmətləri öz işini yüksək səviyyədə qurmadığına görə, bu cür proseslər baş verib. Həm də miqrant axınının qarşısının alınması üçün ciddi tədbirlər görülməsini vacib edir”.
Müsahibimiz bəyan edib ki, Fransadakı terror aktı bir daha sübut etdi ki, dini radikalizmlə mübarizə aparmaq və dini radikalizmi rüşeymində məhv etmək lazımdır: "Fransada baş vermiş hadisələr dini radikalizmin dövlətə və dövlətçiliyə, milli təhlükəsizliyə olan təhdidinin bariz sübutudur”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Fransada baş verən terror hadisəsi faktiki olaraq qətliamdır: "Bu hadisə Türkiyədə keçirilən G20 sammitinin müzakirə mövzusunu dəyişib. Əgər hadisəyə qədər sammitdə ekologiyadan, iqtisadiyyat, Suriyadakı vəziyyət müzakirə olunacaqdısa, artıq müzakirə mövzusu beynəlxalq terror oldu”.
Politoloqun fikrincə, bu qətliamlar bir daha onu sübut etdi ki, dünya ölkələri fikir ayrılıqlarını kənara qoyub beynəlxalq terrorizmə qarşı koalisiya formalaşdırmalıdır: "Doğrudur, indi ABŞ, Rusiya və digər dövlətlər İŞİD-ə qarşı hava zərbələri endirirlər. Ancaq bu, İŞİD-in zərərsizləşdirilməsi üçün kifayət etmir. Mütləq mənada böyük dövlətlər birləşib İŞİD-ə qarşı quru əməliyyatları keçirməlidir. Əks təqdirdə, dünya İŞİD terrorunun girovluğundan qurtulmayacaq. Yəni bu istiqamətdə müzakirələrə başlanılmalıdır”.
Politoloq diqqətə çatdırıb ki, dünya dövlətləri Bəşər Əsədin hakimiyyətdən gedib-getməməsi məsələsinin müzakirəsini kənara qoyub, İŞİD-ə qarşı mübarizəni daha da gücləndirməlidirlər: "Bu məsələlər kənara qoyulmalıdır. Çünki belə qətliamlar fonunda bu məsələnin müzakirəsinin vaxtı da deyil. Hesab edirəm ki, hətta İŞİD-ə qarşı mübarizədə Əsədin imkanlarından da istifadə edilməlidir. Çünki o da bu terror qruplaşmasına qarşı döyüşür. Əgər böyük dövlətlər İŞİD-ə, beynəlxalq terrora qarşı koalisiya formalaşdırmasalar, hər zaman belə qətliamların şahidi olacağıq”.
Politoloq Fikrət Sadıqov isə hesab edir ki, G20 sammiti ərəfəsində Parisdə belə bir terrorun baş verməsi keçiriləcək toplantı ilə bağlı deyil: "Türkiyənin özündə də son zamanlar çox sayda insan terrorun qurbanı olub. Sinay yarımadası səmasında Rusiya təyyarəsinin vurulmasının özü faktiki olaraq terror aktıdır. Yəni terrorçular hansısa bir hadisəni, toplantını əsas götürmürlər. Onların planlaşdırılmış hərəkətləri sivil dövlətlərə qarşı yönəlib. Fransa böyük miqrant axını ilə qarşı-qarşıyadır. Miqrantların arasında İŞİD terrorçuları da var. Terrorçu miqrantlar bunu əvvəlcədən planlaşdırıblar və məqamı gələndə törədiblər. Zənnimcə, reallıq bundan ibarətdir”.
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı isə terror hadisəsinin baş verməsində böyük dövlətləri ittiham edib: "Beynəlxalq terrorizmə qarşı mübarizə boşunadır. Böyük dövlətlərin hər biri 3-5 terror təşkilatı qurub, biri digərinin qurduğu terror təşkilatına qarşı mübarizə aparır. Böyük dövlətlər biri-birlərinə qarşı qurduqları terror təşkilatlarını ləğv etməlidirlər. Çünki zərəri onların düşündükləri qədər az olmur. Terroru kim etdirib və ya edib, bəlli deyil. Amma bu xəmir hələ çox su aparacaq və ənənəvi olaraq müsəlmanlar günahlandırılacaq”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu terror aktı Fransada şərqdən gələn miqrantlara göstərilən sərt münasibətin nəticəsidir: "Fransa Avropada miqrantların ən çox yaşadığı dövlətlərdən biridir. Onların əksəriyyəti isə qiyam əhval- ruhiyəli insanlardır. Bu ölkədə dəfələrlə miqrantların təşkil etdiyi terror aktları baş verib. Digər tərəfdən bu ölkədə Avropanın digər dövlətlərinə nisbətən millətçilik daha çoxdur”.
Politoloq bildirib ki, bütün bunlar Fransada terror şəbəkəsinin mövqelərini gücləndirir: "Fransada digər Avropa dövlətlərinə nisbətən miqrantlar əleyhinə daha çox bəyanatlar səsləndirilir. Elə bu məqsədlə də terror aktı üçün bu ölkə seçilir ki, Avropanın digər ölkələri miqrantlara qarşı sərt qanunlardan və tələblərdən çəkinsinlər. Yaxın şərqdəki münaqişələrə dəstək verməklə özlərini bəlaya salan Avropa dövlətləri indi həmin dəstəyin nəticələrini hiss etməyə başlayıblar. Elə bu səbəbdən də terror hücumları Fransa-Almaniya futbol matçında və ABŞ-ın rok klupunun konsertində baş verib. Bu isə göstərir ki, terror aktı təkcə fransızlara qarşı deyil, bütün Qərb dövlətlərinə qarşı təşkil edilib. Yəqin ki, ABŞ və müttəfiqləri bundan sonra daha ciddi addımlar atacaqlar”.
Q.Hüseynlinin sözlərinə görə, G20 sammitində dövlətlər arasında terrorçuluğa qarşı konkret qərarlar qəbul edilə bilər: "Suriya və İraqda terrorçulara qarşı hətta quru əməliyyatları başlaya bilər. Amma burada Rusiyanın Qərb dövlətləri ilə birlikdə iştirakı real görünmür. Çünki Rusiya bir neçə dəfə verdiyi sözləri tutmadığı üçün bu ölkəyə Qərb dövlətlərinin etimadı qalmayıb”.
Politoloq Zərdüşt Əlizadə isə bəyan edib ki, İŞİD, əslində, ümumdünya miqyaslı layihədir. Bu layihədə Qərb də, Şərq də iştirak edib. Şərq ölkələri də Qərbdən asılı olanlardır və Qərbin göstərişi ilə hərəkət ediblər: "Lakin indi bu İŞİD layihəsi artıq onu yaradanların itaətindən çıxıb və öz ağalarına qarşı istifadə edilir. Vaxtilə Qərb "Taliban”ı da Sovet ordusuna qarşı yaratmışdı, sonra taliblər Qərbin özünə və bəşəriyyətə qarşı çevrildilər”.
Politoloqun fikrincə, İŞİD mümkün qədər guya ona qarşı mübarizə bəhanəsi və Qərbin Yaxın Şərqdə qalması, burada öz qoşunlarını yeritmək, yerləşdirmək və s. məqsədilə yaradılıb: "İndi İŞİD özünün real təhlükə olduğunu göstərmək üçün Parisdə terror aktları təşkil edib. Təbii ki, indi beynəlxalq aləm İŞİD-ə qarşı səfərbər olub. Ona qarşı mübarizənin zərurəti müzakirə olunur. KİV-lər qeyd edir ki, İŞİD bəşəriyyətə təhlükədir, onu vurmaq lazımdır və hesab edirlər ki, Qərb dövlətlərinin orduları olmalıdır ki, onları məhv etsin. Amma onlar elə vuruşacaqlar ki, Barak Obama demişkən, İŞİD-lə mübarizə işi uzun müddət tələb etsin”.
Bununla yanaşı, Z.Əlizadə qeyd edib ki, bu məsələlərdə məqsəd din adından istifadə edib iqtisadi-siyasi hakimiyyətə nail olmaqdır: "Dinlə siyasəti qarışdırmaq olmaz. Din belə məsələlərdə yalnız pərdədir. Bəzən qüvvələr siyasi məqsədlərinə çatmaq üçün dinlə pərdələnirlər. Bəziləri liberalizm, bəziləri insan haqları, digərləri də milli mənafe və millətçiliklə pərdələnir. Əsas isə iqtisadi və siyasi hakimiyyət və mənafe məsələsidir. Ona görə də islam dininin İŞİD-ə heç bir dəxli yoxdur. Biz o qədər xristian terrorçularını tanıyırıq ki, onların sayı heç də "islamçı” deyilənlərdən az deyil və daha qəddardırlar”.
Bununla yanaşı, ekspert hesab edir ki, Parisdəki hadisələrdən sonra müsəlmanlara qarşı məqsədli şəkildə təzyiqlər artacaq: "Bu terror aktlarından sonra Fransada və Avropada müsəlmanlara qarşı şübhələr artacaq, onlara qarşı önləyici ehtiyat tədbirləri görüləcək, hərəkətləri məhdudlaşdırılacaq, onların üzərində xüsusi xidmət orqanlarının nəzarəti güclənəcək. Təbii ki, adını jurnalist qoyanlar məqalə yazıb pul qazanacaq ki, ay qoymayın, islam təhlükədir”.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu vurğulayıb ki, bu, yeni fenomen deyil: "İnsanları qətlə yetirmək, ölkələrə maddi və iqtisadi ziyan vurmaq bugünkü terrorun əsas hədəfi deyil”. Politoloq bildirib ki, müasir terrorçuluq qarşısına daha ciddi və daha qlobal vəzifələr qoyub: "Bir anlığa dünən Parisdə törədilmiş terror aktının ilkin nəticələrini təsəvvür edək: miqrant böhranı yaşayan və elə bu səbəbdən də tədricən radikallaşan Avropa cəmiyyətlərində ksenofobiya artıq siyasi amilə çevrilməkdədir. Bu cür faktlar isə həmin meyilləri bir qədər də stimullaşdırır və belə bir ictimai inkişaf da Avropa ölkələrində baş qaldırmaqda olan radikal və ultraradikal siyasi qruplara, partiyalara əlavə motivasiya verir, Avropa cəmiyyətlərində miqrantların qəbul olunmasına qarşı olanları onların ətrafında daha sıx toplaşmağa sövq edir. Nəticədə radikallaşan Avropada müsəlmanlara nifrət və şübhə artır ki, bu da islamçı radikalların gözləntilərinə tam həcmdə cavab verir, çünki onların əsas ideoloji bazası elə bunun üzərində qurulub. Əzilən, təqib olunan, ayrı-seçkiliyə məruz qalan müsəlmanların "haqqının qorunması”, pozulmuş ilahi ədalətin "bərpa olunması” terrorçuluğun insanların şüuruna yeritdiyi əsas tezisidir”.
Ərəstun Oruclu hesab edir ki, bundan sonrası isə artıq necə deyərlər, texniki məsələdir: "Beləliklə də alovlanmış nifrət "tonqalına” zaman-zaman "odun” atmaq kifayət edir ki, dünya daha da dərin qütbləşməyə yuvarlansın. Nəhayət, istənilən terrora açıq və ya qapalı şəkildə bəraət qazandıran hər kəs təkcə ictimai qınağa deyil, həm də cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu isə artıq bizim ölkəyə aiddir, çünki belələri mənəviyyatdan, əxlaqdan, dəyərdən danışmalarına rəğmən potensial terrorçulardır və onlar cəmiyyətdən təcrid olunmalıdırlar”.
Ayyət Əhməd