Musa Quliyev: “Ən yaxşı halda uşaqdan imtina edilirsə, onu doğum evində qoyub getmək olar”
İradə Cavadova: "5 günlük uşağın küçəyə atılması onun ölümə tərk edilməsidir ki, bu da birbaşa qəsdən adam öldürmə hesab oluna bilər”
Paytaxtda yenicə doğulmuş uşağı küçəyə atıblar. Hadisə Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində sakinlər R.Allahverdiyev küçəsindən bükülü vəziyyətdə olan atılmış 5-6 günlük oğlan uşağı tapıblar.
Yeni doğulan körpə 1 saylı Körpələr Evinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son vaxtlar yeni doğulan uşaqların küçəyə, zibilliklərə və s. yerlərə atılması hallarının çoxalması cəmiyyətdə böyük narahatlığa səbəb olub.
Bəs, bunun qanunla tənzimlənməsi və yaxud da xarici ölkələrdəki kimi xüsusi yerlərin yaradılması istiqamətində hər hansı addım atıla bilərmi?
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, bu, milli dəyərlərimizdən, milli mentalitetimizdən yaranan problemdir: "Burada söhbət tək uşağın həyatından getmir. Bu, mənəviyyatsızlıqdan irəli gələn haldır. Küçəyə atılan uşaqların əksəriyyəti qeyri-qanuni doğulan uşaqlardı. Mən qeyri-qanuni doğulan uşaq sözünü qəbul etmirəm. Əgər bu uşağı bizə Allah verirsə, bu, qeyri-qanuni ola bilməz. Əsasən küçəyə atılan uşaqlar nikahdan kənar doğulursa və qadında ümidsizlik yaranırsa bunu edir. Qadınların bu gün heç bir hüququ yoxdur. Məsələn, kişi həyat yoldaşına xəyanət edəndə, bu, normal qarşılanır. Amma qadın xəyanət edəndə fahişə adlandırırlar. Bu, mənəviyyatsız anlayışdı. Qadınlar ərsiz uşaq dünyaya gətirəndə 100 faiz bilirlər ki, qınaq obyektinə çevriləcəklər. Bu səbəbdən də uşaqdan canlarını qurtarmaq istəyirlər. Əgər bir qadın ərindən boşanıbsa, heç bir insan onunla ailə qurmaq istəmir. Kimsə onunla evlənəndə də deyirlər, filankəsin oğlu gedib bir dulla evlənib, yanında da bir quyruq. Uşağa quyruq demək olar? Heç bir ölkədə belə biabırçılıq yoxdur. Ona görə də biz bu cür problemləri yaşayırıq”.
D.Rzayev bu cür halları yaradan ikinci səbəbin isə imkansızlıqdan irəli gəldiyini deyib: "Rusiyada qadın 1 uşaq dünyaya gətirirsə, 6 min manat pul verirlər. Əgər əkizlər dünyaya gəlirsə, 20 min pul verirlər. Amma bizdə uşaq doğulanda heç nə vermirlər. Yalanan sosial yardım var. Kasıb ailələrlə maraqlanıram, onların heç birinə bu yardım verilmir. Bu pulların hamısı məmurlar tərəfindən talanır. Bu səbəbdən də körpəsinə baxa bilməyən analar imkansızlıqdan uşağı küçəyə atırlar. Amma biz yenə də bu cür analara haqq qazandıra bilmərik.
Nə olur olsun, ana öz körpəsindən imtina etməməlidir. Bundan başqa, bu məsələlərlə bağlı cəmiyyəti maarifləndirmək lazımdır”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də hesab edir ki, körpə uşaqların atılması çox pis haldır və heç bir cəmiyyət üçün arzuolunan deyil: "Təbii ki, körpə uşağı atan valideynlər də müəyyən məsuliyyət, o cümlədən cinayət məsuliyyəti daşıyırlar. Körpə uşaq əslində həmin dövlətin vətəndaşıdır. Vətəndaşı atmaq isə onu məhv etmək, öldürməyə, qətlə bərabər bir şeydir. Ona görə bu əməlin çox ciddi cəzası olmalıdır”.
Ancaq millət vəkili atılan körpə uşaqlar üçün xüsusi yerlərin açılması və bunu tənzimləyən qanunun qəbulunun əleyhinədir. O hesab edir ki, bu, bizim ölkə və xalq üçün xarakterik bir şey deyil: "Mən elə yerlərin açılmasının və uşaqların oralara qoyulmasının tərəfdarı deyiləm. Birincisi, bu cür faktlar bizdə o qədər də kütləvi deyil. İkincisi, biz bunun əks yolunu tutmalıyıq və profilaktikasını gücləndirməliyik ki, uşaqlar, ümumiyyətlə atılmasın və ya arzuolunmaz uşaq dünyaya gəlməsin. Ən yaxşı halda uşaqdan imtina edilirsə, onu doğum evində qoyub getmək olar. Düzdür, bəzi xarici ölkələrdə doğum evlərinin xüsusi pəncərələri var, ora uşaq qoyulan kimi pəncərə avtomatik bağlanır və doğum evində bilinir ki, bura uşaq qoyulub. Bakıda da bu cür bir-iki belə klinika açmaq olar”.
Uşağı atmaq fikrində olan insanın onsuz da ondan harada gəldi imtina etməyə çalışacağını vurğulayan millət vəkili deyib ki, bunun əvəzinə biz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün profilaktikanı gücləndirməliyik: "Bundan əlavə, hamiləlik dövründə bütün qadınlar qadın məsələhətxanalarının nəzarətinə cəlb olunmalı və onlarla müəyyən psixoloji söhbətlər aparılmalıdır. Təbii ki, normal ailələrdə heç vaxt uşaqdan bu şəkildə xilas olmağa çalışmırlar. Bu, ya arzuolunmaz, ya da təsadüfi hamiləlik olanda baş verir. Yaxud o qədər uğurlu olmayan nikahların nəticəsidir”.
Onun sözlərinə görə, küçəyə atmaq əvəzinə, uşaqların veriləcəyi klinikaların sayının çox olması ilə üstüörtülü də olsa, bu prosesə dəstək vermək olardı: "Uşaqdan imtina etməyin yolları var. Ondan ötrü ya qadın doğum evində olarkən oranın rəhbərliyinə məlumat verməli, ya da yaşadığı rayonun icra hakimiyyətinin nəzdində uşaq və yeniyetmələrlə bağlı komissiyaya müraciət edə bilər. Bu zaman uşağı ondan götürüb uşaq evlərinə və ya başqa şəxslərə övladlığa verə bilərlər. Bunun sivil yolu olduğu halda nəyə görə kriminal yolunu qanunlaşdıraq?”
Vəkil İradə Cavadovanın sözlərinə görə, bir ananın öz övladını qutuya qoyaraq küçəyə atması qəbuledilməzdir: "Axı bu uşaqdır, hansısa bir əşya deyil ki? 5 günlük uşağın küçəyə atılması onun ölümə tərk edilməsidir ki, bu da birbaşa qəsdən adam öldürmə hesab oluna bilər. Bəlkə də, doğumdan sonra həmin körpəni öldürmürlər, işgəncə vermirlər, amma küçəyə atılan 5 günlük uşağın orada ölüb-ölməyəcəyini də əvvəlcədən bilmək olmaz. Körpəni kiminsə qapısına qoyub qaçarkən müəyyən mənada onun götürülüb, polisə və ya hansısa internat evlərinə veriləcəyini düşünmək olar. Amma uşağı qutuya qoyub, küçəyə atmaqdan ancaq ürəkağrısı ilə danışmaq olar. Hesab edirəm ki, normal psixologiyada olan heç bir ana öz uşağını lazımsız bir əşya kimi zibilxanaya atmaz. Bu cür insanlar psixi xəstələrdir”.
Qanunvericilikdə uşaqlarını küçəyə atan anaların cinayət məsuliyyətinə cəlb olunduğunu deyən İ.Cavadovanın sözlərinə görə, övladını küçəyə atan analar hüquq-mühafizə orqanları tərəfindən saxlanılarsa, onlar 3 ilədək inzibati azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Praktikada bu maddə ilə cəzalanan anaların olub-olmadığını dəqiq deyə bilmərəm. Bu, hüquq-mühafizə orqanlarının işidir. Ancaq mən düşünürəm ki, övladını atan analara qarşı sərt addımlar atılmalı və bu, ictimaiyyətə açıqlanmalıdır ki, digər insanlar nəticə çıxarsın. Övladını böyütmək istəməyən insanlar uşağını körpələr evinə, internat məktəblərinə verə bilərlər”.
Şəymən