Xəbər verdiyimiz kimi, parlament seçkiləri ilə əlaqədar yaradılan "Azadlıq-2015” seçki bloku buraxılıb. Bu barədə qərar bloka daxil olan siyasi partiya sədrlərinin iclasında qəbul edilib.
Bloka daxil olan partiya sədrləri - Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev və Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn eyni adlı siyasi partiyalar bloku şəklində əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Məlumat üçün bildirək ki, "Azadlıq-2015” seçki blokunun parlament seçkilərində 20 deputatlığa namizədi qeydə alınmışdı. Onlardan heç biri namizədliyi irəli sürülən seçki dairəsində deputat ola bilməyib.
Blokun bundan sonrakı taleyi barədə "Şərq”ə danışan KXCP sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, sosial sifarişi də nəzərə alıb, milli demokratik düşərgədə olan təşkilatların birgə əməkdaşlığını formalaşdırmaq təşəbbüsü var: "Bu reallaşarsa, yaxşı olar. Ola bilsin ki, bu birliyə, həm blokda yer alanlar, həm də digər siyasi qurumlar qatılsın. Blokun seçkilərlə bağlı hissəsi ötən həftə başa çatıb. Birgə fəaliyyət baş tutarsa, onun genişləndirilməsi məqsədəuyğun sayılır”.
Yeni Azərbaycan Partiyası (AYP) ilə dialoqa diqqət çəkən təşkilat sədri söyləyib ki, bu məsələ gündəmdə deyil, amma bu istiqamətdə təşəbbüslər vardı. Bunları davam etdirmək doğru sayılır: "YAP-la dialoq deyil, görüşlər olub. Dialoqun reallaşması isə birbaşa iqtidarlıqdır. Yəni bu suallara onlar cavab verə bilərlər”.
Ayyət Əhməd