Dünən saat 16.30-dan sonra Azərbaycanda internet çöküb. Ölkənin demək olar ki, əksər aparıcı internet provayderlərinin abunəçilərə verdiyi internet kəsilib.
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Muşfiq Əmirov Modern.az saytına açıqlamasında respublikada yaranmış internet probleminin "Delta” Telecomdan qaynaqlandığını bildirib. Onun sözlərinə görə, "Delta” Telecom telekommunikasiya provayderinin xətlərində baş vermiş güclü yanğın ölkə ərazisində internetin kəsilməsinə səbəb olub. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovu söndürüblər.
Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov da hadisə yerinə gedib.
Müşfiq Əmirov hadisənin təxribat olub-olmadığının araşdırıldığını vurğulayıb.
"Bu cür fors-major halları üçün çıxış yolu nəzərdə tutulmalı idi. İnternetin bu cür-tamamilə sıradan çıxmasına yol verilməməliydi”.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib: "Məndə olan məlumata görə, "Delta Telecom” yanğının fəsadlarını aradan qaldırmağa çalışır. Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara giriş mümkün deyil. Eyni zamanda internetin sürəti də olduqca zəifdir”.