Borcların birdəfəlik silinməsi mümkün deyil

Natiq Cəfərli: “Bank sektorunda ciddi təlatümlər gözlənilir”
"İlk növbədə isə faiz dərəcələri aşağı salınmalıdır. Dəfələrlə bu barədə müzakirələr açılıb, təkliflər səslənsə də, ortada heç bir irəliləyiş yoxdur"


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Azərbaycanda qaytarılmayan kreditlərin tamamilə silinməsi təklifini verib. Deputat hesab edir ki, Milli Məclis bankirləri yığıb toplantı keçirməli və onların dərdlərini dinləməlidir. Azərbaycanda problemli kreditlərin bu qədər artmasından narahatlığını ifadə edən millət vəkili bankların əhalidən 9-10 faizdən əmanətləri götürüb, 30-35 faizdən kredit verməsi fonunda onların 20-25 faiz xərcinin olmasını absurd hesab edərək bu məsələyə çox ciddi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.V.Əhmədovun sözlərinə görə, Azərbaycanda bank sektoru normal işləməsə, ölkə iqtisadiyyatı üçün problemlərin yaranması qaçılmaz olacaq. Ehtiyac varsa, qanunlara dəyişiklik edilməlidir və problemin həlli istiqamətində iş aparılmalıdır. Həmçinin o, Azərbaycanda maliyyə amnistiyasına ehtiyac olduğunu düşünür. Millət vəkili deyib ki, problemli kreditlərin azalması üçün kreditlərin strukturuna baxmaq lazımdır. Lazım gələrsə, bəzi güzəştlərə gedilməlidir: "Əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərdirsə, onun heç bir mülkü yoxdursa, ona güzəştə getmək lazımdır. Siyahını artırmaqla Azərbaycan üçün heç bir müsbət nəticə əldə etməyəcəyik. Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlarda 1,4 mlrd. kredit olduğunu bildirmək Azərbaycanın maliyyə imici üçün də mənfi haldır. İlbəil problemli kreditləri artıra-artıra hara gedirik? Bunun qarşısını almaq üçün konkret addımlar atılmalıdır. Bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsi lazımdır”.

Azərbaycan iqtisadiyyatında baş verən durumla bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bankların 1.4 milyardlıq borcu birdəfəlik silməsi ölkə iqtisadiyyatı üçün çox ciddi problemlərə yol aça bilər: "Prinsip etibarı ilə problemli kreditlərin silinməsi və bank sektorunun sağlamlaşdırılması xoşagələn təklifdir. Amma bu təkliflərin arxasında nə dayanır və bu addımın fonunda bank sisteminə dəyə biləcək ziyanlar və həmin məbləğin necə ödəniləcəyi ilə bağlı suallar ortaya çıxır. Çünki hələlik məsələnin bu tərəfi ilə bağlı ortada ciddi fikir mübadiləsi yoxdur. Mövcud göstəricilərdə qaytarılmayan kreditlər artıq 1,4 mlrd. manata çatıb. Hansı ki, bu hələ sentyabr ayına olan rəqəmdir. Çox güman ki, hazırda noyabrın 1-nə olan göstəricilərdə problemli kreditlərin həcmi milyard yarımı keçib.

Qaytarılmayan kreditlər silindikdən sonra bu məbləği banklara kim qaytaracaq? Dövlət büdcəsindən banklara kompensasiya şəklində hansısa vəsaitin ödənilməsi mümkündürmü? Əks halda, bu proses onsuz da durumu ağır olan bank sektorunu çökdürə bilər. Hesab edirəm ki, qaytarılmayan kreditlər məsələsinin həlli ətrafında ciddi müzakirələr aparılmalı və iqtisadi proqram hazırlanmalıdır. İlk növbədə isə faiz dərəcələri aşağı salınmalıdır. Dəfələrlə bu barədə müzakirələr açılıb, təkliflər səslənsə də, ortada heç bir irəliləyiş yoxdur. İllərdir təklif olaraq məsələ qaldırmışıq ki, bank sektorunda rəqabət mühiti formalaşdırılmalıdır. Bunun üçün də xarici bankların birbaşa Azərbaycan banklarına girişini təmin edən qanun dəyişikliklərinə ehtiyac var. Yüz milyardlarla kapitalı olan dünya nəhəngləri (xarici banklar) ilə Azərbaycan banklarının əlaqəsi təmin edilməlidir. Gürcüstan bu addımı ataraq "Bank of Amerika”, "Sosyete General” kimi nəhəng banklar Gürcüstan bazarına girdi və bununla da Gürcüstanda kreditlərin bahalaşması, problemli kreditlərin artması məsələsi birdəfəlik həll olundu. Risk menecmentliyi, rəqabətli mühit artdı, kredit faizləri xeyli dərəcədə aşağı düşdü. Bu gün Gürcüstanda istehlak kreditlərinin faizi 8-i keçmir. Problemli kreditlər adi bir borc məsələsi deyil. Çox ciddi problemdir. Bank sektorunda struktur islahatlarına və əsas oyunçuların dəyişdirilməsinə ehtiyac var. Bu mənada səsləndirilən təkliflər hər nə qədər qulağa xoş gəlsə də, baza hissəsi möhkəmləndirilmədən elə təklif olaraq da qalacaq. Çünki bu məsələ elə bir ciddi problem halını alıb ki, birdəfəlik həlli yolu yoxdur. Mütləq şəkildə bir neçə istiqamətdə müvafiq addımlar atılmalıdır ki, problemli kreditlər və yüksək faiz dərəcələri məsələsi öz həllini tapsın.

- Bankların əhalidən əmanətləri 9-10 faizdən götürüb, 30-35 faizdən kredit verməsi fonunda 20-25 faiz xərclərinin olması da birmənalı qarşılanmır...

- Qanunvericilikdə faiz dərəcələri ilə bağlı hər hansı bank qarşısında elə bir öhdəlik yoxdur. Bu məsələ bankların özünün yeritdiyi siyasətlə əlaqədar olan bir şeydir. Sadəcə olaraq, ölkədə bizim dediyimiz rəqabət mühiti yaradılarsa, banklar baha faizlə kredit verə bilməyəcəklər və avtomatik olaraq, kredit faizlərini aşağı salacaqlar. Çünki onların rəqibləri ucuz kredit faizləri təklif etməklə bazarda dominant rol almağa başlayacaqlar. Nəticədə isə vətəndaşların yüksək faizlə kredit verən banklara müraciətlərinin sayı kəskin şəkildə azalacaq, hətta minimuma enəcək. Belə olan halda isə banklar rəqabətli mühitdə özlərinə yer tutmaq üçün rəqibləri ilə ayaqlaşmaq məcburiyyətində qalacaq və faiz dərəcələrini endirəcəklər. Sözsüz ki, bankların depozitləri 10-12 faizlə qəbul edib, 25-30 faizlə kredit verməsi anormal bir haldır.
Azərbaycan bankları uzun zaman xarici valyuta bazarından ucuz, təxmini 4-5 faizlə kredit alır, sonradan isə onu manata çevirərək əhaliyə yüksək faizlə verərək pul qazanırdılar. Amma devalvasiyadan sonra xarici banklara yüklü miqdarda borcu olan bankların borcu 30-35 faiz qalxıb. Bunu da nəzərə almaq lazımdır ki, banklar artıq əvvəlki kimi gəlir əldə edə bilmirlər. Deməli, haqlı olaraq hər iki tərəfin öz arqumentləri var. Təbii ki, problemli kreditlərin silinməsi və faiz dərəcələrinin aşağı salınması məsələsi həll olunmalıdır. Amma bu addımları atarkən bank sektorunun vəziyyəti də nəzərə alınmalıdır. Proqramlaşdırılmadan atılan addımlar fonunda bank sektoru çökər, bu isə ölkə iqtisadiyyatına daha böyük ziyan vura bilər.

- Dediyiniz addımlar atılmasa, Azərbaycan iqtisadiyyatını tam olaraq nə gözləyir?

- İlk olaraq onu deyim ki, artıq Azərbaycanda qaytarılmayan kreditlərin sayı təhlükəli həddi çoxdan keçib. Beynəlxalq standartlara görə, ümumi kredit portfelindəki faiz payı 3 faizi ötərsə, həmin banklarda artıq həyəcan təbili çalınır və bankların sağlamlaşdırılması yolunda müvafiq addımlar atılır. Azərbaycanda isə problemli kreditlər 10 faizə yaxınlaşır və bir müddət sonra bundan daha artıq olacaq. Bu isə həddindən artıq böyük rəqəmdir. Deməli, Azərbaycanda qaytarılmayan kreditlərin faiz payı beynəlxalq standartlardan 3 dəfədən artıqdır. Ölkəmizdə problemli kreditlərin sürətinin getdikcə artması son nəticədə bir sıra bankların müflis olmasına gətirib çıxaracaq. Müflisləşən bankların əhali qarşısında olan öhdəliklərinin böyük bir qismi isə dövlətin çiyinlərinə düşəcək. Dövlət də daha artıq vəsait xərcləyərək bu problemi həll etməli olacaq. Odur ki, dövlət strukturları bu vəziyyətə düşməmək üçün indidən qabaqlayıcı tədbirlər görməlidir. Əgər hökumət yükünü indidən azaltmasa, yaxın gələcəkdə bank sektorunda yaşanacaq çox ciddi təlatümlər qaçılmaz olacaq.

- Əvvəllər banklara qoyulan əmanətlərin 75 faizi manatla idi, indi isə tərsinədir. 75 faiz əmanətlər xarici valyutada saxlanılır. Əhalinin manata olan inamının itməsi nə ilə bağlıdır?

- Ölkədə dollarlaşma, yəni depozitlərin xarici valyuta ilə saxlanılması həddindən artıq yüksək səviyyədədir. Devalvasiyaya qədər olan dövrdə xarici valyuta ilə saxlanılan əmanətlərin cəmi 20-25 faizi keçmirdi. İndi isə bu rəqəm 75-80 faiz təşkil edir. Bunun böyük bir problem olduğu açıq şəkildə görünür. Digər tərəfdən də dünya bazarında neftin qiymətinin aşağı düşməsi, Mərkəzi bankın ehtiyatlarının hər ay azalması Azərbaycan manatının gələcək taleyini də sual altına alır. Belə getsə, hökumət və MB tərəfindən manatın kursunun yumşaq şəkildə də olsa, azaldılması prosesini biz izləyə bilərik. Artıq bu yöndə müəyyən addımlar da atılmaqdadır, Dolların alış-satışı psixoloji həddi, 1 manat 5 qəpiyi keçib. Əgər mənatın dəyərdən düşməsi prosesi yumşaq və davamlı şəkildə gedərsə, dollarla depoziti olan əhali ilə banklar arasında gələcəkdə çox ciddi problemlər yaşanacaq. Belə olan halda da, bayaq dediyim kimi, dövlət əmanətlərin sığortalanma fondu hesabına həmin əmanətləri geri qaytarmalı olacaq. Bu zaman isə daha böyük xərclərə ehtiyac olacaq. Ölkənin gəlirləri sürətlə azaldığı üçün də, bu, bizim üçün təhlükəli tendensiyadır. Bu vəziyyətə düşməmək üçün devalvasiyadan sonra hökumətin nəzdində işçi qrup yaradılmalı, vətəndaş cəmiyyətinin üzvləri, mütəxəssislərlə məsləhətləşmələr aparılmalı və "yol xəritəsi” hazırlanmalı idi. Amma nə hökumət, nə də Mərkəzi Bank devalvasiyadan sonra bu istiqamətdə heç bir addım atmadı.

- Dekabr ayında dolların 1 manat 50 qəpik olacağı ilə bağlı yayılan iddialar nə dərəcədə həqiqətə uyğundur?

- Manatın ucuzlaşması prosesi qaçılmazdır. Amma hökumətin ilkin devalvasiyadan dərs çıxardığını zənn edirəm. Bundan sonrakı mərhələdə manatın yenidən bir gecənin içində kəskin devalvasiyaya gedəcəyi inandırıcı görünmür. Mərkəzi Bank və hökumət yetkililərinin bununla bağlı kifayət qədər ciddi açıqlamaları olub. "Üzən məzənnə” adı altında manatın yüngül və yumşaq şəkildə ucuzlaşması yolunu tutacaqlar. Düşünmürəm ki, yaxın 1-2 ay ərzində 30-35 faizlik bir devalvasiyanın şahidi olaq. Addım-addım məzənnənin dəyişməsinin şahidi olacağıq. Dekabr ayında bu, daha da sürətlənə bilər. Beynəlxalq dünya bazarlarında da dekabr ayında ciddi proseslərin baş vermə ehtimalı var. Çox güman ki, Amerikanın Federal Rezerv sistemi dekabrın 17-də daxili faizi qaldıracaq. Bu isə dünyada dolların bahalaşmasına səbəb olacaq. Dediyim kimi, qısa zamanda 1 manat 50 qəpiyə qalxma ehtimalı yoxdur.

- Vahid Əhmədov maliyyə amnistiyasına ehtiyac olduğunu deyib. Sizcə, hökumət problemlərin həlli istiqamətində belə bir addım ata bilərmi?

- Maliyyə amnistiyası ilə bağlı 2 il bundan əvvəl öz təkliflərimizi etmişik və bizim proqram sənədlərimizdə də öz əksini tapıb ki, maliyyə amnistiyası atılması vacib olan addımlar sırasındadır. Amma tək maliyyə amnistiyası ilə mövcud problemlər öz həllini tapan deyil. Maliyyə amnistiyası böyük bir iqtisadi islahatlar paketinin tərkibində olmalıdır. Öncə müvafiq qanunverici aktlar qəbul olunmalıdır ki, maliyyə amnistiyasının effektivliyi artsın. Bura həm reabilitasiya, həm də lyüstrasiya haqqında daxildir ki, son illər ərzində mülkiyyəti əlindən alınmış, qeyri-leqal fəaliyyətinə görə iqtisadi dividendlərdən məhrum olunmuş insanların hüquqları da bərpa olunmalı və paralel olaraq, sonda maliyyə amnistiyası verilməlidir. Üçü bir arada olmasa, atılan addımların heç bir effekti olmaz. Prezidentin son çıxışlarının birində də qeyd olunub ki, ölkədə mülkiyyətin zorla əl dəyişdirilməsi prosesi olub, buna səbəb olan insanlar məsuliyyət daşımalı, hüquqları pozulan mülkiyyətçilərin isə haqları özünə qaytarılmalıdır. Həmçinin maliyyə amnistiyası olacağı təqdirdə bunun şərtləri müəyyənləşdirilməlidir ki, bu günə qədər hansısa yollarla pul qazanan insanlar məsuliyyətdən azad olunur və onlar öz kapitalının bir hissəsini dövlət büdcəsinə vergi şəklində geri qaytarır. Ancaq bu yolla Azərbaycan iqtisadiyyatı "kölgə”dən çıxa, Azərbaycanda rəsmi milyonçular, oliqarxlar peyda ola bilər. Ancaq amnistiyadan sonra onların ölkədə biznes fəaliyyəti ilə məşğul olmalarına dair hüquqi zəmanət verilməlidir. Həmçinin də qazandığı pulların mənbəyinə dair sorğu-suala alınmayacaqlar. Bunun üçün də ciddi sistem dəyişikliklərinə ehtiyac yaranacaq. İlk növbədə məhkəmələrin effektiv fəaliyyət göstərməsi üçün zəmin yaradılmalıdır. Bütün bu addımlar kompleks şəkildə həyata keçirilsə, Azərbaycanın iqtisadiyyatı da xeyli dərəcədə yüksələr, ölkədə məmur biznesinə birdəfəlik son qoyular. Sadəcə oliqarxların pullarını xaricə çıxarmasına qadağa qoymaq və ya digər administrativ addımlarla bu məsələdə effektiv bir nəticə əldə etmək mümkün deyil. Azərbaycanda yarımçıq iqtisadi islahatların həyata keçirilməsinin əleyhinəyəm. Bu addımlar böyük bir islahat paketinin tərkib hissəsi kimi atılmalıdır. İndiki situasiyada hökumətin maliyyə amnistiyası verəcəyinə və veriləcəyi təqdirdə bu addımın hansısa effekt verəcəyinin inandırıcı olmadığını vurğulayan ekspert deyib ki, əlində külli miqdarda vəsaiti olan insanlarda bu addımın səmimiliyinə şübhə yarana bilər. İş adamlarına, oliqarxlara qazandıqları pula görə sorğu-sual olunmayacaqlarına dair güvən verilməlidir. Əks təqdirdə, heç kəs könüllü şəkildə öz vəsaitini bəyan etməyəcək.

Şəymən