İnterpolun axtardığı adamlar...

Onlar saxlanarkən ilk növbədə tutulduğu ölkəyə məlumat verilir



Azərbaycanda vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verilib. İnterpolun saytında yer alan məlumatda qeyd olunub ki, 54 yaşlı Qalib İbrahimov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Saytın əldə etdiyi məlumata görə, Q.İbrahimov "Azkomp”
MMC-nin direktorudur. Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda yerli və əcnəbi iş adamları beynəlxalq axtarışa verilib.

Maraqlıdır, beynəlxalq axtarışa verilən insanların sonrakı aqibəti necə olur? İnterpolu bu istiqamətdə əhəmiyyətli bir qurum hesab etmək olar, ya əməliyyatlar formal xarakter daşıyır?

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altayın sözlərinə görə, hansısa hüquqi dövlət hər hansı bir şəxs haqqında cinayət axtarışı elan edirsə və ölkə ərazisində onu tapa bilmirsə, həmin adamın da hansısa xarici ölkəyə qaçdığına dair gümanları varsa, mütləq şəkildə həmin adam beynəlxalq axtarışa verilməlidir: "Təbii ki, bunun üçün əlində həmin insanların cinayət törətdiyinə dair əsasları olmalıdır. Bu, bir növ işin qaydasıdır. İstintaq orqanlarının bu qanundan kənara çıxması düzgün hal hesab olunmur”.

Kriminalistin sözlərinə görə, bir çox hallarda İnterpol xətti ilə axtarışın müsbət nəticələri olur. O deyib ki, qanunlardan yayınan insanların İnterpol axtarışına verilməsinin müsbət tərəflərindən biri də odur ki, həmin şəxs hansısa ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılan zaman digər tərəfin onu tələb etmək imkanları olur: "Ölkəmiz İnterpolun üzvü olduğuna görə, Azərbaycanın beynəlxalq axtarışa verdiyi adamı həbs edərək təhvil vermək İnterpolun borcudur. Ölkəmiz buna görə onlara vəsait ödəyir. İnterpol elə-belə idarə olunmur ki? Bu qurumun idarəçiliyi, maliyyələşməsi ona üzv olan ölkələrin təşkilatçılığı ilə təmir edilir. Onların da mandatı axtarışa verilən insanları şəxsi qeydiyyata götürmək və dünyanın hansısa bir bölgəsində rast gələn kimi onu vətəndaşı olduğu ölkəyə təhvil verməkdən ibarətdir”.

Kriminalistin sözlərinə görə, törətdiyi hər hansı bir cinayət hadisəsi səbəbindən ölkədə axtarılan insanların İnterpola verilməsi maariflənmə baxımından da düzgün hərəkətdir: "Cinayətə meyilli olan insanların içinə ən azından bir xof düşər. Belə olan halda artıq onlar filankəsi öldürüb, filan yerdən oğurluq edib, sonra da əlini-qolunu sallayaraq xaricə qaçıb rahat həyat yaşamaq fikrinə düşmür. Bu mənada şübhəli şəxslərin beynəlxalq axtarışa verilməsinin özlüyündə tərbiyəvi əhəmiyyət daşıdığını güman edirəm”.

İnterpolun üzv ölkələr tərəfindən edilən hər hansı bir müraciətə əhəmiyyət verməmək kimi bir səlahiyyəti olmadığını xüsusi vurğulayan İ.Altay həmçinin İnterpolun özünəuyğun ayrıca qaydaları olan bir orqan olduğunu qeyd edib: "Və o, həmin qaydalara riayət etmək məcburiyyətindədir. Amma bir məsələni də deyim ki, bəzən İnterpolun tutduğu şəxsi axtarış vermiş ölkəyə ötürməyə bilavasitə səlahiyyəti çatmır. Bunun üçün qarşı tərəfdən razılıq almalıdır. Məsələn, Azərbaycan İnterpolu beynəlxalq axtarışda olan Gürcüstan və ya Rusiya vətəndaşını həbs edirsə, bununla bağlı ilk növbədə Azərbaycan hökumətinə məlumat verməli və onun öz ölkəsinə qaytarılması ilə bağlı razılıq almalıdır. Ola bilər ki, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilən və Türkiyədə tutulan adam həmin ərazidə də başqa bir cinayət törədib. Belə hallarda cinayətkar şəxs tutulduğu ölkədə törətdiyi cinayətə görə, öz cəzasını çəkməli, sonradan vətəndaşı olduğu ölkəyə verilməlidir. Siyasi motivli cinayət hadisələrində bəzən dövlətlər İnterpol tərəfindən tutulan adamın öz ölkəsinə verilməsini məqsədəuyğun hesab etmir və təhvil vermir. Belə hallar da olur...”

Şəymən