“125-lər” indi də 2020-ci ilə hazırlaşır

“Millət vəkilliyinə iddialı olan gəncləri ətrafımızda toplayırıq”



"Başqanın, yaxud da üzvlərin getməsi ilə bir təşkilat, hərəkat öz fəaliyyətini dayandırmır. Bizim təşkilat parlament seçkilərinə hesablanmış təşkilatdır. Növbəti 5 il üçün fəaliyyətimiz davam edəcək”. Bunu "Şərq”ə açıqlamasında "125-lər” Siyasi Klubunun sədr müavini Tamilla Qulami deyib.

Parlament seçkilərində iştirak etmək məqsədi ilə yaradılmış klubun taleyi ilə bağlı danışan gənc siyasətçi quruma yeni üzvlərin daxil olduğunu bildirib: "Xüsusən, 25 yaş və onun üzərində gənclərlə davamlı görüşlər keçiririk. 2020-ci ilin parlament seçkilərində iştirak etmək üçün bu sahədə təcrübəsi olan insanlardan yararlanmaq niyyətindəyik. Millət vəkilliyinə iddialı olan gəncləri ətrafımızda toplayırıq. Bundan sonra da demokratik idarəçilik sisteminin yaradılması, milli dəyərlərin qorunması, barış və əmin-amanlığın bərqərar olması naminə fəaliyyət göstərəcəyik. Siyasi birlik olaraq növbəti 5 illikdə parlament seçkilərində iştirak edəcəyik. Gələn aylarda məclis keçiriləcək, sədr və müavinlər seçiləcək. Məclis baş tutduqdan sonra nəzərdə tutulan qərarları mediayla bölüşəcəyik”. Klubun sədr müavini deyib ki, bu yaxınlarda müxalifət cameəsi tərəfindən yaradılan anti-böhran koalisiyasının formalaşmasında "125”-lər siyasi klubunun da rolu olub: "Məqsədimiz ölkədəki böhrandan çıxış yollarını müzakirə etmək, rayonlarda böhran masaları yaratmaq, siyasi və iqtisadi təkliflər verməkdir. Həmçinin, 21 fevral tarixində Azərbaycan Demokratik Partiyasının qərargahında toplantı baş tutacaq. Siyasətçilərin, ekspertlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin və gənclik hərəkatı nümayəndələrinin iştirak edəcəyi toplantıda təkliflərimizin ictimai müzakirəsi təşkil olunacaq”.

İsmayıl