İrana gedənlər ehtiyatlı olsunlar!

Qonşu ölkədə 8 nəfər “donuz qripi”ndən ölüb



"Donuz qripi” bir addımlığımızdadı. Cənub qonşumuz İranda "donuz qripi” yayılıb və virusdan artıq 8 nəfər dünyasını dəyişib. "Trend”in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər yayıb. İranın Kirman əyalətinin Tibb Elmləri üzrə Universitetinin rektor müavini Nozər Nəxəyi ötən bir ay ərzində İranın Kirman əyalətində 8 nəfərin A/H1N1 virusuna (donuz qripi) yoluxaraq həyatını itirdiyini deyib. N.Nəxəyi bildirib ki, bu il ölkədə A/H1N1 virusuna yoluxma hallarının artacağı gözlənilir, bu məsələ ilə bağlı dəqiq informasiyanın verilməsi məqsədi ilə araşdırmalar aparılmalıdır.

N.Nəxəyi əlavə edib ki, bu virusa yoluxma hallarının qarşısını almaq məqsədi ilə maarifləndirici işlər aparılmalıdır: "Sosial şəbəkələrdə və sms vasitəsi ilə insanlara maarifləndirici mesajlar göndərilməlidir. A/H1N1 virusunun əlamətləri insanlara tanıtdırılmalıdır və belə hallar olduqda insanlar təcili xəstəxanalara müraciət etməlidirlər”.

Qeyd edilir ki, İranda A/H1N1 virusuna yoluxma halı ilk dəfə 2009-cu ildə iyunun 14-də qeydə alınıb. Virus Tehrana gələn İran əsilli 16 yaşlı amerikalı yeniyetmədə aşkar edilib. Həmin il İranda "donuz qripi”ndən ölənlərin sayının 285 nəfər olduğu və virusa yoluxanların sayının isə 3762 nəfərdən çox olduğu bildirilmişdi. Xəstəliyin əsas simptomları hərarətin qalxması, boğazda ağrı, fasiləsiz öskürək, zökəm, əzələ və baş ağrıları, ümumi zəiflik, bəzən ishal, ürəkbulanma, qusma. H1N1 qripinin əlamətləri virusa yoluxduqdan 3-5 gün sonra başlayır və adətən 8-9 gün davam edir.

"Donuz qripi”nin aşağıdakı ağırlaşmaları qeyd edilir: ürək xəstəlikləri, diabet, astma kimi xroniki xəstəliklərin inkişafı, pnevmoniya, tənəffüs çatışmazlığı. H1N1 virusuna yoluxmanın kəskin ağırlaşmaları çox sürətlə inkişaf edib ölümcül nəticəyə də gətirib çıxara bilər.

İranın Azərbaycanla həmsərhəd ölkə olması, vətəndaşlarımızın bu ölkəyə sıx gediş-gəlişləri təhlükənin lap yaxınlıqda olduğunu deməyə əsas verir.

Tibb mütəxəssisləri də bu fikirdədir ki, qonşu ölkədə təhlükəli virusun insan ölümünə səbəb olması Azərbaycanda təxirəsalınmaz tədbirlərin icrasını zəruri edir.

"Donuz qripi” təhlükəsi ilə bağlı "Şərq”ə danışan tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, qonşu ölkədə hər hansı virusun yayılması faktı mövcuddursa, vətəndaşlarımız ehtiyatlı olmalıdır:

- İlk növbədə sərhəd-keçid məntəqələrində güclü nəzarət, həkim-ekspert qrupları işləməlidir. Azərbaycana gələnlər ciddi şəkildə yoxlanmalıdır, yoluxma şübhəsi olanlardan poliklinikalara müraciət edib, lazımi analizləri vermələri tövsiyə edilməli və belə vətəndaşlar həkim nəzarətindən kənar qalmamalıdır. Virusun əlamətləri yuxarı-tənəffüs yollarının xəstəliklərinə oxşar olduğundan vətəndaşlar çox zaman ciddi əhəmiyyət vermir, adi soyuqdəymə sanıb müalicə olunmağı lazım bilmirlər. Amma adi soyuqdəymə sandığımız xəstəlik ağır fəsadlar verə bilir. Məlumdur ki, İranla Azərbaycan geniş iqtisadi əlaqələrə malikdir. Xüsusilə də sərhəd bölgələrində yaşayan vətəndaşlarımız tez-tez İran İslam Respublikası ərazisinə keçir. Orada "donuz qripi”nin yayılması rəsmi şəkildə təsdiqlənibsə, vətəndaşlarımız ehtiyatlı olmalıdır. Sanitar-gigiyenik tələblərə diqqətlə yanaşmalıdırlar. Məsləhətdir ki, vətəndaşlarımız qonşu ölkəyə səfər edərkən tibbi maskalardan istifadə etsinlər. Çünki bu virus hava-damcı yolu ilə yayılır. "Donuz qripi” tənəffüs yollarının xəstəliyidir və H1N1 virusu ilə yoluxma səbəbindən inkişaf edir. Bu virus tipik "donuz qripi” virusundan fərqlənir. Virusun bəzən donuz fermalarında işləyən insanlara yoluxmasına rast gəlinir, amma bu, onların həyatı üçün ciddi təhlükə yaratmır. Hətta xəstə insanlardan digərlərinə yoluxma hallarına da az-az rast gəlinir. Amma H1N1 tipik "donuz qripi” viruslarından fərqli olaraq asan və sürətlə yayılır. 2009-cu ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı N1N1 virusunun pandemiyasını rəsmən elan edib. H1N1 virusuna qarşı vaksin işlənilib və hazırda bir çox ölkələrdə tətbiq edilir.

"Donuz qripi”nə yoluxmuş insanın nəfəs alması, asqırması zamanı virus hava ilə sağlam insanın burun boşluğuna və ya gözlərinə düşə bilər ki, bu da yoluxmanı təmin edir. Viruslar bərk səthlərdə də qala bilir və belə səthlərə toxunan əllər yuyulmasa, yemək zamanı yoluxma vasitəsi ola bilər. Ona görə də, vətəndaşlar hər zaman şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Hətta adi vaxtlarda da, heç bir xəstəlik əlaməti yoxdursa belə, evə gələrkən əllərini sabunla yaxşı-yaxşı yumalı, yuyulmamış əllə qida qəbul etməməli, asqırarkən ağzını dəsmalla tutmalı, mümkün qədər ictimai yerlərdə tibbi maskalardan istifadə etməlidirlər. Bununla həm öz sağlamlıqlarını təminat altına alar, həm də ətrafdakıları yoluxma riskindən azad edərlər.

Məlahət Rzayeva