Demoqrafik vəziyyətin tənzimlənməsi üçün çıxış yolları axtarılır. Ailələrə ikinci qız uşağına görə 10 min manat pul ödənəcəyi haqda informasiyalar bir müddət əvvəl yayıldı. Lakin bu informasiya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli tərəfindən təkzib edildi. Komitə sədri "Bu necə ola bilər? Qız uşağına 10 min manat verilsin, oğlan uşağına yox?!” H.Rəcəbli ailələrin 3-cü, 4-cü övlad dünyaya gətirməsinə görə həvəsləndirici ödəmələr edilməsi, müxtəlif imtiyazlar əldə etmələrinin düzgün variant olduğunu demişdi.
İndi isə 10 min manat söhbəti yenidən ortaya çıxdı.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda 2-ci qız övladının doğulmasına görə verilməsi nəzərdə tutulan 10 min manatla bağlı əhali arasında yaranan suallara aydınlıq gətirib.
Komitə sədri Modern.az saytına deyib ki, məsələ müzakirə predmeti olsa da, bu haqda qanunun qüvvəyə minməsindən danışmaq hələ çox tezdir: "Hazırda Azərbaycanda doğulan hər 100 qıza 117 oğlan düşür. Statistika göstərir ki, bu, dünyada Çindən sonra ikinci göstəricidir. Bütün mütəxəssislər hesab edir ki, proses belə davam edəcəyi təqdirdə 18-20 ildən sonra ailə quracaq oğlanlar üçün problemlər yarana bilər. Təkliflər sırasında ailələrdə doğulacaq 2-ci, 3-cü qız uşaqlarına görə yardım edilməsi çox düzgündür. Bundan başqa, xüsusi mükafatlar da ola bilər. Eyni zamanda, bu təklif abortların da qarşısını almağa yönəlib”.
Aqiyə Naxçıvanlı bildirib ki, məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılır:
"Məndə olan məlumata görə, mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırlanıb və 2015-2020-ci illər üçün nəzərdə tutulan "Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsinə dair Dövlət Proqramı”na daxil edilib.
Dövlət Proqramı layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək və buna müvafiq qərar qəbul ediləcək”.
Deputat məsələyə həssaslıqla yanaşılmasının tərəfdarı olduğunu deyib: "Çünki bu yenilik baş tutarsa, 10 ildən sonra əks-effekt də verə bilər. Hazırda 10 min manatın arzusunda olanlar çoxdur. Bu məbləğə görə oğlan dölləri məhv edilə bilər. Bu da gələcəkdə oğlan qıtlığı məsələsini gündəmə gətirə bilər. Düşünürəm ki, məsələyə bütün mütəxəssislər tərəfindən, kompleks şəkildə,
həm də həssas yanaşmaq lazımdır. Yəni 10 min manat doğrudanmı abortların qarşısını alacaq, problemi həll edəcək, bəlkə bu məbləğin verilməsi müvəqqəti olmalıdır? Düşünürəm ki, müzakirəyə çıxarılanda həssaslıqla yanaşmaq lazımdır”.
10 min manat söhbəti realdır?
Qeyd edək ki, 2-i qız uşağına görə 10 min manat verilməsi söhbəti ortaya çıxanda iqtisadçı Vüqar Bayramov öz şərhini sosial şəbəkə vasitəsilə belə çatdırmışdı:
- 2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi ötən ilin dekabrın 22-də "Azərbaycan Respublikası əhali sakinliyi və demoqrafik inkişaf üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa, o zaman maliyyə çətinliyi olmayacaq, çünki vəsait hissə-hissə hesaba köçürüləcək. Niyə oğlan deyil, qız uşaqlarına depozitlərin verilməsi isə başadüşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acınacaqlı olsa da, ana bətnindəcə öldürülür. Məqsəd də belə halların qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir. Uşaqların sayı çox olan ailələrdə valideynlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflərlə yanaşı, həmin görüşdə mən bildirdim. Əmək və əhalinin sosial müdafiəsi naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlarla bu məsələnin müzakirəsini aparsınlar. Mən ümumiyyətlə, hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam. Bu, demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı, bu gün hətta ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər”.
Qadınlara başqa imtiyazlar verilməlidir
Sosioloq Lalə Mehralı da "Şərq”ə açıqlamasında 2-ci qız uşağına görə xüsusi fərqləndirmələr edilməsi ideyasını müsbət qarşıladığını, lakin bunun o qədər real görünmədiyini bildirdi:
- Sözdə demək asandır. Reallaşması gözəldir. Biz də çox istərdik ki, qız uşaqlarına görə ailələrə əlavə vəsait ödənsin, çünki bu, qız uşaqlarının ana bətnində qətlini dayandıra bilər. Amma bugünkü reallıqla nə dərəcədə mümkündür? Dövlət büdcəsinin buna gücü çatacaqmı? Hər il nə qədər qız uşaqları dünyaya gələcək. Onların hamısının adına 10 min manat vəsait ayırmaq mümkün olacaqmı? Dövlət büdcəsi bunu təmin edə biləcəkmi? Məncə, daha başqa üsullar, variantlar işlənə bilər. Məsələn, ailədə ikinci qız uşağına görə, ananın xəstəxana xərclərini dövlət üzərinə götürsün. Hamımız bilirik ki, selektiv abortlara bir səbəb də məhz maddi imkansızlıqdır. Özəl klinikaları bir kənara qoyaq, dövlət xəstəxanalarında uşaq dünyaya gətirmək azı 500 manata başa gəlir. Şəxsən mən övladımı dövlət xəstəxanalarından birində dünyaya gətirmişəm, 500 manatdan artıq xərcim çıxıb. Qız uşaqları dünyaya gəldiyi zaman dövlət müəyyən imtiyazlar
tətbiq edə bilər. Dediyim kimi, pulsuz doğuş, körpəyə lazım olan ilk vəsaitlərin dövlət hesabına ödənməsi, bundan əlavə, ananın məzuniyyət müddətinin və məzuniyyət pulunun artırılması, qız övladı olan anaların işə cəlb edilməsi və s. Gələcəkdə qız uşaqlarının təhsilinin dövlət hesabına həyata keçirilməsi... Belə həvəsləndirici variantlar çox ola bilər. Təki deyilənlər düz çıxsın və qız uşağına görə 10 min manat verilsin. Bizim də istədiyimiz odur ki, qız uşaqlarının ana bətnində qətlinə "dur” deyilsin.
Yaradanın düzənini pozmağa çalışdıqda...
L.Mehralı demoqrafik problemlərin yaranmasında ən başlıca günahkar insanları sayır:
- Yaradan o qədər mükəmməl düzən yaradıb ki, ona müdaxilə hər zaman faciələrlə müşayiət olunur. Dünyanı titrədən zəlzələlər, sellər, daşqınlar... Bunlar hamısı biz insanların təbiəti "kor” qoymağımızın nəticəsidir. Eləcə də demoqrafik vəziyyət. Selektiv abortlar baş alıb gedir. Hazırda ginekoloqların işi yalnız abort eləməkdir. Mini-abortun qiyməti 200 manatdır. Gün ərzində 5 mini-abort edən həkim 1000 manat qazanır. Daha özlərini yorub insanları müalicə etməyə vaxt sərf etmək istəmirlər. Abortların qadağan edilməsi məsələsi bir neçə dəfə gündəmə gəldi, amma edə bilmədilər. Kimisi dedi, bu, insan haqlarının pozulmasıdır, kimisi dedi, UZİ-ni qadağan edək, dölün cinsi bilinməsin. Yenə də heç nə alınmadı. Alınmayacaq da. Çünki insan təbii prosesə müdaxilə etmək istəyir. Yaradanın qurduğu düzəni pozmağa cəhd edir. Təbiət elə mükəmməl yaradılıb ki, özünü yaşatmaq, bərpa etmək, qorumaq iqtidarındadır. Baxın, dilsiz heyvanlar belə təbii prosesə uyğun davranırlar. Fillər nə zaman ki, saylarında artıqlıq yaranır, kütləvi intihar edirlər. Eləcə də balıqlar. İndiyədək dəfələrlə hamımız balinaların sahilə çıxıb intihar etməsinin şahidi olmuşuq. Amma hələ də kimsə bunun əsl səbəbini tapa bilmir. Çox güman ki, bu, dənizlərdə, okeanlarda baş verən proseslərlə və bilavasitə insan əliylə cərəyan etdirilən proseslərlə bağlıdır. Abortların sayı niyə artır? Çünki analar körpəsini əmizdirmir. Əslində isə körpə 2 yaşına qədər əmizdirilməlidir. Nə qədər qadın körpəsini əmizdirir, o, hamilə qalmır. Amma bizdə niyə belədir? Körpə doğulan kimi süni qidalar verilir, ana südü əmmir, qadın da bir-iki aydan sonra yenə hamilə qalır. Düşünür ki, bir körpə uşağım var, ikincisini necə saxlayacam, hələ bu 2-3 yaşına çatsın, sonra ikincisini dünyaya gətirərəm. Və başlayır abortlara. Qadınlarımıza bunu başa salan, ailə həyatının sirlərini öyrədənlər də yoxdur. Gənc xanımların əksəriyyətinin hamiləlik, həyat yoldaşı ilə birgə yaşayış tərzi barədə bilikləri sıfırdır. Ona görə də belə problemlər yaranır. Qadın nə qədər çox abort elətdirirsə, bir o qədər risk altına düşür. Sonra da digər xəstəliklər baş qaldırır. Neçə ildir demoqrafik problemdən danışılır, müxtəlif çıxış yolları axtarılır. Əgər biz məsələyə insan müdaxiləsindən əl çəksək, təbiət özü bu balansı bərpa edəcək. Demoqrafik problem də həllini tapacaq. Təki insanlar təbiətin işinə qarışmasın.
Məlahət Rzayeva