“Kaspi”nin əməkdaşı “avtoş”u yaxşı “tərlətdirib”

Rufik İsmayılovun qanun pozuntusuna yol verən sürücülərə qarşı mübarizəsini hamı davam etdirməlidir



"Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov feysbuk profilində çox maraqlı status paylaşıb. Həmkarımız həmin paylaşımda qanun pozuntusuna yol verən sürücülərə qarşı özünün nümunəvi mübarizə yollarından danışıb. Jurnalistin ictimai əhəmiyyətli davranışı maraq doğurduğundan həmin statusu oxucularımıza təqdim edirik:

"Oktyabrın 13-ü işdən çıxıb metronun "Elmlər Akademiyası” stansiyasının yanındakı dayanacağa gedərkən, xoşagəlməz hadisənin şahidi oldum. Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsindəki 4 yolda "KİA” markalı avtomobili idarə edən gənc sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozurdu. İnsanların gur olduğu yerdə işıqforun onun üçün qırmızı işığına əhəmiyyət vermədən, öz hərəkət zolağından çıxaraq, qoşa xətti tapdalayıb əks yola çıxmaqla yanaşı, maşını piyada zolağında hərəkətdə olan tələbə qızların üstünə sürürdü. Bu "sürücü” həm piyadalar, həm də digər sürücülər üçün təhlükəli anlar yaşadırdı. O an öz bacımı, həyat yoldaşımı həmin qızların yerində təsəvvür etdim və gənc "sürücü”nün bu hərəkətlərindən çox əsəbiləşdim. Amma hirsimi heç də onun yaxasından tutmaqla, dava-dalaş salmaqla çıxarmadım. Həmin avtomobilin dövlət nömrə nişanını, hadisənin baş verdiyi ərazini, dəqiq vaxtı özlüyümdə qeyd edib, səhərisi gün Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polis İdarəsinə öz adımdan rəsmi qaydada müraciət etdim. Müraciətimdə baş vermiş hadisəni tam dəqiqliklə təsvir elədim və tələb etdim ki, həmin "sürücü” tapılaraq qanun çərçivəsində cəzalandırılsın. Xüsusilə qeyd etdim ki, həmin "sürücü”nü tanımıram, onunla heç bir şəxsi-qərəzliyim yoxdur və etdiyim əməl sırf vətəndaş mövqeyindən irəli gəlir. Oktyabrın 18-də Daxili İşlər Nazirliyindən rəsmi cavab gəldi ki, müraciətinizə baxılıb, tədbir görülməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilib. Noyabrın 27-də isə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən ünvanıma cavab məktubu göndərilib. Məktubda bildirilib ki, müraciətim araşdırılıb, qaydaları pozan "sürücü” aşkar edilib, ərazidəki müşahidə kameralarının yaddaşındakı videogörüntülər vasitəsilə onun günahı tam təsdiqini tapıb və o, İnzibati Xətalar Məcəlləsinin 151.3-1 və 151.2 maddələrinin tələblərinə uyğun olaraq cəzalandırılıb. Bu, üst-üstə 7 bal və 200 manata yaxın cərimədir. Amma bəlli ki, həmin "sürücü” bundan başqa da əməlli-başlı "tərləyib”, "qazı” alınıb. Eşitdiyimə görə, o "sürücü”nün ailəsində də buna görə çox böyük narahatlıq yaşanıb. O gün, bu gün nə həmin "sürücü”nü, nə də onun idarə etdiyi maşını "Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görürəm. Sözümün canı budur ki, heç kimdən və heç nədən çəkinmədən, siyasi məqsəd güdmədən, hər zaman vətəndaş mövqeyi bildirməkdən çəkinməyək, cəmiyyətdəki əyintilərə, qanunsuzluqlara qarşı sivil qaydada mübarizə aparaq. Bu Vətən də, bu dövlət də bizimdir”.

Jurnalistin addımını təqdir edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə söyləyib ki, bu cür vətəndaşlara təşəkkür etmək lazımdır: "Belə vətəndaşların sayı çoxalmalıdır. Bunu ictimai davranış formasına çevirmək lazımdır ki, heç kəs çəkinməsin ki, buna görə məni qınayarlar. Əksinə, belə addımlar alqışlanmalıdır. Çünki cəmiyyətdə möhkəm nizam- intizamın yaranması ictimai qınağı da gücləndirir. Əslində bu, ictimai qınaq da deyil. Vətəndaşın aktiv mövqeyidir ki, pozuntuya yol vermiş sürücü qanun qarşısında dayansın. Məsuliyyətdən kənarda qalmasın. Vətəndaşlarımız fəal olmalıdırlar. "Polislə əlbirdir” ifadəsindən çəkinməli deyillər. Qoy desinlər. Qanun naminə, polislə mehriban və işgüzar əlaqələr qurmaq lazımdır ki, cəmiyyətdə asayiş qorunsun. Bu, qanunvericilikdə də var ki, hər bir vətəndaşın müraciəti qəbul edilməli, araşdırılmalı və tədbirlər görülməlidir. Jurnalistin addımını alqışlamaq lazımdır”.

Ekspert diqqətə çatdırıb ki, həmin sürücü R.İsmayılovu tapıb, təzyiq göstərərsə, bunun da qanunla cəzası var: "Baxın, həmin adam jurnalisti hədələsə ki, səni gəlib döyərəm, vuraram, onda sürücü cinayət məsuliyyətinə cəlb olunmalıdır. Kimisə ölümlə, döyməklə təhdid edən adamın qolları qandallanmalıdır. Bunu təbliğ etmək lazımdır ki, həmin sürücünün jurnalistə irad da bildirməyə haqqı yoxdur. Ona görə deyirəm ki, belə məsələlər ictimai normaya çevrilməlidir”.

Ə.Hüseynovun sözlərinə görə, jurnalistin müraciətiniə DYP -nin dərhal reaksiya verməsi də təqdir olunmalıdır: "Əsas məsələ odur ki, belə müraciətlərə qanun çərçivəsində cavab verilməlidir. Doğrudur, bütün məsələlərin hamısını vətəndaşların istədikləri kimi icra etmək olmur. Bəzən mahiyyətdə fərqlər yaranır. Hər halda dövlət orqanlarının qapıları sözün geniş mənasında vətəndaşların üzünə açıq olmalıdır. Müraciətlərə qanun çərçivəsində reaksiya verilməlidir. Əks halda, problemlər yığılıb qalacaq və bir də görəcəklər ki, vəziyyət kritik həddə çatıb”.

Ayyət Əhməd