Azərbaycanda son aylar media ilə bağlı əsas müzakirə mövzularından biri də internet media resurslarının oxşar domen problemidir. Əsas problem milli brendə çevrilmiş media resurslarının domenlərinə oxşar və ya əlavələr etməklə yeni yaradılmış saytların özlərini eyni ad altında təqdim etmələri, bəzən isə reket fəaliyyəti ilə məşğul olmalarıdır. Belə saytların məqsədi və fəaliyyət növü oxşar populyar adlardan istifadə edib özlərinin "qara əməl”lərini həyata keçirmək, kimisə şantaj etməklə müəyyən maliyyə vəsaitləri əldə etməkdir. Bu da təbii ki, digər populyar saytların nüfuzuna ciddi xələl gətirir. Məsələn, "aznews.az”-la yanaşı, "aznewsinfo.az”-ın meydana çıxması, "APA.az”-dan sonra "apatv.az”-ın yaranması, "azinform.az” və "azadinform.az” saytları ilə bərabər "inform.az”, və s. xəbər portallarının ortaya çıxması oxucularda çaşqınlıq yaradır.
"Yeni sayt yaradanlar çalışmalıdır ki, fərqli adlar seçsinlər”
Bir müddət öncə Mətbuat Şurası da məsələyə münasibətini bildirib. Qurumun sədri Əflatun Amaşov oxşar domenlər məsələsinin Azərbaycan mətbuatında böyük problem olduğunu qeyd edib: "Belə məqamlarla bağlı Mətbuat Şurasına tez-tez şikayətlər daxil olur. Elə biri "Azərbaycan” qəzeti. Oxşar domenlərlə bağlı məsələ mətbuatda böyük problemdir”. Ə.Amaşov deyib ki, bu proseslər dünyanın çox ölkələrində baş verir: "Hüquqi baxımdan hər hansı bir kütləvi informasiya vasitələrinin adını çəkərkən, o, tam olaraq təkrar olmamalıdır. Yeni sayt yaradanlar çalışmalıdırlar ki, kifayət qədər orijinal və başqa saytlara bənzəməyən adlar seçsinlər. Ancaq çox təəsüf ki, Azərbaycanda biri-birinə oxşayan adlara üstünlük verilir. Əsasən də az limiti və az populyar olan saytların adları məşhur saytların adına uyğun olaraq seçilir. Fikir versəniz, Azərbaycanda 20-yə yaxın kütləvi informasiya vasitəsi var ki, onlarda "Azərbaycan” və "news” sözü təkrarlanır. Bunun özü problemdir”. Şura sədri yaranmış vəziyyətdə oxucuları diqqətli olmağa səsləyib: "Oxucular gündəlik təmasda olduqları saytları yaxşı tanımalıdırlar ki, onları başqaları ilə dəyişik salmasınlar. Bu məsələ Mətbuat Şurasında dəfələrlə müzakirə olunub. Əgər yaranmış problemlə bağlı dəqiq faktlar olarsa, yəni hansısa saytın adından istifadə edilməsi ilə bağlı bizə faktlar daxil olarsa, o zaman onun haqqında ölçü götürüləcək”.
"Bundan reket məqsədi üçün istifadə edirlər”
Məlumat üçün bildirək ki, problem APA informasiya agentliyinin adına oxşar sayt yaradılması ilə aktuallaşıb. Hətta oxşar domendə fəaliyyət göstərən saytla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər edilib. Bundan sonra isə oxşar problemlə daha bir neçə aparıcı informasiya agentliyi, həmçinin "AzNews.az” da üzləşib. Belə ki, bu sayta oxşar olaraq "aznews.info” saytı yaradılıb. "Qafqazinfo.az” saytı da eyni problemdən əziyyət çəkib. Saytın rəhbəri Elbrus Ərud məsələ ilə bağlı bəyanat yaydıqdan sonra oxşar domendə fəaliyyət göstərən "Qafqaznews.az” saytında cavab yazısı dərc olunub. Yazıda Elbrus Ərud və saytı təhqir edilib. Vəziyyət o yerə çatıb ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib və sözügedən oxşar sayt rəhbərliyi məhkəməyə verilib.
Sözügedən problemlə üzləşməsi barədə bir neçə dəfə bəyanat yayan "APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, əslində məsələ Azərbaycanda internet medianın populyarlaşmasından yaranır. Artıq Azərbaycanın internet media bazarında milli brendlər var: "Bu, bütün sahələr üçün xarakterik haldır. Brendin adında hərf dəyişməklə və ya əlavə etməklə yeni əmtəə nişanı ortaya çıxarılır. Əslində bu, bizim uğurlarımızdan biridir ki, bizə bənzəmək, adımızla manipulyasiya etmək istəyirlər. Amma çox təəssüf ki, bir çox hallarda bu adlardan istifadə edənlər tək o adın məşhurluğu altına sığınmırlar, həm də bundan reket məqsədi üçün istifadə edirlər. "APA Holding” fəaliyyəti dövründə bununla rastlaşıb. Ona görə də dəfələrlə APA adı ilə açılmış, alınmış domenlərlə bağlı müxtəlif orqanlara müraciətlər edib, bununla bağlı öz etirazımızı bildirib, açıqlamalar yaymışıq. Ən azı ictimaiyyəti məlumatlandırmışıq ki, bu, biz deyilik”.
"Tanınmış media qurumları öz brendlərini patentləşdirməlidir”
Holdinq rəhbəri vurğulayıb ki, "APA” vəziyyətdən çıxış yolu tapıb və milli brend kimi Standartlaşdırma, Metrologiya və Patent Komitəsində APA və "Lent.az” adlarını patentləşdirib: "Bu patentlə media, nəşriyyat və poliqrafiya sahəsində APA sözünün işlədilməsi və bununla yeni brend yaradılması yalnız bizim şirkətə məxsusdur. "APA Holding”in icazəsi olmadan bu addan istifadə etmək olmaz”.
Amma patent hüququ əldə edilməsinə baxmayaraq, "APA Holding” yenə də domenlə bağlı problemlə üzləşib: "Çox təəssüf ki, bizim patentimiz olmasına baxmayaraq, ".az” domen zonasında inzibatçı fəaliyyəti ilə məşğul olan "Network Technologies” (NT) şirkəti bizə aid domeni başqasına satıb. Bununla bağlı məktubumuza şirkət əsaslandırma üçün başqa arqumentlər istəməklə cavab verdi. Biz isə yenidən Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə müraciət etdik və APA adının yalnız bizim şirkətə məxsus olduğunu təsdiqləyən arayış aldıq. Təəssüf ki, bundan sonra da bu şirkət "www.apatv.az” domeninin vaxtını tamamilə qanuna zidd olaraq, bizim şirkətə aidiyyəti olmayan şəxsin adına uzatdı. Həmin şəxs isə domeni almaq üçün bizdən olduqca böyük məbləğ tələb etdi”.
"APA Holding”in rəhbəri hesab edir ki, problemin həlli dünya praktikasını öyrənməkdən keçir: "Bəlkə gələcəkdə qanunvericilikdə dəyişiklik oldu. Eyni zamanda mən tanınmış media qurumlarını öz brendlərini patentləşdirməyə çağırıram. Çünki internet media məkanında oxşar domenlərlə bağlı yaranmış problem informasiya təhlükəsizliyi üçün təhdid rolu oynayır. Bir çox hallarda domenlə yanaşı, dizayn da, şriftlər də oğurlanır. Bu isə məşhur, inanılmış media resursunun adından sui-istifadəyə, eyni zamanda dezinformasiyaların yayılmasına və çaşqınlıq yaradılmasına səbəb ola bilir”.
"İstənilən şəxsin oxşar ad və ya domen almasında
hüquqi problem yoxdur”
Mövzu ilə bağlı "Şərq”ə danışan media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə düşünür ki, mövcud problemi inzibati yolla, qadağalarla tənzimləmək olmaz: "Domenlər sadəcə (".az”) resurslarından ibarət deyil. Həmçinin, "org”, "com”, "tv” və s. beynəlxalq domenlər də mövcuddur və bəziləri onlardan istifadə edir. Məsələn, "Apa.az” Azərbaycandadırsa, "Apa.com” hansısa xarici ölkədə ola bilər. Bunlar biri-birinin alternativi sayılmırlar və eyni zamanda fərqli domen coğrafiyasında yerləşirlər. Digər bir məqam da odur ki, istənilən şəxsin oxşar ad və ya domen almasında hüquqi problem yoxdur. Bununla bağlı cəmiyyətdə hər hansı çaşqınlığın olacağını da düşünmürəm. Çünki insanlar xəbər oxuyarkən əsasən etibarlılığa fikir verirlər. Əgər oxucu hər hansı kampaniyanın etibarlı, obyektiv, dürüst, jurnalistika qaydalarına uyğun şəkildə fəaliyyət göstərdiyinə qənaət gətirirsə, xəbər əldə etmək üçün həmin saytı seçir. Yox, əgər əksinə görürsə, yəni saytın dezinformasiya yaydığına əmin olursa, bir də heç vaxt həmin portala girmir. Necə deyərlər, saytı öz "qara siyahısına” salırlar. Burada çaşqınlıqdan söhbət gedə bilməz. Çünki insanlar daim izlədikləri saytın adını da, domenini də yaxşı bilirlər”.
Ekspertə görə, prosesi hansısa inzibati metodla məhdudlaşdırmağın özü geriyə atılmış addım olar: "İnformasiya Kommuniksiya Texnologiyalarının bu qədər sürətlə inkişafı bizə daha çevik qərar qəbul etmək imkanı verir. Problemi tənzimləmək ancaq cəmiyyətin öz seçimi ilə mümkündür. Əgər cəmiyyət bir resursa etibar edirsə, onu aktuallaşdırır və bununla saytın İP-ləri minlərə, milyonlara çıxır. Əgər cəmiyyət hansısa sayta güvənmirsə, "beş barmağı bal edib oxucunun ağzına qoysa” həmin sayt media bazarında özünə yer tapa bilməyəcək. Bir daha deyirəm ki, inzibati metodlarla internet resurslarını tənzimləmək olmaz. Bunu ancaq oxucunun təbii seçimi edə bilər. Təbii seçim isə çox qısa müddətdə özünü göstərir. Əgər sayt bir neçə ay ərzində özünə auditoriya yığa bilmirsə, artıq onun şansı qalmır. Hazırda ölkədə elə saytlar var ki, onlar mühitdə oturuşub və öz adları ilə markalaşıblar. Məsələn, "lent.az”, "Haqqın.az”, "Qafqaz.info”, "musavat.com” və s. belə saytlardandır. Siz bu adlara nə istəyirsinizsə, əlavə edin, yenə də həmin saytların oxucularını qopara bilməzsiniz. Kimsə APA-nın qapağına "Q” hərfi qoyub, onu "Qapa” eləməklə nəticəni dəyişə bilməz. Eyni zamanda "Şərq” adının əvvəlinə və ya sonuna hansısa hərf artırmaqla "Şərq”in oxucusunu əlindən almaq imkansızdır. Çünki APA-dan və "Şərq”dən informasiyasını alıb ona etibar edən oxucular istənilən şəraitdə həmin media qurumlarını seçəcəklər, "kloun” saytları deyil. Xatırlayırsızsa, bir müddət əvvəl çox fərqli saytlar var idi, hanı indi onlar? Heç biri rəqabətə tab gətirməyib. Konkret öz yolu ilə getməyən, cəmiyyətin xəbər ehtiyacını ödəməyən, başqalarını yamsılamaqla gündəmdə qalmağa çalışan saytlar qısa müddətdən sonra silinib gedəcəklər. Həmçinin, bir şeyi də nəzərə almaq lazımdır ki, saytlardakı nöqtə və saybllar fərqli pəncərələrə gedib çıxır. Qəzetlərdə müəyyən mənada eynilik etmək mümkündür. Məsələn, "Yeni Müsavat” qəzetinə "Müasir Müsavat” adı ilə eyni dizaynı verərək cəmiyyəti aldatmaq olar. Amma saytlarda bu, mümkün deyil, internetdə konkret nəyi yazırsansa, ona da girirsən”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb