İlin ortalarında Daxili İşlər Nazirliyinin post-patrul xidməti (PPX) və Dövlət Yol Polisi (DYP) əməkdaşları üçün ölkəmizə gətirilən avtomobillərin sahib olduğu özəlliklərdən biri də "I (ay) patrol” xidmətidir. Qeyd edək ki, paytaxtda quraşdırılmış kameralar vasitəsilə hərəkətə tam nəzarət edilir. Yollarda yol polisinin olub-olmamasından asılı olmayaraq, yol hərəkəti qaydalarını pozanlar avtomatik olaraq qeydə alınır.
Onlar barədə tədbirlərin görülməsi üçün elektron protokollar tərtib olunur. Yeni sistem isə hərəkətli və ya hərəkətsiz halda qayda pozanların hamısını qeydə alır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da deyib ki, yol-patrul inspektorlarına verilən yeni, "BMW” markalı avtomobillərdə olan ən yeni texnika, "I patrol” sistemi vasitəsilə avtomatik olaraq hərəkətli və ya hərəkətsiz olan, yol hərəkət qaydalarını pozan, bir sözlə, inzibati xəta törədən hər bir hərəkət iştirakçısını qeydə alır. Bu sistemin dünyada ilk dəfə olaraq Azərbaycanda istifadə edildiyini vurğulayan polkovnik deyib ki, alınan məlumat mərkəzə ötürülür. Mərkəz vasitəsilə tədbirlərin görülməsi üçün tərtib edilən elektron inzibati protokollar aidiyyəti üzrə vətəndaşlara göndərilir.
"BMW” markalı avtomobillərdə olan bu xidməti şərh edən "Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlının sözlərinə görə, bu avtomobillərin üstünlükləri barədə hələ onlar Avropa Oyunları ərəfəsində Azərbaycana gətiriləndə məlumat verilib: "Həmin üstünlüklərin bir çoxundan istifadə edilməsə də, bəzi sistemlər həyata keçirilir. Həmin üstünlüklərdən biri də "I patrol” xidmətidir. Bu o deməkdir ki, nəqliyyat vasitəsini qırmızı işıqda keçdikdə belə, çəkib, qeydə alırlar. Sürücü barədə elektron protokol tərtib edib, ünvana göndərirlər. Eyni zamanda, dayanma-durma qaydasını pozan nəqliyyat vasitəsinin də şəklini düşüb çəkməyə ehtiyac qalmır. Çünki "BMW” markalı avtomobillər hansı yoldan keçirsə, həmin küçədə olan bütün qanun pozuntularını bir-bir qeydə alır. Ancaq avtomobillər sıx dayandığı halda patrul əməkdaşının maşından düşüb, dövlət nömrə nişanını qeyd etməyinə ehtiyac yaranır”.
E.Muradlı yol polisləri ilə daim ünsiyyətdə olan biri kimi bu texnologiyadan bütün patrol əməkdaşlarının istifadə edə biləcəyinin inandırıcı olmadığını deyib: "Ümumilikdə sistemin tətbiqi təqdirəlayiq haldır. Amma dövlət yol polisləri ilə apardığımız müzakirələr fonunda deyə bilərəm ki, yol patrul xidmət əməkdaşlarının əksəriyyəti bu texnologiyanın istifadəsindən xəbərsizdirlər. Təhsilli, savadlı, daim yeniliklərlə tanış olan əməkdaşlar da var. Bunu inkar etmirik. Hətta elələri var ki, yalnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrində yol hərəkəti, nəqliyyat sahəsində həyata keçirilən yeniliklərdən belə xəbərdardır. Zənnimcə, "I patrol” xidmətindən istifadə belə əməkdaşlar üçün heç bir çətinlik yaratmayacaq. Amma yol polisində elə əməkdaşlar var ki, həm orta təhsillə, həm də yaşlıdırlar. Onların bu cür yeni texnologiyalardan bəhrələnməsi real görünmür. Hesab edirəm ki, bu xidmətdən istifadə qaydalarını onlara aşılamaq üçün aylarla vaxt lazımdır. Ancaq indiki reallıqda bu da mümkün görünmür. Çünki patrul əməkdaşları iş rejiminin 8 saat olmasına rəğmən 14-15 saat iş başında olurlar. Əgər bu xidməti müasir texnologiyanı bilən patrul əməkdaşlarına həvalə edəcəklərsə, bu ancaq ümumi işin xeyrinə olacaq. İstənilən halda, yol polisinin sürücülərlə ünsiyyəti azaldıb, texnologiyanın yeniliklərindən faydalanması alqışa layiqdir. Amma bizim yol polisi bu yeniliklərdən necə istifadə edəcək? Əsas məsələ bu sualın cavabındadır. Yol polisi əməkdaşlarının radar qeydiyyatında olan avtomobillərlə bağlı o qədər mübahisəli məsələlər var ki. Təsəvvür edin ki, bir avtomobil saatda 60 kilometr sürətlə gedir və təsadüfən hansısa maşın 120 sürətlə bunun yanından keçən zaman radara düşür və hər iki maşın kameraya düşür. Nəticədə isə sürücü yol polisinə sürət həddini aşmadığını sübut edə bilmir və aləm biri-birinə dəyir. Onu da deyim ki, yeni texnologiyalar bir az incəlik tələb edir. Bu sistemi az bilmək kimi çox bilməyin də fəsadları var. Yaşıl işıqda hərəkətdə olan avtomobili dayanmış, qırmızı işıqda dayanmış maşını da hərəkət edən formada çəkib göstərmək olar. Yaxşı olar ki, bizim patrul əməkdaşları bu cür texnologiyalardan istifadə edən zaman vicdanlarını qabaqlarına qoyub, insanları incitməsinlər”.
E.Muradlının sözlərinə görə, düzgün istifadə ediləcəyi halda bu xidmət yollarda nizam-intizamı tənzimləyəcək, bir sıra neqativ halların qarşısını alacaq, sürücülərin məsuliyyət hissini artıracaq: "Elə sürücülərimiz var ki, yol hərəkəti qaydalarını pozmasına rəğmən ondan sənəd tələb edən patrul əməkdaşını "borclu” çıxarır. And-aman edərək heç bir qayda pozmadığını iddia edir. Üç sürücüdən ikisi patrul əməkdaşından "sübut” tələb edir. Sübut üçün isə "I patrul” xidmətindən yaxşısı yoxdur. Sadəcə olaraq, onu təkmilləşdirib, düzgün tətbiqinə nəzarət etmək lazımdır. Bu xidmətin tətbiqi zamanı sürücü öz xətasından yayına bilməyəcək. Ona qaydanı harada və necə pozduğuna dair birbaşa foto fakt təqdim ediləcək”.
Patrul avtomobillərində quraşdırılan yeni texnologiyaların bir sıra hallarda özünü doğrultmadığını vurğulayan E.Muradlı deyib ki, bunun da səbəbi texnologiyaların Çin istehsalı olmasındadır: "Yol-patrul əməkdaşları ilə söhbət zamanı məlum oldu ki, GPS modulu və avtomobillərin üzərindəki sayrışan işıqlar bir müddət istifadədən sonra sıradan çıxır. Ümid edirik ki, "I patrol” xidməti də "kitayski” çıxmayacaq”.
Şəymən