Dünən Yasamal rayonu Zərdabi küçəsi 96 ünvanında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılan 17 yaşlı Esmira Əhmədova Kliniki Tibbi Mərkəzdən Neyrocərrahiyə xəstəxanasına köçürülüb. Lent.az-ın məlumatına görə, 1 saylı Tibb Texnikumunun tələbəsi olan qızın bel nahiyəsindən onurğa sütunu qırıldığından onun daha ixtisaslaşmış tibb müəssisəsinə köçürülməsinə zərurət yaranıb. Bildirilir ki, gənc qızın bir neçə onurğa fəqərəsi sınıb və onurğa beyni zədələnib.
Neyrocərrahiyyə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən E.Əhmədovanın burada nə qədər qalacağı hələlik məlum deyil.
*****
13:20
Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, 1998-ci iltəvəllüdlü Əhmədova Esmira İlqar qızı Səhiyyə Nazirliyinin Yasamal rayonu Zərdabi küçəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb. 17 yaşlı qız liftin 1-ci mərtəbəsində dayanmış vəziyyətdə olan liftin damına düşüb. O, təcili olaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinə nəticəsində E.Əhmədovanın çoxsaylı sınıq xəsarətləri aldığı və vəziyyətinin çox ağır olduğu məlum olub.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, 9-cu mərtəbədən yıxılan 17 yaşlı E.Əhmədova 1 saylı Tibb Texnikumunun tələbəsi olub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.