Xaçmazda Hacı Zeynalabdin Tağıyevin abidəsinə yer tapılmır





Hacı Zeynalabdin Tağıyevin yaxın keçmişədək Xaçmaz şəhərinin əsas küçələrindən birində vüqarla ucalan büstü hazırda, şəhərin şimal çıxışında, Bakı-Yalama avtomobil yolunun sol tərəfindəki "Lukoil” yanacaqdoldurma stansiyasının həyətində lazımsız dekorativ elementlər qəbiristanlığına atılıb. Hacının öz vəsaiti hesabına çəkdirdiyi Şollar suyundan nuş edən bu işə məsul məmurlar görəsən öz zamanının birinci gildiya tacirini nə vaxtadək daş-kəsək içində "həbs etməyi” düşünürlər? Amma möhtərəm Hacının və Tağıyevsevərlərin kiçik də olsa "təsəllisi” var: Hacı Zeynalabdin Tağıyevin büstünün üzünü sovetlər dönəmində çəkilmiş ikinci Şollar su kəmərinə sarı çeviriblər. Və yəqin ki, büstdən 10-15 metr aralı keçən bu kəmərin şırıltısını biz eşitməsək də, o yaxşı eşidir...