Gələn il Qarabağda müharibə alovlana bilər

Rusiya tərəfdən gələn xəbərlər xoşməramlı deyil
Azərbaycanlı ekspertlər də getdikcə cəbhədə vəziyyətin gərginləşəcəyini ehtimal edirlər


"Dağlıq Qarabağda müharibə ehtimalı böyükdür”. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibi Nikolay Bordyuja deyib. Onun sözlərinə görə, qoşunların təmas xəttində vəziyyət ciddi narahatlıq doğurur və münaqişənin gərginləşməsinin qarşısını almaq lazımdır:

"Biz bu gün Qafqazda baş verənlərə böyük həyəcanla baxırıq, xüsusilə Qarabağ münaqişəsi, təmas xəttindəki vəziyyət bizi çox narahat edir. Orada artıq ağır silahlar, tanklar tətbiq olunur, insan itkiləri var”. Bordyuja deyib ki, gərginlik bütün Qafqazı təhdid edir: "Dövlət başçılarının nüfuzundan istifadə edərək, "ilk növbədə siyasi metodlarla” hərəkət etmək lazımdır.

"Gələn ay Dağlıq Qarabağa görə müharibə başlaya bilər”

Rusiya hərbi dairələrinə yaxın hesab edilən "Arqumenti Nedeli” qəzeti də bölgədə müharibə ehtimalını dəyərləndirib. Qəzetin məlumatına görə, Dağlıq Qarabağ ətrafında situasiya mürəkkəbləşir: "Praktiki olaraq hər gün erməni və Azərbaycan KİV-ləri şiddətli döyüşlər haqda xəbərlər yayır. Tərəflər biri-birini atəşkəsin pozulmasında ittiham edirlər və qurbanlar haqda məlumatlar verirlər. Ermənistan Prezidenti Serj Sarkisyan da ötən həftə KTMT iclasında İrəvanla Bakı arasında istənilən vaxt müharibənin başlaya biləcəyini deyib”. Qəzet hərbi qaynaqlara istinadən yazır ki, Rusiya Qarabağda sülhməramlı kontingentin yerləşdirilməsini təklif edir, ancaq Azərbaycan bununla razı deyil: "Hazırda Qarabağ münaqişəsinin müharibəyə çevrilməsinə yol verməməyə dair iki plan var. Birinci planı Fransa və ABŞ irəli sürüb. Təklif ediblər ki, ATƏT-in monitorinq qrupu genişləndirilsin, münaqişə zonasına texniki müşahidə və nəzarət vasitələri yerləşdirilsin. Hesab edirik ki, bu, kömək etməyəcək. Ona görə də münaqişə zonasına sülhməramlı kontingentin yeridilməsini təklif edirik. Lakin Bakı buna qətiyyətlə qarşı çıxır”.

"Rusiya-Türkiyə gərginliyi Dağlıq Qarabağ münaqişəsini alovlandıra bilər”

Tanınmış rusiyalı politoloq Maksim Şevçenko Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Qarabağ münaqişəsinin dinc həlli yollarını qaranlıq görür. Yaranmış vəziyyətdə müharibə risklərinin xeyli artdığını düşünən icmalçının fikrincə, bu situasiyada Qarabağda müharibə qaçılmazdır: "Rusiya və Türkiyə birbaşa hərbi münaqişədən çəkinir. Amma qanadlı raketlərin buraxılması və nüvə silahı barədə Prezident Putinin bəyanatları ilə Rusiya özünün ciddi qarşıdurma səviyyəsinə hazır olduğunu nümayiş etdirir. Bütün bunlara rəğmən, Rusiyanın Türkiyə və NATO ilə indiki şərtlərdə qarşıdurması mümkün deyil. Ona görə də münaqişələr Suriyanın, Cənubi Qafqazın, yəni Dağlıq Qarabağ ərazilərinə keçiriləcək. Bu bölgədə azərbaycanlıların və ermənilərin əli ilə tərəflər öz maraqları çərçivəsində müharibə apara bilərlər. Bu baxımdan Qarabağda müharibənin yenidən qızışma ehtimalı çox böyükdür”.

"İstənilən halda Rusiya Ermənistanı,

Ermənistan da separatçıları dəstəkləyəcək”

Analitikə görə, Rusiya Azərbaycanla vuruşmaq istəmir. Ancaq Azərbaycan Ermənistana hücum eləsə, müdaxilə qaçılmaz olacaq: "Doğrudur, 7 rayon və Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycan ərazisidir. Amma zəmanət yoxdur ki, müharibə Ermənistan ərazisinə keçməyəcək. Birinci Qarabağ savaşı zamanı mərmilər Ermənistan ərazisinə də düşürdü. Risk böyükdür, istənilən halda Rusiya Ermənistanı, Ermənistan da Qarabağdakı erməni silahlı qüvvələrini dəstəkləyəcək. Bunu heç müzakirə eləməyə də dəyməz. Üstəlik, informasiyalar var ki, Dağlıq Qarabağa suriyalı və livanlı ermənilər göndərilir. Deyilənə görə, onlar yaxşı döyüş təcrübəsinə malikdir və iki vətəndaş müharibəsindən keçiblər. Lakin unutmayaq ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Azərbaycanlı hərbi qulluqçular müntəzəm şəkildə Türkiyədə hazırlıq keçiblər, Azərbaycan ordusu Türkiyə nümunəsi əsasında formalaşıb”.

"Gələn il üçün atəşkəsin intensiv pozulması halları artacaq, amma...”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da deyib ki, getdicə cəbhə bölgəsində vəziyyət daha da gərginləşəcək: "Gələn il üçün atəşkəsin intensiv pozulması halları artacaq. Amma buna baxmayaraq, lokal toqquşmaların genişmiqyaslı müharibəyə çevriləcəyini zənn etmirəm. Fikrimcə, Cənubi Qafqazda yeni müharibənin başlamaması üçün böyük dövlətlər bütün imkanlarını səfərbər edəcəklər”. Politoloq bildirib ki, ABŞ-la yaranan müəyyən problemlərə baxmayaraq, Azərbaycan-ABŞ əməkdaşlığı inkişaf edəcək: "ABŞ Azərbaycanın böyük enerji layihələrini dəstəkləyir. Ona görə də TAP və TANAP-a lobbiçilik edir. Bu baxımdan gələn il Azərbaycanın ABŞ-la təhlükəsizlik və enerji sahələrində əməkdaşlığını genişləndirmək ehtiyacı yaranacaq. İranla münasibətlərdə isə sanksiyalar bu ölkənin üzərindən götürüldükdən sonra Azərbaycan-İran arasında nəqliyyat layihələrinin həlli gündəmə gəlib. Eyni zamanda gələn il Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə düşməsi ilə də yadda qalacaq. Bütün bu mühüm layihələr bölgədə müharibənin başlamasına imkan verməz”.

İsmayıl