Aqşin Yeniseydən təklif var

“Biz yaxın gələcəkdə üstümüzdən neft ölkəsi adını götürmək üçün əlimizdən, ağlımızdan gələn hər şey etməliyik”
“Neft bumu yaşadığımız bu illər ərzində heç bir mədəni inkişafa nail olmamışıq, ona görə də neftin qiyməti bir balaca enən kimi cəmiyyətin mənəvi-psixoloji səviyyəsi də onunla birgə enir”


Milli valyutamızın 50 faizə yaxın dəyərdən düşməsi cəmiyyətin əsas müzakirə predmetidir. İqtisadçısından aliminə, müəllimindən - fəhləsinə qədər hər kəs manatın üzməsindən danışır. Daha doğrusu, "üzən manat” adı altındakı kəskin devalvasiyadan...

Hətta müğənni Elza Seyidcahan belə bu günlərdə "Dollar” adlı şeiri ilə sosial şəbəkələrin "ulduz”u olmuşdu. Bu baxımdan devalvasiya jurnalistlərin, yazarların da qələmindən yan keçməyib. Jurnalist-yazar Dilqəm Əhməd şair Aqşin Yeniseyin "Axşamçağı” şeirinin sözlərini dəyişdirərək məzənnə ilə uyğunlaşdırıb.

"Banklara dollarla külli-miqdarda borcu olan şair Aqşin Yenisey manatla baş-başa verib bir axşamçağı dərdləşib” statusu ilə müzakirə açan yazar manatın Xəzərin dibinə enməsindən, insanların cibindən yox olmasından hər gün "exchange” qarşısında rəqəmlərə çevrilməsindən yazıb:

Təkcə üzüb qalxmaqdan

Bezdirmişəm dənizi

Ətrafımda heç kim yox

Rublun da itib izi.

yaxud da

Hələ bunun gecələr

İçib ağlamağı var

İki manata düşəndə

Ürək dağlamağı var.

Şeirinə yazılan nəzirə ilə bağlı münasibətini bildirən Aqşin Yenisey banklara borcunun olması ilə bağlı Dilqəm bəyin yazdıqlarının sözsüz ki, bir zarafat olduğunu deyib. Söhbət zamanı devalvasiyanın Azərbaycan iqtisadiyyatına təsirlərinə toxunan şair deyib ki, biz yaxın gələcəkdə üstümüzdən neft ölkəsi adını götürmək üçün əlimizdən, ağlımızdan gələn hər şey etməliyik:

"Görünən mənzərə budur ki, son 200 ildir dünya siyasəti neft üzərində qurulur və taleyi neft bazarından asılı olan xalqlar dövrü olaraq eyni problemlərlə üzləşirlər. Fakt budur ki, neft bumu yaşadığımız bu illər ərzində heç bir mədəni inkişafa nail olmamışıq, ona görə də neftin qiyməti bir balaca enən kimi cəmiyyətin mənəvi-psixoloji səviyyəsi də onunla birgə enir”.

Neftin yaxın illərdə qiyməti qalxmazsa, Azərbaycanın maddi, psixoloji cəhətdən bu vəziyyətdən necə çıxacağını dəqiq bilməyən şair deyib ki, onun gördüyü neft ölkəsinin mənzərəsi belədir: "Xəstələri müalicə etmək üçün ən bahalı müasir cihazlar və o cihazları işlədə bilməyib, xəstələri türkəçarə yolla müalicə edən savadsız həkimlər. Yəqin ki, elə yenə də belə olacaq”.

Şəymən