Sülhəddin Əkbər: “SSRİ arxivinin açılmasını yeni hadisə kimi dəyərləndirmək doğru deyil”
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev "Türküstan” qəzetinin yazarı Sərxan Carçının Stalin repressiyası dövründə həbs olunmuş və sonradan güllələnmiş ulu babası haqda müraciətini qısa müddətdə cavablandırıb.
Sərxan Carçı bildirib ki, babasının atasının həbsi ilə bağlı arxivdəki sənədləri və varsa, fotosunu əldə etmək üçün dəfələrlə Milli Təhlükəsizlik Nazirliyinin əvvəlki rəhbərliyinə xahiş məktubu yazıb. Amma aylarla gözləsə də, onlar vətəndaşa heç bir cavab verməyiblər: "Nazirlikdə rəhbərlik dəyişəndə birbaşa general Mədət Quliyevə məktub yazdım. Cavab gözləməsəm də, bir neçə gün keçmiş telefonuma zəng gəldi. Zəng vuranlar babam Musa Carçıyevin sənədlərinin tapıldığını bildirdilər. MTN-in arxiv əməkdaşları o sənədləri mənə verəcəklərini dedilər. Həqiqətən o kişinin nəvəsi olmağımla bağlı sənəd təqdim etməli idim. Tələb olunanı verib ən qısa müddətdə sənəd arxivini, hətta fotosunu əldə etdim”. Jurnalist operativ münasibətə görə, Mədət Quliyevə öz təşəkkürünü bildirib. Xatırladaq ki, Musa Abbas oğlu Carçıyev məlum repressiya dövründə 3 il azadlıqdan məhrum edilib və 1938-ci ildə "əksinqilabi fəaliyyət” və "antisovet təbliğatı” maddələri ilə təqsirli bilinərək güllələnib. Məsələni "Şərq”ə şərh edən Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər deyib ki, keçmiş MTN rəhbərliyinin vətəndaşın müraciətinə məhəl qoymaması bürokratik məsələdir: "Əvvəlcə vurğulamaq istəyirəm ki, keçmiş "KQB”-nin, MTN-in və indiki DTK-nın arxivləri tamam fərqlidir. DTK öz yeni arxivini bundan sonra yaradacaq. Təhlükəsizlik orqanlarının arxivlərində çox müxtəlif xarakterli və kateqoriyalı sənədlər saxlanılır. Əgər burada söhbət konkret keçmiş sovet dövrünün, yəni "KQB”-nin arxivindən gedirsə, həmin arxivlər Azərbaycan müstəqillik əldə etdikdən sonra açılıb. Yəni ümumi şəkildə "NKVD” və sovet "KQB”-sində aparılan cinayət işləri ilə bağlı sənədlər SSRİ dağılandan sonra gün üzünə çıxıb. Bizim dövrümüzdə arxivlərin açılması daha geniş vüsət alıb və bu proses indiyə kimi davam edir. Bu baxımdan SSRİ arxivinin açılmasını yeni hadisə kimi dəyərləndirmək doğru deyil”.
İsmayıl