“Bu, ali məktəblərin qapısının açıq olacağı, say məhdudiyyəti olmadığına görə keçid balını toplayan abituriyentlərin ali məktəbə üz tutacaq anlamına gəlməməlidir”
Azərbaycanda 2016-2017-ci tədris ilindən ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək. Bu, ölkə təhsil sisteminin dünya təhsil sisteminə uyğunlaşdırılması, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması baxımından atılan addım kimi qiymətləndirilir.
Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimovun sözlərinə görə, ödənişli əsaslarla plan yerləri Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ləğv edilir: "Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin strategiyaya uyğun olaraq, gələn ildən ləğv edilməsi nəzərdə tutulub. 2016-2017-ci tədris ilindən qəbul zamanı artıq bu mexanizm tətbiq olunacaq. Hazırda mexanizm işlənilir”.
N.İbrahimov əlavə edib ki, bu mexanizm elə ilk mərhələdə bütün ölkə üzrə tətbiq olunacaq və ölkədəki bütün ali məktəblərdəki ödənişli plan yerlərinə şamil ediləcək.
Qeyd edək ki, bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə - dövlət sifarişi və ödənişli əsaslarla formalaşır. İndiki halda ali və orta ixtisas müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğvi cəmiyyətdə müxtəlif cür yozulur. Bəs, ödənişli planın ləğvinin mahiyyəti nədən ibarətdir, necə həyata keçiriləcək, tələbə qəbulu üçün limit, eləcə də təhsil haqqı necə olacaq, ödənişsiz dövlət təhsilinə təsir göstərəcəkmi və s. suallara cavab axtarılır.
Ekspertlər isə hesab edir ki, ölkədə təhsil sistemində şəffaflığın yaradılmasına, yeni inteqrativ proseslərin genişləndirilməsinə daha böyük ehtiyac var.
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış pedaqoq-tarixçi Dilavər Əzimli bu yeniliyin təqdirəlayiq olduğunu qeyd edib: "2016-2017-ci tədris ilindən ali məktəblərdə ödənişli əsaslarla olan plan yerlərinin ləğv edilməsi təklifinin alqışlayıram. Əslində, bu, mövcud reallıq baxımından yaxşı addımdır. Amma təhsilin keyfiyyətinin yüksəlməsi ona göstəriləcək qayğıdan asılıdır. İlk növbədə rüşvətin qarşısı alınmalıdır. Bu məsələ həllini tapmasa, problem həll olmayacaq. Bundan əlavə, tələbə-müəllim münasibətlərinə yenidən baxılmalıdır. Bizdə tələbələr müəllimlərdən daha çox onların xarakterinə görə çəkinirlər. Amma tələbə müəllimə savadına görə hörmət etməlidir. Bundan əlavə, müəllimlərin maaşları artırılmalı və problemləri həll olunmalıdır. Bütün bunlar kompleks tədbirlərdir. Onu həyata keçirmək üçün iradə olmalıdır. Amma hər halda ödənişli oxumağın ləğv olunması kimi tədbirlər alqışalayiqdir”.
Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, əvvəllər ali məktəb hər hansı ixtisas üzrə müəyyən sayda tələbənin təhsilini təmin etmək üçün Nazirlər Kabinetinə müraciət edirdi. Nazirlər Kabineti dövlət hesabına təhsil üçün ali məktəbə müəyyən sayda yer ayırırdı, yerdə qalan say ödənişli təhsilə aid edilirdi. Artıq bu say götürüləcək. Yəni ali məktəb özünün maddi-texniki bazasını, professor-müəllim heyətini, auditoriya fondunu əsas götürərək məhdud sayda yox, imkan çərçivəsində istədiyi qədər ödənişli əsaslarla tələbə qəbul edəcək: "Başqa bir məqam ondan ibarətdir ki, bu, ali məktəblərin qapısının açıq olacağı, say məhdudiyyəti olmadığına görə keçid balını toplayan abituriyentlərin ali məktəbə üz tutacaq anlamına gəlməməlidir. Təhsil Nazirliyi Nazirlər Kabineti planı təsdiqləməmişdən əvvəl ali məktəblərin nə qədər tələbə oxutmaq imkanlarını araşdırmalıdır. Burada ali məktəblərin imkanları mütləq nəzərə alınmalıdır”.
Onun sözlərinə görə, əvvəl bir ali məktəb hansısa ixtisas üzrə 100 tələbə oxutmaq imkanına malik idi. İndi ali məktəblər hesab edirlər ki, ödənişli təhsil planı ləğv olduğu üçün istənilən qədər tələbə qəbul edə bilərlər. Ancaq bunun üçün onların imkanı olmalıdır. Yəni, keçid balı toplayan, lakin ödənişli təhsil almaq istəyənlər heç şübhəsiz ki, bundan bəhrələnəcəklər. Ola bilsin ki, Bakı Dövlət və Dillər Universitetlərinə müxtəlif ixtisaslar üzrə böyük tələbə kütləsi üz tutsun, amma tələbəni oxutmaq imkanları mütləq nəzərə alınmalıdır: "Əslində, bu, ödənişli təhsil imkanlarının genişləndirilməsinə xidmət edir. Bizim universitetlərin böyük əksəriyyəti yalnız tələbənin və dövlətin ayırdığı vəsait hesabına yaşayırlar. Ona görə, ödənişli təhsil almaq istəyən tələbələrin sayı çoxaldıqca, ali məktəblərin imkanları, maddi-texniki bazası möhkəmlənəcək. Amma burada mütləq keyfiyyət məsələsinə diqqət yetirilməlidir”. Ekspert deyib ki, ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğvi ödənişli təhsilin ləğvi demək deyil: "İndi bəzi vətəndaşlar elə başa düşürlər və sevinirlər ki, ödənişli təhsil ləğv olunub. Qətiyyən belə deyil, əksinə, ali məktəblərin ödənişli təhsil imkanları genişləndirilib. Ancaq ali məktəblərin infrastrukturu - professor-müəllim heyəti, auditoriya, İKT fondları, kitabxana, yataqxana - mütləq nəzərə alınmalıdır”. E.Əliyevin sözlərinə görə, belə addımlarla təhsilin səviyyəsini, keyfiyyətini yüksəltmək mümkün deyil. Bu, daha çox keçid balını adlayan və maddi imkanı olan şəxslərin təhsilə cəlb olunması prosesidir. Təhsilin keyfiyyətinin artırılması üçün başqa kriterlər lazımdır: "Bu qərar həm də ödənişsiz planın azalmasına təsir göstərə bilər. Bütün ali məktəblər ödənişli təhsilə meyillidir. Çünki bu, nağd pul formasıdır. Dövlət də müəyyənləşdirdiyi kvota əsasında ayırdığı vəsaiti hesaba köçürür. Ümumiyyətlə, Azərbaycanda ödənişsiz təhsil, yəni dövlət hesabına təhsil 17-20 faiz təşkil edir. Yəni ali məktəb üçün ayrılan 100 yerin 20-si dövlət sifarişidir. Ali məktəblər bunu 10 nəfərə salır və deyirlər ki, bizə gələcəkdə 10 nəfər lazım olacaq. Yerdə qalan 90 abituriyenti ödənişli əsaslarla qəbul edirlər. İndi plan silindi, ali məktəb gücü çatan qədər tələbə qəbul edəcək. Amma buna mütləq nəzarət olmalıdır. Əgər tələbənin oturmağa stolu olmayacaqsa, müəllim çatmayacaqsa, bunun ödənişli, ya ödənişsiz təhsil almasının bu dövlətə, vətəndaşa heç bir xeyri olmayacaq”.
Şəymən