Siyasilər hesab edir ki, iki ölkə arasında qarşıdurma uzun müddət davam edə bilməz
Rusiya Prezidenti Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin görülməsi haqda sərəncam imzalayıb. Kremlin tətbiq etdiyi sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Bu haqda Prezident Vladimir Putinin mətbuat xidməti məlumat yayıb.
Sərəncama əsasən, Türkiyənin Rusiyada fəaliyyət göstərən şirkətləri, eləcə də Türkiyə vətəndaşlarının nəzarəti altında olan Rusiya firmalarının fəaliyyəti ya tam qadağan olunub, ya da fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edilib. Baş nazirin müavini Arkadi Dvorkoviç də bəyan edib ki, Türkiyəyə qarşı növbəti tədbirlər planı hazırlanır: "Biz ardıcıl olaraq sanksiyalar tətbiq edəcəyik. Rusiya hakimiyyəti Türkiyə ilə əməkdaşlıqdan tam imtina etmək fikrində deyil. Lakin adekvat cavab vermək lazımdır”.
"Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasını dəstəkləmirəm”
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib ki, Türkiyə ilə gərginlik Rusiya iqtisadiyyatına ziyan vurur: "Mənim bu məsələyə münasibətim dəyişməyib və prinsipcə, həm Rusiya, həm də Türkiyəyə qarşı sanksiyaların tətbiqinə qarşıyam. Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ziyan vuracaq. Təyyarənin vurulmasından sonra Ankaraya münasibəti siyasi demarşla məhdudlaşdırmaq lazım idi. İqtisadi problemlərə, sanksiyalara ehtiyac yox idi. Bu yaxınlarda bir sahibkarla görüşdüm. Mənə dedi ki, ondan türk işçiləri işdən çıxarmağı tələb edirlər. Sahibkar isə onları belə qısa müddətə əvəz etməyin mümkün olmadığını söyləyir. Deyir ki, kredit və sanksiya cəriməsinə görə məsuliyyət daşıyır”.
Ankaranın 1,2 milyard dollar potensial itkisi var
Rusiya ilə münasibətləri gərginləşən Türkiyə turizm sektorunu qorumaq üçün müxtəlif stimullaşdırıcı addımlar atmağa çalışır. Baş nazir Əhməd Davudoğlunun sözlərinə görə, 2015-ci ilin fevral ayından MDB-nin 8 ölkəsi ilə əməkdaşlıq edən turizm şirkətlərinə vergi güzəştləri tətbiq edilib: "Eyni zamanda turizm şirkətlərinin kredit almaq imkanlarını sadələşdirmişik. Biz bu tədbirləri genişləndirərək 27 ölkə ilə işləyən turizm şirkətlərinə də aid edəcəyik. Bundan başqa, aprel-may aylarında hər reys üçün 6 min dollar ödəyəcəyik”. Baş nazir deyib ki, bu il Türkiyəyə gələn rus turistlərin sayında 19 faiz azalma müşahidə olunub. Təyyarənin vurulmasından sonra Rusiya Türkiyəyə turist göndərişlərini və çarter reyslərini dayandırıb”.
"Heç kim düşünməməlidir ki, biz günahkarıq deyə susmuşuq”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hesab edir ki, Rusiya Türkiyənin vacib tərəfdaşıdır. O ümid edir ki, iki dövlət arasındakı gərgin münasibətlər köhnə günlərdə olduğu kimi olacaq: "Ötən 15 il ərzində Rusiya ilə münasibətlər sanki "kərpic-kərpic” qurulub. Hər iki ölkənin liderləri bu münasibətlərin inkişafına kömək edib. Türkiyə heç vaxt Rusiyaya qarşı neqativ addım atmayıb. Lakin heç kim düşünməməlidir ki, biz günahkarıq deyə susmuşuq. Rusiya bizim üçün vacib tərəfdaşdır. Ona görə də biz səbrlə davranırıq”.
"Türkiyə-Rusiya əlaqələri yenə əvvəlki vəziyyətinə qayıdacaq”
Türkiyədə rus vətəndaşlarla görüşən Çavuşoğlu deyib ki, indi əsas məsələ iki ölkənin əlaqələrində yaranan gərginliyi hansı formada həll etməyin yolunun tapılmasıdır: "Bunun üzərində işləməliyik. Eyni zamanda elə etməliyik ki, indiki vəziyyət iki ölkənin xalqlarına təsir etməsin. Təəssüflər olsun ki, Rusiyada yaşayan və işləyən türk vətəndaşlara qarşı mənfi addımlar atılır. Bundan narahat oluruq. Məsələni həm Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, həm də Rusiyanın başqa rəsmilərinin diqqətinə çatdırdıq. Dostumuz Lavrov da Türkiyə vətəndaşlarına qarşı atılan addımların yanlış olduğunu və bunun qarşısını alacaqlarını söylədi”.
"Türkiyə-Rusiya gərginliyi martda bitəcək”
Türkiyənin ticarət və gömrük naziri Bülent Tüfenkçi ölkəsi ilə Rusiya arasında yaranmış gərginliyin bitəcəyi tarixi açıqlayıb. Nazir münasibətlərin getdikcə normal hala döndüyünü bildirib: "Bibər, xiyar və pomidor məhsullarının satışında sıxıntı yoxdur. Portağal, mandarin kimi məhsullarda isə problem var. Rusiya böhranı dərinləşdirməyə çalışır. Ancaq bu, çox davam edə bilməz. İlk günlərə nisbətən gömrükdən qaytarılan ixrac malları azalıb. Hər şey yavaş-yavaş normallaşır. Bizim vəziyyəti gərginləşdirmək fikrimiz yoxdur. Bununla yanaşı, artıq Rumıniya, İran və Azərbaycan kimi alternativ variantlar yaranıb. TIR, yük maşını ticarətləri Rumıniya və Bolqarıstana yönləndirilib. Həm türk, həm də rus xalqının ziyana düşməməsi üçün əlimizdən gələni edirik”.
Türkiyə özünümüdafiə strategiyasını dəyişir...
Ekspertlərə görə, Ankara onun əleyhinə PKK və separatçılıq kartlarını işə salmaq istəyən Rusiyanı öz taktikası ilə vura bilər. Son həftələr iki regional güc arasında gərginlik gizli neft-qaz savaşına keçir. Məlumdur ki, İraqın kürdlər yaşayan ərazisi neft-qaz qaynaqları ilə zəngindir və Türkiyə ilə regional kürd hökuməti arasında neçə vaxtdır energetika sahəsində ciddi əməkdaşlıq mövcuddur. Təbii ki, Bərzani hökuməti Türkiyə ilə neft-qaz əməkdaşlığında və onun inkişafında maraqlıdır. Çünki söhbət milyardlarla dollar gəlirdən gedir. Eyni zamanda bu qaynaqlar Türkiyənin Rusiyadan energetik asılılığının aradan qaldırılmasında az önəm daşımır. Ərdoğan buna işarət edərək demişdi ki, Türkiyənin neft aldığı ölkələr arasında Şimali İraq Rusiya, İran və Azərbaycandan sonra 4-cü yerdədir. Bir məqamı da xatırladaq ki, kürd muxtariyyəti 2016-cı ilin sonunadək Türkiyəyə təbii qazın çatdırılmasını planlaşdırır. Muxtariyyətin iqtisadi məsələlər üzrə müşaviri Bevar Hansi bildirib ki, region Türkiyə vasitəsi ilə Avropaya 10 milyard kubmetr qaz ixrac etmək fikrindədir. 2020-ci ilin əvvəlində isə hasilat həcmini 20 milyard kubmetrədək artırmaq imkanı var. Hazırda bölgədə kəşf olunmuş qaz yataqlarının həcmi təxminən 45 milyard kubmetr təşkil edir. Deməli, Türkiyə ərazisi Avropaya doğru uzanacaq strateji qaz kəməri üçün mühüm tranzit ölkəsidir. Rusiyada bunu yaxşı bilirlər. Odur ki, Kreml "kürd kartı” hesabına həm də iki tərəf arasında indiki və gələcək neft-qaz anlaşmalarını pozmağa, Türkiyəyə qarşı əlavə təzyiq rıçaqı qazanmağa can atır. Amma türk hökuməti təzyiqlərin qarşısını "Krım kartı” ilə almağa çalışır. Davudoğlunun ötən gün "Krım məsələsində Türkiyə Ukraynanı dəstəkləyir” mesajı da məhz bu məqsədlə gündəmə gətirilib.
"Qarşıdurma siyasi və iqtisadi münasibətlərə zərbə vurur”
Politoloq Fikrət Sadıqov yaxın gələcəkdə Rusiya-Türkiyə əlaqələrinin düzələcəyinə inanmadığını deyib: "Münasibətlər çox gərgindir və gərginləşməkdə də davam edir. Amma bu gərginlik çox davam etməməlidir. Çünki qarşıdurma hər iki dövlətin maraqlarına zərbə vurur. Bu zərbə həm iqtisadi, həm də siyasi münasibətlərə dəyir. Fikrimcə, bir müddət sonra gərginlik səngiyəcək. Lakin bunun üçün müəyyən vaxt lazımdır. Görünür, iki ölkənin münasibətlərini yenidən əvvəlki səviyyəyə gətirmək üçün hansısa bir vasitəçi qüvvə qabağa çıxmalıdır. Düzdür, bu, sabahın məsələsi deyil. Amma çox güman ki, gələcəkdə məsələ bununla yekunlaşacaq. Azərbaycan da bu münasibətlərin bərpasında maraqlıdır”.
İsmayıl