Azərbaycan prezidenti jurnalistləri sevindirdi

İTV-nin əməkdaşları üçün tikilmiş yaşayış binası istifadəyə verilib




İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşları üçün tikilmiş yaşayış binasının açılış mərasim keçirilib.

APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, KİV rəhbərləri iştirak ediblər.

Jurnalistlər üçün tikilmiş 14 və 16 mərtəbəli binalarda ümumilikdə 172 mənzil var. Mərasimdə çıxış edən Ə. Həsənov deyib ki, jurnalistlər üçün yaşayış binası İctimai Televiziya və Radio Yayımları Şirkətinin keçmiş rəhbərliyinin təşəbbüsü, Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi ilə tikilib və 172 jurnalist bu binada mənzil sahibi olub. Mənzil sahibi olan jurnalistləri təbrik edən Ə. Həsənov bildirib ki, jurnalistlər binada mənzil sahibi olmaq üçün müəyyən miqdarda vəsait ödəyiblər: "Ancaq həmin pula nə keçmişdə, nə idi, nə də gələcəkdə bu cür mənzil almaq mümkün deyil. Bunun da səbəbi odur ki, bina Azərbaycan prezidentinin dəstəyi ilə tikilib. Bu, jurnalistlərə bir hədiyyədir”.

Yaradıcı insanlar olan jurnalistlərə həmişə dövlət tərəfindən dəstək verildiyini vurğulayan Ə. Həsənov qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə jurnalistləri təbrik edib.