Nazim Məmmədov: “Xarici turistlərin ölkəmizə kütləvi şəkildə axın olması üçün heç olmasa, qonşu Gürcüstandakı şərait bizdə də yaradılmalıdır”
Manatın ucuzlaşması Bakı otellərindəki qiymətlərə də təsir göstərib. Paytaxtın onsuz da bahalığı ilə məşhur olan otelləri devalvasiyanı bəhanə edərək, qiymətləri daha da artırıblar. Bəzilərində isə bahalaşmaya hazırlıq prosesi gedir. Məsələn, "Hilton Baku Hotel”də devalvasiya nəticəsində qiymətlər 15-20 faiz artıb. Hazırda yeni qiymətlərlə səhər yeməyi daxil iki nəfərlik otaq 351 manatdır. Bundan başqa Bakının ən tanınmış 5 ulduz otellərindən olan "Hyatt Regency Baku”da qiymətlər son devalvasiyadan sonra 15-20 manat yüksəlib. Burada həftə içi səhər yeməyi daxil olmadan bir nəfərin gecələməsi 215 manata başa gələcək. Həmçinin qeyd edək ki, "Boulevard Hotel” və digərlərində də qiymətlərin yanvarın 18-dən sonra artacağı bildirilir. Ekspertlər isə artımın ölkəyə turist axınının azalmasına səbəb olacağını və bunun nəticəsində Azərbaycanda turizm sektoruna ciddi ziyan dəyəcəyini iddia edirlər. Bahalaşmanı şərh edən tanınmış iqtisadçı Nazim Məmmədov da "Şərq”ə deyib ki, məlum bahalaşma ölkənin turizm sahəsinə mənfi təsir göstərəcək: "Onsuz da bu gün Azərbaycan turizm sahəsində və ya bazarında rəqabət apara biləcək ölkə deyil. Azərbaycanda obyektiv səbəblərdən - Dağlıq Qarabağ münaqişəsi davam etdikcə, Azərbaycan qeyri-sabit ölkə kimi qiymətləndirilir. Ona görə də Azərbaycan özünü turizm ölkəsi kimi təsdiq edə bilməyib. İkinci bir səbəb Azərbaycan turizm infrastrukturunun əlçatan olmamasıdır”.
Həmsöhbətimiz qeyd edib ki, dollar bahalaşmazdan qabaq da paytaxtda və eyni zamanda bölgələrimizdə otellərin qiyməti kifayət qədər baha idi: "Ola bilsin ki, az-çox yerli camaatı cəlb edə bilərlər. Ancaq xarici turistlərin ölkəmizə kütləvi şəkildə axın olması üçün heç olmasa, qonşu Gürcüstandakı şərait bizdə də yaradılmalıdır”.
N.Məmmədovun qənaətincə? Azərbaycanda bahalaşmanın digər bir obyektiv səbəbi otellərin çoxulduzlu olmasıdır: "Əksər otelin brend adı var. Onlarda qiymət təbii ki, dollarla müəyyənləşib. Bu səbəbdən onlar qiymətləri bahalaşdırmağa məcburdurlar. Zənnimcə, xarici turistlərin ölkəmizə ayaq açması üçün ikiulduzlu otellər və yataqxana tipli mehmanxanalar tikilməlidir. Əfsuslar olsun ki, bizdə bu tipli otellər də xarici otellərlə müqayisədə az qala 5 ulduzlu otellərə bənzəyir. Xidmətləri isə çox aşağı səviyyədə olur”.
Həmsöhbətimiz nəzərə çatdırıb ki, turist ölkə seçəndə əsasən iki məsələyə diqqət edir: "Öncə həmin ölkənin təhlükəsizliyinə, infrastrukturuna, sonra isə qiymətlərə baxıb, seçim edir. Bizim ölkə isə bahalı ölkələr içərisində qabaq sıralarda yer alır ki, bu da turizm axınını bir qədər zəiflədir. Bundan başqa, yuxarıda qeyd etdiyim kimi, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması da bəzən Azərbaycanı qeyri-stabil ölkə kimi tanıdır”.
Ekspert onu da əlavə edib ki, turist axınının qarşısını alan səbəblərdən biri də Xəzər sahillərinin hasara alınmasıdır: "Bəzi iş adamları, hansısa məmur və məmurlara yaxın insanları, dənizi çəpərə alıblar. Bu da turistlərin axınına maneə yaradan amillər sırasına daxildir”.
Ayyət Əhməd