Tərləmək koronavirus əlamətidir? – Həkim aydınlıq gətirdi

"Aşırı tərləmə hər hansı bir xəstəliyin nəticəsi ola bildiyi kimi, tamamilə psixoloji də ola bilər" 


Tərləmək insan orqanizmi üçün  adi hal olsa da, bir çox insan bunu koronavirus əlaməti kimi qəbul edib, psixoloji gərginlik keçirir.
 Mütəxəssislər isə hesab edir ki, aşırı tərləyən adamların  dərhal koronavirusdan şübhələnib həyəcanlanması düzgün yanaşma deyil.



İnsanlar arasında ciddi narahatlıq doğuran bu məsələyə  aydınlıq gətirən  həkim-fitoterapevt  Elnur Eldaroğlu 
koronavirus xəstəliyi ilə həddən çox tərləmə arasında birbaşa əlaqə  olmadığını deyib. Onun sözlərinə görə, bəzən çox soyuq yerdən isti yerə dərhal yerdəyişmə etdikdə də tərləmə artır.

Aşırı tərləməni hiperhidroz adlandıran həkim deyib ki, həddindən artıq tərləmə zamanı insanın özünə qulluq etməsi probemi bir az azaldır, amma həll etmir: "Sıxlıqla əl, ayaq, qoltuqaltı, başın arxası və üzdə görünən həddindən artıq tərləmə insanı narahat edir. Bu hal hər hansı bir xəstəliyin nəticəsi ola bildiyi kimi, tamamilə psixoloji də ola bilər. Əsasən, qorxu və stress də tər ifrazatını artıra bilər. Buna görə həddindən artıq tərləmənin səbəbləri mütləq araşdırılmalıdır.  Bəzi hallarda tərləmə hər hansı xəstəliyin simptomu kimi meydana çıxa bilər". 

 Mütəxəssisin fikrincə, gecə saatlarında həddindən çox tərləyən insanlarda ağciyər xəstəliyindəm şübhələnmək olar:

-Hərarətin səbəbsiz qalxması zamanı müşayiət olunan güclü tərləmə isə  xərçəng xəstəliyinə işarə edir. 

Tireotoksikoz (qalxanvari vəzi xəstəliyi)  zamanı vəz orqanizmə lazım olandan artıq miqdarlarda hormonları ifraz edir. Qalxanvari vəzi orqanizmdə o cümlədən termorequlyasiya proseslərinə də ciddi təsir edir və bu səbəbdən qalxanvari vəzinin fəaliyyətinin güclənməsi tərləmənin artmasına səbəb olur.

Tireotoksikozdan əziyyət çəkən insanların dərisi hər zaman isti və nəm olur. Digər simptomlar - əsəbilik, əhvalın tez-tez dəyişilməsi, arıqlama, nəbzin tezləşməsi, ishal və s.

Nevroz və digər sinir sistemi pozulmaları zamanı da həddindən çox tərləmə ola bilər. Şəkərli diabet xəstəliyi olan insanlarda qanda şəkərin kəskin düşməsi halsızlıq, güclü tərləmə, ürəkbulanması, nəbzin tezləşməsi kimi simptomlarla müşayiət olunur.

Ürək xəstəlikləri də həddən çox tərləməyə səbəb ola bilər. Bu zaman tər soyuq olur, əvvəl üz, sonra bütün bədən tərləyir.