Turqut Özal, Elçibəy və sünni-şiə söhbəti...

Pənah Hüseyn: “Özalın söylədiklərinə Prezident Əbülfəz Elçibəy cavab verib”Fəzail İbrahimli: “Əgər kimsə sünni-şiə söhbətini yenidən ortaya atırsa, o adam islamın düşmənidir”

Dilavər Əzimli: "Turqut Özal Azərbaycanı çox sevirdi. Elə buna görə də aradan götürüldü”
Türkiyənin keçmiş prezidenti Turqut Özalın 1990-cı il 20 Yanvar hadisələrindən sonra Azərbaycan haqqında səsləndirdiyi fikirlər yenidən gündəmə gətirilib. Belə ki, "Milliyət” qəzetinin 1990-cı il fevral ayının 16-da çap olunmuş sayında T.Özala məxsus "azərilər şiədir, biz isə sünniyik, onlar İrana daha yaxındır” sözləri yer alıb. Həmin məqaləni əks etdirən fotonun sosial şəbəkədə yayılması isə ictimaiyyətdə geniş müzakirəyə və etiraza səbəb olub.
Bəziləri Türkiyənin mərhum rəhbərini dediklərindən dolayı sərt tənqid ediblər. Digərləri isə T.Özalın təzyiq qarşısında qalaraq, istəmədən bu cür ifadələr işlətdiyini söyləyiblər. Məsələn, Nizami Məmmədov adlı feysbuk istifadəçisi yazıb ki, Turqut Özal təcrübəli siyasətçi kimi Qərbin SSRİ-yə qarşı apardığı mübarizədən xəbərdar idi. Ona görə də daxili vəziyyəti nəzərə alaraq belə bir fikir söyləyib. Tural Hamid adlı şəxs isə yazıb ki, T.Özal sovet imperiyası ilə mübarizə aparmırdı. O, SSRİ-ni dost hesab edirdi. Çünki o zaman soyuq müharibə bitmişdi. Nizami Məmmədov isə Qərbin Özala təzyiq göstərərək Türkiyəni öz planlarına daxil etdiyini yazıb. Əksəriyyət isə hesab edir ki, bu olayın yenidən gündəmə gətirilməsi Türkiyə-Azərbaycan dostluğuna zərbə vurmaq və sünni-şiə məzhəbləri arasında qarşıdurma yaratmaq məqsədi daşıyır. Məsələyə münasibət bildirən sabiq Baş nazir Pənah Hüseyn "Şərq”ə deyib ki, T.Özalın 20 Yanvar hadisəsi ilə bağlı dediklərinə dəfələrlə münasibət bildirilib: "Özalın söylədiklərinə Prezident Əbülfəz Elçibəy cavab verib. Mətbu orqanlarda dərc olunan həmin münasibətdə bütün məsələlərə aydınlıq gətirilib. Turqut Özal da türk dünyasının böyük adamlarından biridir. O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması istiqamətində böyük xidmətlər göstərib. Əlavə sözə ehtiyac yoxdur”.
Xatırladaq ki, ozamankı dövlət başçısı Turqut Özal və Türkiyə hökumətinin 20 Yanvar hadisələrinə münasibəti barədə türk mətbuatına açıqlama verən Əbülfəz Elçibəy Turqut Özala kiçik iradını bildirib: "Turqut Özalın o cür çıxışı və "biz buna qarışmırıq” deməsi çox qəzəb doğurdu. Sayın Özal bir qədər tələsib, yəni, məsələnin kökünü araşdırmayıb. Avropa Türkiyəyə qarşı çıxmasın deyə o cür söyləyib ki, birdən türklər haqqında pis fikirləşərlər. Bu, düzgün yanaşma deyil. Turqut Özal və türk hökuməti Azərbaycan haqqında çox az bilir”.
Tarixçi-alim, millət vəkili Fəzail İbrahimli sosial şəbəkədə yayılan məqalənin təxribat məqsədi ilə üzə çıxarıldığını söyləyib: "Belə şeylərin sosial şəbəkədə yayılmasına, müzakirə olunmasına rəvac verilməməlidir. Bunu yayan adamın niyyəti xoş ola bilməz. Qanlı yanvar günü ölülərin ruhuna dəymək olmaz. Onların ruhu adamı tutar. Təəssüflər olsun ki, ölkədə türk millətlərini üz-üzə qoymağa çalışan, sabitliyə düşmən kəsilən qüvvələr var. Xaricdən yallananlar, pullu nökərlər var. Əgər kimsə sünni-şiə söhbətini yenidən ortaya atırsa, o adam islamın düşmənidir. Azərbaycanda etnik və dini qarşıdurma yaratmağa səy göstərənlər də dövlətin və xalqın yağısıdır. Türkiyə-Azərbaycan münasibətlərini pozmaq arzusunda olanlar isə bütün türk dünyasının düşmənidir. Həmin adamın genetik kodunda mütləq ermənilik var. Sağlam adamlar belə hərəkətlər etməz. Əfsuslar olsun ki, dəli quyuya bir daş atır, yüz ağıllı onu çıxara bilmir”.
Tarixçi-alim Dilavər Əzimli də "Şərq”ə açıqlamasında məsələ ilə bağlı maraqlı məqamlara toxunub və yayılan fotonun məqsədyönlü şəkildə ortaya çıxarıldığını deyib: "Mən həmişə vurğulayıram ki, Azərbaycanda Rusiya və İranın oturuşmuş sistemi var. Son prosesləri analiz edəndə bu nəticəyə gəlmək asanlaşır. Hamımıza bəllidir ki, Türkiyə dünyanın iri dövlətlərindən birinə çevrilməkdədir. Rusiya, İran bunu istəyərmi? Heç ABŞ, Qərb ölkələri də istəmir. Baxın, Azərbaycanda nə zaman bu təbliğatlar işə düşür. Demək, bu, şəbəkələr hardansa idarə olunur. Türkiyədə də belə qorxulu şəbəkələr mövcuddur. Türkiyə mediasında kürdlərin, ermənilərin real gücü var. Onlar Türkiyədə özünəməxsus iş aparır”. Tarixçi bildirib ki, burda məqsəd Azərbaycan-Türkiyə münasibətlərini korlamaq və əhalidə anti-Türkiyə ovqatı yaratmaqdır. Bu təbliğat həm də Türkiyə-İran münasibətlərini gərginləşdirməyə yönəldilib. İran başa düşür ki, Türkiyə himayədarlıq etməsə, onu gec-tez parçalayacaqlar”.
D.Əzimlinin sözlərinə görə, məkirli qüvvələr indi daha iyrənc üsula əl atıblar. Bu da mərhum Turqut Özalın 1990-cı ildə 20 Yanvar hadisəsinə bildirdiyi münasibətdir: "Əslində, bu təbliğatın təsirinə düşüb status yazanlar bilməlidirlər ki, bu sözlər 1990-cı ildə deyilib. İkincisi, Turqut Özal Azərbaycanı çox sevirdi. Elə buna görə də aradan götürüldü. Orta Asiyada onun yeməyinə nəsə qatmışdılar. Turqut Özalın ölümündən bir gün qabaq verdiyi əmr əsasında Türkiyə uçaqları havaya qalxıb Ermənistan sərhədləri boyunca uçurdu. Bəli, Turqut Özal o zaman bu sözləri işlətdi. Nəyə görə? Baxın, o zaman SSRİ zamanı idi. O zaman Azərbaycan məsələsində Türkiyə son dərəcə ehtiyatlı davranır və gizli iş görürdü. Bundan əlavə, türkiyəli zabitlər gizli şəkildə bizimkiləri yetişdirirdilər. Buna misal "Şıxov” batalyonunu göstərmək olar. Turqut Özal bu sözləri işlədəndə hər şey buna hesablanmışdı. Bu, dərin dövlətin siyasəti idi ki, mövcud vəziyyətə uyğunlaşdırılmış və diqqətin əsas hədəfdən yayındırılmasına xidmət edirdi. Belə olmasaydı, 1991-ci ildə "Şıxov” batalyonunda Türkiyədən olan zabitlər döyüşməzdi”.
İsmayıl