140 yaşlı Azərbaycan jurnalistikası...

Bəxtiyar Sadıqov: “Azərbaycanda nə qədər söz, fikir azadlığı olsa da, peşəkarlıq baxımından çox ciddi problemlər var”
Asəf Rzayev: “Dövlət başçısı mətbuatın müstəqil, jurnalistlərin daha peşəkar olmalarında maraqlıdır”


(... əvvəli ötən sayımızda)

Bu il 140 illik yubileyini qeyd edən Azərbaycan milli mətbuatının ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerini, vətəndaş cəmiyyətinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində rolunu nəzərə alan dövlət başçısının 2015-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən keçirilən tədbirlər bir daha ölkəmizdə mətbuata verilən yüksək qiymətin növbəti təzahürüdür.

Maraqlıdır, milli mətbuatımız140 illik yubileyi ilə bağlı media nümayəndələri, ölkə ictimaiyyəti nə düşünür? Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı ölkə başçısının Sərəncamı necə dəyərləndirilir?

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib ki, Azərbaycanda mətbuata göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Çünki ölkəmizdə söz və mətbuat azadlığı hər zaman qorunub. YAP rəsmisinin sözlərinə görə, mətbuata dövlət tərəfindən həmişə qayğı göstərilib: "Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra mətbuat hər zaman diqqət mərkəzində olub. Mətbuatın dövlətə olan borclarının dondurulması, mətbuat üzərindən senzuranın götürülməsi hər bir qəzet çapı üçün əlverişli şəraitin yaradılması, o cümlədən mətbuata dövlət tərəfindən yardımların olunmasının həmişə şahidi olmuşuq. Azərbaycan yeganə dövlətlərdən biridir ki, ölkəmizdə Prezident yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərir. Hər bir mətbuat orqanı mövqeyindən asılı olmayaraq, dövlət tərəfindən bərabər şəkildə yardımlar alır”. S.Novruzov hesab edir ki, dünyanın heç bir ölkəsində belə bir hal yoxdur mətbuat nümayəndələrinə mənzillər tikilib verilsin: "2013-cü ildə 155 mənzil jurnalistlərə təqdim olunub. Yeni mənzillərin tikintisi isə artıq başa çatmaq üzrədir. Bu proses davam edir. Yəni Azərbaycanda hərtərəfli şəkildə mətbuata diqqət və qayğı var. Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə əlaqədar bütün mətbuat işçilərini təbrik edirəm. Onların Azərbaycan müstəqilliyinin inkişafında, möhkəmlənməsində rolları böyükdür. O cümlədən ayrı-ayrı mətbuat nümayəndələrinin "Əməkdar jurnalist”, "Tərəqqi medalı”, "Şöhrət ordeni” ilə mükafatlandırılması mətbuatın inkişafına böyük imkanlar yaradır”. YAP İcra katibinin müavini əlavə edib ki, bu gün Azərbaycanda ən azad internet sistemi fəaliyyət göstərir: "Burada da ayrı-ayrı informasiya portalları, saytlar və s. mövcuddur. Yəni jurnalistlər həm öz fikirlərini, rəylərini, həm də ayrı-ayrı siyasətçilərin, siyasi partiyaların mövqeyini ictimaiyyətə tam sərbəst şəkildə çatdırırlar. Bu baxımdan Azərbaycanda söz və mətbuat azadlığı həmişə qorunub və bundan sonra da qorunacaq”. Azərbaycanın milli mətbuatının yarandığı gündən böyük tarixi şərəfli yol keçdiyini vurğulayan millət vəkili Musa Quliyev isə deyib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra mətbuata dövlət qayğısı daima olub və bu gün də var. Ümummilli lider Heydər Əliyevin mətbuata qayğısı hər kəsin yadındadır. Mətbuatla bağlı ilk dəfə senzuranın götürülməsi, məhz Ulu Öndərin mətbuata və bütövlükdə informasiya məkanına verdiyi böyük diqqətin və qayğının təzahürü idi.

Millət vəkilinin sözlərinə görə, dəfələrlə prezident fərmanı olub, mətbuatla bağlı qanunlar qəbul olunub, qanunvericilik təkmilləşib: "Azərbaycanda jurnalistikanın, o cümlədən Kütləvi İnformasiya Vasitələrində (KİV) çalışan jurnalistlərin inkişafı üçün hər cür şərait yaradılıb. Beləcə onlara dövlət dəstəyi daimi olaraq göstərilir. Dünyanın heç bir yerində dövlət jurnalistə ev tikib təqdim etmir. Azərbaycanda artıq bu praktika ənənə halını alıb. Demək olar ki, hər il jurnalist üçün cənab Prezident İlham Əliyevin sərəncamı ilə yeni evlər tikilir mənzillər verilir.

Dünyanın çox nadir ölkələrində mətbuata dövlət tərəfindən konkret olaraq maliyyə dəstəyi göstərilir. Azərbaycanda isə bu bir ənənəyə çevrilib. Jurnalistlərə fəxri adların verilməsi, onların daimi sosial problemləri ilə ölkə başçısı səviyyəsində dövlətin maraqlanması bu dəstəyin bir nümunəsidir”.

M.Quliyev əlavə edib ki, bu gün Azərbaycanda KİV təsis etməkdən asan heç nə yoxdur: "Əgər kimsə bunu etmək istəyirsə sadəcə olaraq Ədliyyə Nazirliyinə informasiya göndərir və orada onu qeydiyyata alırlar. Bundan böyük azadlıq, diqqət və qayğı ola bilməz. Bu gün Azərbaycan jurnalistikası dünyanın ən azad jurnalistikalarından biridir. Baxmayaraq ki, bəzi dövlətlərin xüsusi xidmət orqanları tərəfindən yaradılan və maliyyələşdirilən qeyri-hökumət təşkilatları (QHT), o cümlədən bəzi beynəlxalq QHT-lər Azərbaycanda guya söz, mətbuat azadlığının məhdudlaşdırılması barədə fikirlər söyləyirlər. Ona görə də artıq Azərbaycan KİV məkanı gündən-günə öz hüdudlarını da genişləndirməlidir. Artıq Azərbaycan jurnalistikası beynəlxalq səviyyəyə çıxmaqdadır. Bu gün internet jurnalistikası, telejurnalistika Azərbaycanda çox geniş şəkildə inkişaf edir. Bu mənada mən ölkəmizdə mətbuata göstərilən dövlət qayğısından çox razıyam”.

"Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov:

- Ulu öndər Heydər Əliyevdən qalan çox gözəl bir ənənə var. Hər beş ildən bir mətbuatın yubileyi keçirilir. Hər yubileydə isə jurnalistlərin əməyi qiymətləndirilir, fəxri adlara layiq görülür, yubiley tədbirləri bütün respublikanı əhatə edir. Ölkədə əsl bayram əhval-ruhiyyəsi yaradılır. Cənab prezidentin 2 iyun 2015-ci il tarixli Azərbaycan mətbuatının 140 illiyinin keçirilməsi haqqında imzaladığı sərəncamda biz jurnalistlər üçün çox xoş və müjdəli bir xəbər oldu.

Bu sərəncamda jurnalistika ilə bağlı bir sıra məsləhətlər, tövsiyələr də öz əksini tapıb: "Qlobal informasiya məkanı gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə Kütləvi İnformasiya Vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial olmalıdır. Yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalıdır”. Doğrudan da, Azərbaycan mətbuatının jurnalist peşəkarlığı, obyektiv və prinsipiallığı, şəxsi maraqlarını dövlətçilik maraqlarından üstün tutması kimi problemləri var. Azərbaycanda nə qədər söz, fikir azadlığı olsa da, peşəkarlıq baxımından çox ciddi problemlər var. Bir çox hallarda milli maraqlar gözlənilmir, jurnalistlər obyektivlikdən uzaq olan qərəzli yazılara üstünlük verirlər. Hesab edirəm ki, Azərbaycan mətbuatının 140 illik yubileyi yüksək səviyyədə keçəcək, jurnalistlərimiz isə sərəncamda qarşıya qoyulan vəzifələri növbəti 5 ildə uğurla həyata keçirəcəklər.

"Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev də ölkə başçısının bu addımını müsbət qiymətləndirib. A.Rzayev bildirib ki, dövlət başçısı hər il Azərbaycanda Milli Mətbuat Gününün bayram səviyyəsində keçirilməsi üçün bir sıra tədbirlərə imza atır. Bu da onun mətbuata xüsusi diqqət və qayğısının, söz və məlumat azadlığına olan münasibətinin nəticəsidir: "İndiyə kimi mətbuatın inkişafı üçün atılan addımlar, həyata keçirilən tədbirlər hər kəsə bəllidir. Prezident İlham Əliyevin KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü tədbirlər, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsi ilə bağlı tövsiyəsindən də aydın görünür ki, dövlət başçısı mətbuatın müstəqil, jurnalistlərin daha peşəkar olmalarında çox maraqlıdır. Müstəqil və peşəkar olmaq isə mətbuatın hansısa qüvvələrdən asılı olmamasından keçir. Yəni, bir vaxtlar hansısa məmurun, yaxud kənar qüvvələrin "əlinə baxan” mətbu orqanlar var idisə, cənab İlham Əliyevin mətbuatla bağlı yürütdüyü siyasət nəticəsində indi belə bir asılılıq yoxdur”.

Baş redaktor Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılmasını da xüsusi qeyd edib. A.Rzayev bildirib ki, bu fondun yaranmasından sonra mətbuat ayrı-ayrı şəxslərin "təsir dairəsi”ndən çıxa bilib: "İndi KİVDF-nin maliyyələşdirdiyi mətbuat orqanları müstəqil şəkildə fəaliyyət göstərirlər. Ancaq görünən odur ki, cənab Prezident bununla kifayətlənmir və bu kimi addımları davam etdirir. Belə ki, İlham Əliyevin 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamına uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna maliyyə vəsaiti ayrıldı və 150-dən çox jurnalist mənzillə təmin olundu. Daha sonra bu tədbirlərin davamı oldu. Növbəti binanın tikintisi də bu siyasətin davamı kimi qiymətləndirilməlidir”.

Baş redaktorun sözlərinə görə, milli mətbuatımızın 140 illiyi ilə bağlı imzalanan sənəd dövlət başçısının ölkə KİV-lərinə diqqət və qayğısının, azad mətbuata dəstəyinin göstəricisidir: "Ümumiyyətlə, mətbuatın inkişafı ölkənin ümumi inkişafını göstərir. Biz mətbuat nümayəndələri olaraq, ölkə başçısının diqqət və qayğısını hiss etdikcə, stimul almış oluruq. Hesab edirəm ki, milli mətbuat bundan sonrakı fəaliyyətində də Prezidentin diqqətinə layiq olmağı bacarmalıdır. Çünki sərəncamda göstərilən müddəalar növbəti mərhələdə mətbuatımızın gücünün, ictimai nüfuzunun artması, jurnalistlərin xüsusi statusa malik peşə sahibi olduğunu göstərməsi üçün yeniliklər yaradacaq və mətbuatımızı keyfiyyətcə yeni mərhələyə daşıyacaq”.

Şəymən

(davamı var...)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb