140 yaşlı Azərbaycan mətbuatı...
Sözün həqiqi mənasında mətbuat tariximizlə fəxr etməliyik
Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə bəzi informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar.
Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər.
Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni, iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi-nəzərdən mühüm bir hadisə idi. Bu şərtləri nəzərə alsaq, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabinin nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacardığını daha aydın dərk edərik. Hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi” qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edib. Bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf edib, dövrün spesifik xüsusiyyətlərinə uyğun üzərinə götürdüyü məsuliyyətli vəzifəni uğurla yerinə yetirməyə çalışıb.
Bu il 140 illik yubileyini qeyd edən Azərbaycan milli mətbuatının ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerini, vətəndaş cəmiyyətinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində rolunu nəzərə alan dövlət başçısının 2015-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən keçirilən tədbirlər bir daha ölkəmizdə mətbuata verilən yüksək qiymətin növbəti təzahürüdür.
Maraqlıdır, milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı media kapitanlarımız nə düşünür? 140 yaşlı Azərbaycan mətbuatı deyəndə onların gözündə ilk olaraq nə canlanır?
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, 140 yaşlı Azərbaycan mətbuatı deyəndə onun nəzərində müdriklik mərhələsini ötüb keçmiş, eyni zamanda ruhən gənc, çevik bir mətbuat canlanır: "140 il heç də az müddət deyil. Xüsusən də,
Şərq mətbuatı üçün bu, kifayət qədər böyük tarixdir. "Əkinçi” qəzetinin fəaliyyətə başladığı dövrə və ondan sonrakı mərhələyə nəzər salıb, bu gün üçün də aktual olan mövzulara nəzər salsaq, Azərbaycan xalqının potensialının nə qədər yüksək olduğunu görərik. Hələ 140 il bundan öncə Azərbaycanda ekoloji problemlərdən tutmuş texnologiyanın inkişafına kimi böyük bir mərhələni görməyi bacaran, bu məsələlərlə bağlı xalqına mesajlar verən insanlar olub. Bu bizim üçün kifayət qədər qürurlandırıcıdır. Sözün həqiqi mənasında mətbuat tariximizlə fəxr etməliyik və edirik də. Zərdabidən başlayan bu keşməkeşli mətbuat yolu tarixin bütün mərhələlərində öz mübarizliyini və missiyasını qoruyub saxlayıb. Hətta sovet dövründə belə Azərbaycan xalqının milli maraqlarına xidmət edən, üstüörtülü şəkildə də olsa, xalqımızın milli-vətənpərvərlik ruhunu qoruyub saxlamağa çalışan mətbu orqanlarımız olub. Azərbaycan mediası yarandığı gündən bu vaxta qədər Azərbaycan xalqının aparıcı hissəsi, lokomativi olub. Bu gün də ta əvvəldən qarşıya qoyduğu missiyasını ləyaqətlə yerinə yetirməkdədir”.
Ölkə başçısının milli mətbuatımızın 140 illiyi ilə bağlı imzaladığı sərəncamı yüksək qiymətləndirən baş redaktor deyib ki, Azərbaycan Prezidenti hər zaman mətbuata diqqət və qayğı ilə yanaşıb. Prezidentin bu addımının gözlənilən olduğunu vurğulayan E.Mirzəbəyli bildirib ki, Prezidentin ölkə mətbuatına göstərdiyi xüsusi diqqət və qayğı özünü Azərbaycan mətbuatının 140 illiyi ərəfəsində də büruzə verib: "Azərbaycan Prezidenti daha əvvəllər mətbuatın 130 və 135 illik yubileylərinin keçirilməsi ilə bağlı da sərəncamlar imzalayıb. Eyni zamanda, Azərbaycan mətbuatının inkişafına səbəb olan, real nəticədə bu inkişafı ortaya qoyan, Azərbaycan jurnalistlərinin sosial, mənzil problemlərinin həlli istiqamətlərində atılan addımlara imkan yaradan bir sıra sərəncamlar imzalanıb. Bu sərəncam eyni zamanda Azərbaycan mediasının Azərbaycan xalqı və dövləti üçün son dərəcə əhəmiyyətli olduğuna dair cəmiyyətə ünvanlanmış bir mesajdır. Hesab edirəm ki, mətbuatımız da ölkə başçısının bu diqqətinin qarşılığında daim Azərbaycanın dövlət, milli və ictimai maraqlarını hər şeydən üstün tutacaq. Öz obyektiv və qərəzsizliyinə sadiq qalaraq, ona olan ümidləri doğrultmağa çalışacaq” .
E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan dövləti həm jurnalistlərin sosial problemlərinin həllində, həm medianın layihələr vasitəsilə maliyyələşməsində, mətbuata edilən birdəfəlik yardımlarda, jurnalistlərin təltif edilməsində və digər məsələlərdə insanların mövqeyinə, dünyagörüşlərinə, siyasi baxışlarına fərq qoymayıb: "Bu da Azərbaycanda söz azadlığının, demokratik düşüncənin, fikir plüralizminin nə qədər önəm kəsb etdiyinin göstəricisi kimi dəyərləndirilməlidir. Bu Sərəncama görə, qəzetimiz adından bir daha cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Cənab Prezident hər zaman öz çıxışlarında ölkədə baş verən bu və ya digər hadisələrin işıqlandırılması ilə bağlı mətbuatın fəaliyyətinə kifayət qədər önəm verdiyini qeyd edib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki dəfə Azərbaycan mətbuatının dostu seçilib və hesab edirəm ki, belə sorğu hər il keçirilərsə, cənab Prezident hər il mətbuatın dostu seçiləcək”.
Azərbaycan mətbuatının yaranmasının 140 illiyi ilə bağlı fikirlərini bölüşən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə hər bir azərbaycanlı, hər bir mətbu icmanın nümayəndəsi kimi bu münasibətlə çox sevincli olduğunu deyib: "Azərbaycan mətbuatı indiki mərhələdə tarixində heç vaxt olmadığı qədər dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Bu, bizə qürur və fəxarət hissi yaşadır. Dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğı özlüyündə mətbuatımızın inkişafı, jurnalist peşəsinin ictimai nüfuzunun artması üçün xüsusi bir mühit formalaşdırıb. Əlbəttə ki, hər bir xalqın mətbuatının keyfiyyəti onun mənsub olduğu xalqın, mənsub olduğu cəmiyyətin intellektual keyfiyyəti ilə ekvivalentlilik təşkil edir. Son 20 ildə Azərbaycan mətbuatının inkişafı məhz Azərbaycan cəmiyyətinin inkişaf tendensiyalarına uyğun olaraq baş tutub. Yəni, cəmiyyətin özünün daxili dinamizmlərinin təşəbbüskarlığı artdıqca, cəmiyyətdaxili münasibətlərdə intellektual keyfiyyətlər önə keçdikcə, heç şübhəsiz bu, Azərbaycan mediasında özünü büruzə verir. Media elə bir institutdur ki, onu xüsusi vasitələrlə lokal mühitdə inkişaf etdirmək mümkün deyil. Medianın inkişafı üçün bütövlükdə cəmiyyət daxilində şərtlər olmalıdır ki, bu şərtləri də Azərbaycan mediası üçün dövlətimiz yaradıb. Hələ 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuat üzərindəki senzuranın ləğvi bu prosesdə çox radikal addım olmaqla bərabər yeni bir keyfiyyət yaratdı. Bundan sonra Azərbaycan mediası yeni intellektual əsaslarda formalaşmağa başladı. Hər bir peşənin
cəmiyyətdə nüfuzu və aktuallığı ondan şərtlənir ki, ilk növbədə bu peşə həmin peşə sahiblərinə ictimai nüfuz gətirməklə yanaşı, onların sosial problemlərini həll etmiş olsun və sərbəst fəaliyyət mühiti yaratsın. Əslində peşənin bu cür cazibədar xüsusiyyətləri onu nüfuzlu edir”.
Hikmət Babaoğlu eyni zamanda onu da qeyd edib ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasət, media mənsublarının sosial problemlərinin həll edilməsi, onlara evlərin verilməsi, onların cəmiyyətin xüsusi aparıcı təbəqəsi kimi dövlət tərəfindən himayə edilməsi məhz Azərbaycan milli mətbuatına, jurnalistikasına yeni intellektlərin axınını təmin etdi: "Bu özünü bir çox məqamlarda göstərdi. Buna misal olaraq ölkəmizdə keçirilən ilk Avropa Oyunları çərçivəsində media nümayəndələrimizin fəaliyyətini göstərə bilərik. Onlar bir daha sübut etdilər ki, sözün həqiqi mənasında milli media adını daşımağa layiqdirlər. Çox az istisnalar olmaqla Azərbaycan mediasının bu imtahandan da alnıaçıq çıxdığını deyə bilərik. Qlobal media məkanında mediamız bütün parametrlər üzrə öz xalqının, dövlətinin maraqları ətrafında birləşə bildi. Bu, bizlər üçün olduqca mühüm hadisə idi. Bununla da media özünün 140 illiyinə böyük hədiyyə vermiş oldu. Hesab edirəm ki, bütün hallarda medianın cazibə mərkəzi dövlətçilik maraqları olmalıdır. Əgər bunun əksi varsa, deməli, artıq bu media məkanı bizim deyil, cəmiyyətin beyni tərəfindən idarə olunur. Bütün bunları nəzərə alaraq qeyd edirəm ki, bu gün bizlər 140 illik yubileyimizi qürurla, fəxarətlə qeyd edirik”.
Şəymən
(davamı var...)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb