15 yaşlı Aydanın intihar səbəbi...

“Əsas səbəblər psixoloji problemlər, depressiya və insanın öz arzularını reallaşdıra bilməməsidir”
“Ola bilsin ki, həmin uşağın psixoloji problemləri olub və ya gizli depressiyada imiş”


Sumqayıt şəhərində 15 yaşlı orta məktəb şagirdi Aydan Əsgərzadə özünü dənizə ataraq intihar edib. Nəsrəddin Tusi adına 12 saylı orta məktəbin 8-ci sinif şagirdi olan A.Əsgərzadənin intihara əl atmasının səbəbi hər kəsdə sual doğurur.

Məktəbin direktoru Mətanət Abdullayeva A.Əsgərzadənin intihar etməzdən öncə ailəsinə məktub yazdığını bildirib. Direktorun sözlərinə görə, A.Əsgərzadənin intihar etməsinə səbəb ailəsinin maddi durumunun aşağı olmasıdır: "Aydan intihar etməmişdən öncə anasına məktub yazıb. Məktubda qeyd edib ki, "ana məni bağışlayın, sizə yük ola bilməzdim”. Bildiyimə görə, Aydan həkimə getməli imiş, amma pulları olmadığı üçün ailəsi onu xəstəxanaya apara bilməyib. Anası Aydana deyib ki, pulumuz yoxdur, səni həkimə apara bilməyəcəyik. Bundan sonra qız təsirlənib və canına qıyıb”.

Qeyd edək ki, faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Aydanın məktubundan da göründüyü kimi onun özünə qəsd etməsinin kökündə iqtisadi sosial çatışmazlıqlar dayanır. Bəlkə də, Aərbaycanda illərdir daşa keçən "İcbari tibbi sığorta haqqında” qanunun tətbiqi reallaşsaydı, Aydan da bu gün yaşıdları kimi məktəbə gedər, gündəlik dərs qayğıları ilə məşğul olardı. Ancaq nə fayda! Aydan da bir çoxları kimi sadəcə adı ilə kifayətləndiyimiz "İcbari tibbi sığorta haqqında” qanun nakam qurbanlarından biri oldu. Qeyd edək ki, Azərbaycanda tibbi icbari sığortanın tətbiqi üçün 15 ilə yaxındır ki, qanunvericilik bazası yaranıb. Lakin çox təəssüf ki, hələ də bu mexanizm işə salınmayıb. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev isə məsələ ilə bağlı "Şərq”ə açıqlamasında Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə cari ildən başlanılacağını bildirib. Millət vəkili artıq bunun üçün tələb olunan qanunvericilik bazasının formalaşdırıldığını və gələn ildən praktiki işlərin həyata keçiriləcəyini deyib: "Bu məsuliyyətli iş Nazirlər Kabineti yanında yaradılan Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həvalə edilib. Artıq prezidentin sərəncamı ilə yaradılan bu agentliyə direktor da təyin olunub. Yaxın vaxtlarda həmin agentlik pilot layihə olaraq öz fəaliyyətinə başlayacaq. Yəqin ki, gələn ildən də bütün ölkə ərazisində tətbiq olunacaq”.

Söhbət zamanı 15 yaşlı Aydanın intihar səbəblərinə toxunan millət vəkili bu hadisənin böyük faciə olduğunu deyib: "Amma bu intiharın sırf iqtisadi durumla əlaqələndirilməsinin tərəfdarı deyiləm. Ola bilsin ki, həmin uşağın psixoloji problemləri olub və ya gizli depressiyada imiş. Nə qədər intihar varsa, o qədər də səbəbləri var. Bunların hamısını ümumiləşdirib sırf sosial-iqtisadi problemlərə bağlamaq yanlışdır. Araşdırmalar göstərir ki, iqtisadi problemlər səbəbindən baş verən intiharlar ən axırıncı yerlərdən birindədir. Əsas səbəblər psixoloji problemlər, depressiya və insanın öz arzularını reallaşdıra bilməməsidir. İntihar fiziki və psixi cəhətdən tam sağlam olan insanın işi deyil. İntihar edənlərin əksəriyyəti özünə qapanmış insanlardır. İnsan öz dərdini, problemini digərləri ilə bölüşdükcə həlli yolları mütləq tapılacaq. Müşahidələr göstərir ki, bir çox hallarda ailə üzvləri depressiyada olan insana kömək etmək əvəzinə, onun üstünə gedirlər. Bu da özlüyündə intihara gətirib çıxarır. Təbii ki, iqtisadi və tibbi faktorlar da intihara əsas verə bilər. Amma normal psixologiyada olan insan hansısa bir problemə görə intihara əl atmaz”.

Dünyanın müxtəlif yerlərində gün ərzində on minlərlə intihar hadisəsinin baş verdiyini vurğulayan millət vəkilinin sözlərinə görə, internet, sosial şəbəkələr, kompüter oyunlarının hər biri insan psixologiyasına təsir edir: "Anasının həkim pulu tapmaması Aydan üçün sadəcə bir bəhanə olub. Bu gün olmasa belə sabahları anasının hansısa sözündən təsirlənib o yenə də özünə qəsd edəcəkdi. Bəyəndiyi paltarı ala bilmədiyinə, rəfiqələri ilə görüşə gedə bilmədiyinə görə intihar edən qızlar var”.

M.Quliyevin sözlərinə görə, məktəblilər arasında intihar hallarının qarşısını almaqdan ötrü həm məktəbin pedaqoji kollektivi, həm də valideynlərin daha çox diqqətli olmasına ehtiyac var: "Bu cür faciələrin qarşısını almaq üçün bizim Komitədə "Psixoloji yardım haqqında” qanun hazırlanır. Düşünürəm, bizim telekanallar da məktəbli və yeniyetmələrə çox mənfi təsir göstərir. İlk növbədə, zorakılıqdan bəhs edən filmlərin nümayiş etdirilməsinə ciddi nəzarət olunmalıdır. Təbii ki, internetin də burada mənfi rolu var və biz bununla bağlı qadağa tətbiq edə bilmərik. Amma hər halda, başqa sahələrdə psixoloji gərginliyə səbəb olan problemləri həll etmək mümkündür”. Onun fikrincə, məktəblərdə psixoloqların olmaması da intiharların qarşısının alınması prosesinə maneçilik törədir. Əgər psixoloq varsa belə, çoxu öz vəzifə və funksiyalarını bilmir. Bu, çox ciddi məsələdir. Ən azından müəllimlər bu məsuliyyəti üstələnib, özünü şübhəli aparan uşaqlarla işləməlidirlər.

Komitə sədrinin müavini deyib ki, problemin həlli üçün ailə psixoloqlarının olması vacibdir: "Ailə daxilində müəyyən psixoloji gərginliklərin aradan qaldırılmasına ehtiyac var. Gənclər ailələri ilə ünsiyyətdən çəkinir. Bütün günlərini feysbukda çatlaşmaqla keçirirlər. Bütün bunlar da yavaş-yavaş gəncləri cəmiyyətdən kənarlaşdırır. Özünə qapanan zaman isə heç kəs ona kömək edə bilmir”.

Şəymən