Möcüzə tərəvəz...

Bir dəfəyə 15-20 min manat qazandırır

Bu bitkini Ağ dənizin incisi də adlandırırlar. Meyvəsi - göləvəz türk və Kipr mətbəxində çox istifadə olunan tərəvəz növüdür. Türkiyədə daha çox Antalya və Mərsində yetişdirilir. Son zamanlarda fermerlər bu tərəvəzin yetişdirilməsinə üstünlük verməyə başlayıblar. Tələbat artdıqca, alıcıların sayı artır, fermerlər də pul qazanır. Göləvəzin kiloqramı 7 Tl-dən (2-3 manat) satılır. Bir hektar sahədən yığım zamanı fermerlər təqribən 50 min TL - 15-20 min manat qazanc əldə edirlər. 
“Şərq” “milliyet.com”a istinadən bildirir ki, Ərdəmli bölgəsində əkinlə məşğul olan Yusuf Şahin əvvəlcə pomidor yetişdirirmiş, ancaq planladığı gəliri əldə etməyincə göləvəz yetişdirməyə başlayıb. Y.Şahin bu işə başlamazdan öncə göləvəzin faydalarını, bazarda satış durumunu araşdırıb, mühəndis dostu Mevlut Şenlə məsləhətləşib. M.Şen dostuna göləvəz əkməyi məsləhət görüb. Y.Şahin də pomidor istixanasını ləğv edib göləvəz yetişdirməyə başlayıb. 2 ildir bu işlə məşğuldur.  1 hektar sahədən 7 ton məhsul əldə edir, kiloqramı 6-7 TL-dən (2-2.50 manat) satır. Əməlli-başlı gəlir əldə edir.  

Ərdəmli Ziraat Yüksək Mühəndisi Mevlut Şən bildirib ki, göləvəz dünyada çox populyar tərəvəzdir, Türkiyədə yetişdirilməsi hələ ki, geniş yayılmayıb. Görünüşcə kartofa bənzəyən bu tərəvəzdən cipslərin istehsalında çox istifadə edildiyi üçün qazanclı, gəlirli sahədir.  Göləvəzi kartof kimi soyutma da, qızartma da bişirirlər. Vitaminlər baxımından da zəngindir. Mümkündür ki, gələcəkdə alternativ ərzaq növü kimi istehsalı genişləndirilsin. 

Göləvəz Asiya qitəsinin cənub-şərqindən Afrika qitəsinə və Sakit Okean adalarına qədər geniş bir coğrafiyada yetişdirilir. Tropik ərazilər üçün xarakterik tərəvəzdir. Yaponiyada da geniş yayılıb.

Meyvəsiylə yanaşı yarpaqları da faydalıdır. Göləvəz tiamin, riboflavin, dəmir, fosfor, sink, vitamin B6, vitamin C, niasin, potasium, mis və manqanla zəngindir.  Göləvəz beynəlxalq adı – Kolokas və ya Tarodur. Kartofun əsas rəqibi və əvəzləyicisi hesab edilir. Kartofdan daha çox məhsul verir. Bütün qış ərzində yığımı davam edir. Bitkinin yumrularında bol miqdarda nişasta və lif var. Bunlar orqanizm üçün çox faydalıdır. Göləvəz bağırsaq xərçənginin, qara ciyər və şəkər xəstəliyinin dərmanı kimi tanınır.