Vayfay parollarını qonşular sındırır
Şikayət edən insanlar daha ciddi və təhlükəsiz kodlar qoymaqla mövcud problemlərini həll edə bilərlər
Vayfay avadanlığına kod qoyulması bu deməkdir ki, onun sahibi internetindən kənar şəxslərin istifadə edilməsinə qarşıdır. Bu onun əmlakı sayılır və bu avadanlıq vasitəsilə istifadə etdiyi internetə görə pul ödəyir. Bu avadanlığın kodunu "sındırıb” istifadə etmək həm də oğurluq sayılır.
Amma ölkəmizdə vayfay kodunun sındırılması adi hal olub. İndi hamı bu olaydan şikayətçidir. Öz qonşusuna könüllü kodu deməyən, bir də onda gözünü açır ki, kodunu bütün qonşular bilir.
Belə ki, istənilən şəxs xüsusi proqramlar vasitəsilə mənzillərdə quraşdırılan vayfay kodunu deşifrə edib internetdən sərbəst istifadə edə bilər. Vayfay istifadəçilərinin sayı artdıqca da, internetin sürəti azalır.
Qeyd edək ki, zaman-zaman internet istifadəçiləri vayfay oğurluğu ilə bağlı məsələ qaldırıb ki, Cinayət Məcəlləsində vayfay parolunun sındırılmasına dair hər hansı müddəa olub-olmadığı ilə maraqlanır. Mahiyyətinə görə bu faktın virtual oğurluq hadisəsi olduğunu deyən vətəndaşlar hesab edir ki, bu da kibercinayətkarlıq kimi təqdim olunmalıdır. İndiyədək bu predmet üzrə hər hansı cinayət işləmələri ilə rastlaşmadıqlarını iddia edənlər bunun fonunda problemin daha da kütləvi hal almasından şikayətçidirlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzinin məlumatına görə, bu cür halların baş verməməsi üçün ilk növbədə vayfay kodunun yaradılması zamanı daha mürəkkəb şifrə seçilməlidir. Əks halda, təhlükə qaçılmazdır. Onu da deyək ki, bu cür xoşagəlməz hallarla qarşılaşdıqda vətəndaşlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1654 çağrı mərkəzinə müraciət edib, qabaqlayıcı tədbirlər görə bilərlər.
Hüquqşünas Ələsgər Məmmədli isə məsələ ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, informasiya Kommunikasiyalarından istifadə edən hər kəsin maksimum dərəcədə öz təhlükəsizliyini təmin etmək qabiliyyəti olmalıdır. İstənilən halda sındırılan vayfay kodlarında təhlükəsizlik tədbirləri yetərli olmur. 8 rəqəmi və ya hərfləri ardıcıl yazmaqla formalaşdırılan istənilən kod etibarsızdır. Vətəndaşlar "Mənim parolum necə qorunur” saytına daxil olmaqla vayfay kodlarının təhlükəsizlik dərəcəsini öyrənə bilərlər. Orada hər bir kodun neçə saniyədə, neçə saatda sındırılacağını və ya ümumiyyətlə sındırmağın mümkün olmadığını öyrənmək mümkün olur. Zənnimcə, vayfay parollarının qonşular tərəfindən sındırıldığından şikayət edən insanlar daha ciddi və təhlükəsiz kodlar qoymaqla mövcud problemlərini həll edə bilərlər. Bəzi insanlar o qədər bəsit parollar qoyur ki, onu sındırmaq üçün heç bir proqrama ehtiyac duyulmur. Mənə elə gəlir ki, vayfay kodu "12345678” formasında olan insanlar kodun sındırılmasından, evində internet sürətinin azalmasından şikayət etməməlidir. Elə adamlar var ki, ümumiyyətlə, paroldan istifadə etmir. Yaxınlıqda olan hər kəs asanlıqla onun internetindən faydalana bilir. Özü isə evdə internetsiz qalır. Əgər kimsə evindəki interneti başqaları ilə paylaşmaq istəmirsə, informasiya texnologiyalarının təhlükəsizlik qaydalarına əməl etməli, kod qoyarkən rəqəmlərin və hərflərin kombinasiyasından istifadə etməli, hərfləri də böyüklü kiçikli yazmalıdır. Bu cür kodlar çətin sındırılır”.
Parol qıran proqramların hər birinin istifadəyə açıq olduğunu vurğulayan ekspert deyib ki, kiminsə həmin proqramlar vasitəsilə başqasının vayfay parolunu qırmasını qanunsuz hesab etmək doğru deyil: "İnsanlar o halda cinayət məsuliyyətinə cəlb olunur ki, bir başqasının kompüter və ya sosial şəbəkədəki təhlükəsizlik parolunu sındırıb ona aid informasiyaları oğurlasın. Kibercinayətkarlığa qarşı mübarizə Konvensiyasında da bu məsələ öz əksini tapıb və Cinayət Məcəlləsində 3 maddə var. Konkret olaraq, Cinayət Məcəlləsinin 271.1.-ci maddəsində əks olunub ki, kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ancaq vayfay səma vasitəsilə yayılan virtual xətt olduğu üçün ondan gizli istifadə heç bir məsuliyyət yaratmır”.
Şəymən