Türkiyə bizim birinci silah bazarımızdır: “Hansı silahları alacağımızı bilirik”

Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində Türkiyədən təkcə PUA-lar deyil, başqa silahlar da aldığımızı deyib. O, Azərbaycanın qardaş ölkədən ““qasırğa”lar, hərbi maşınlar, “kobra”lar aldığını qeyd edib: “Yəni, bir çox silahlar var və bu proses davam edir. Maşallah, Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq”. 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov dövlət başçısının sözügedən fikirlərini “Sherg.az”a şərh etdi:

Müharibə dostumuzun kim, düşmənimizin kim olduğunu göstərdi. Türkiyə ilə bizim bütün sahələrdə, o cümlədən hərbi müstəvidə əməkdaşlığımız var. Həmçinin artıq hərbi yardım barədə hüquqi baza formalaşdırılıb. Azərbaycan Türkiyə silahını sınaqdan keçirib. Qardaş ölkənin müdafiə sənayəsi özünü doğruldur. Türkiyə bizim birinci silah bazarımızdır. Oradan hansı silahları alacağımızı bilirik. Azərbaycan müdafiə nazirinin bu günlərdə Türkiyəyə səfəri zamanı da, yəqin ki, müəyyən məsələlər müzakirə olunub”.