Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir və gec-tez baş verəcək
“Baş nazir məhz sülh müqaviləsi üzərindən özünü cəmiyyətə sübut edəcək. Nəticə müsbət olmazsa, Paşinyanın siyasi mövqeləri zəifləyəcək”
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının sədri Antonio Koşta ilə telefon danışığı aparıb. Telefon danışığında Paşinyan Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı cari vəziyyət haqqında məlumat verib və Ermənistan hökumətinin sülh gündəmindən geri çəkilməyəcəyini vurğulayıb. Paşinyan İcevanda keçirilən müşavirədə də deyib ki, o sülh prosesini özü üçün prioritet, lokomotiv proqram hesab edir:
"Mən yenidən Real Ermənistanın ideologiyasına və konsepsiyasına qayıtmaq istəyirəm. Bizim Təhsil və Elm Nazirliyi ilə müzakirələr aparmağa imkanımız oldu və mən əsasən Real Ermənistanın mədəni ideologiyasının nədən ibarət olması məsələsini qaldırdım. Amma biz bu sualı bütün sahələrə verməliyik: Real Ermənistanın iqtisadi siyasəti, Real Ermənistanın sosial siyasəti, xarici siyasəti nədir? Təhsil və Elm Nazirliyi sferasında bizim nə etməli olduğumuz artıq bəllidir, müdafiə sahəsində Real Ermənistanın ideologiyası da görünür. Biz bütün sahələrə baxmalı və bütün siyasətimizdə bu sualı verməliyik. Bu müddət ərzində Real Ermənistan ideologiyasını inkişaf etdirmək və onu daha sistemli siyasi ideologiya kimi formalaşdırmaq lazımdır”.
Baş nazir əlavə edib ki, Ermənistan Azərbaycanla münasibətlərlə bağlı bütün məsələlər üzrə konstruktiv həllər təklif edib: “Ermənistanın həyata keçirdiyi balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət özünün ilkin hüduduna çatır". Paşinyan Türkiyə ilə görünən qarşılıqlı anlaşma bazasının formalaşdığını qeyd edib. Rusiya ilə münasibətlərə toxunan baş nazir bildirib ki, bu münasibətlər daha praktikdir: “Ermənistan onları qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında inkişaf etdirməyi hədəfləyir. İranla əməkdaşlıq isə təbii maraqlara əsaslanır. Bu da qarşılıqlı fəaliyyət üçün ən etibarlı baza və münasibətlərin sabitliyinin təminatıdır”. Paşinyan, həmçinin qonşu Gürcüstanla münasibətlərin strateji tərəfdaşlıq orbitində olduğunu vurğulayıb.
“Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan deyib ki, 4 illik təcrübə göstərdi ki, Azərbaycan rəhbərinin istənilən tələbi Paşinyan tərəfindən yerinə yetirilir. Onun sözlərinə görə, bir neçə gün öncə Azərbaycan Prezidenti yenidən tələblər irəli sürdü: "Bunlardan biri Ermənistanda faşizmin məhv edilməsidir. Əliyevin digər tələbi Ermənistanın demilitarizasiyası ilə bağlıdır. Əliyev bunu bəyan etdi. Bildirdi ki, Ermənistana silah verən ölkələr müqavilələri ləğv etməli, verilmiş silahlar geri qaytarılmalıdır. Paşinyan artıq bu tələbi nəzərə almağa hazır olduğuna eyham vurub. Eyni vəziyyət Zəngəzur dəhlizi ilə bağlı da yaşanır. Əliyev dəhlizin açılmasını tələb edir. Paşinyan buna qarşı “sülh qovşağı” layihəsini irəli sürüb, halbuki bunun həyata keçirilməsi mümkün deyil. İstənilən ağıllı insana aydındır ki, Ermənistan nəqliyyat qovşağı, tranzit mərkəzi ola bilməz, buna coğrafiya imkan vermir".
Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, sülhün önündə böyük əngəl sayılan Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi ilə bağlı prosesin başladığını demək mümkündür. Ekspertə görə, sadəcə, proses məlum səbəblərdən ləng irəliləyir:
"Ermənistanda Konstitusiya dəyişikliyi bir neçə il çəkə bilər. Təxminən 2027-c ildə yeni redaktədə yeni Konstitusiyanın qəbulu realdır. Ancaq bununla iş bitmir və sülh sazişinin imzalanması yubanır. Əlbəttə, sülhün gecikməsi Paşinyanı narahat etməyə bilməz. Özünün də qeyd etdiyi kimi, sülh gündəliyi Paşinyanın siyasətinin təməlini təşkil edir. Baş nazir məhz sülh müqaviləsi üzərindən özünü cəmiyyətə sübut edəcək. Nəticə müsbət olmazsa, Paşinyanın siyasi mövqeləri zəifləyəcək. Ona görə baş nazir üçün sülh müqaviləsinin tezliklə bağlanması zəruridir. Amma görünür, indiki şərtlər Paşinyanı qane etmir, o səbəbdən Bakının tələblərini mümkün qədər yumşaltmağa çalışır. "Real Ermənistan" və s. terminlərlə elə görüntü yaratmağa çalışır ki, guya Konstitusiya dəyişikliyi Bakının tələbi ilə yox, mövcud vəziyyət və daxili tələblə gündəmə gəlib. Ümumən, Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir və gec-tez baş verəcək".