Bu da nəticə etibarı ilə iki ölkə arasında yeni, müasir çağırışlara uyğun olaraq əməkdaşlığın formalaşması anlamına gəlir
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Ötən gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlət başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladıb.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlət başçısı qeyd edib ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb. Liderlə münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıblar. Hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd olunub. Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd edib. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun və tərəfdaşlığımızın nümunəsi olduğunu vurğulayıb. Həmçinin ölkələrimizin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyi qeyd olunub. Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərimiz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir. Ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) informasiya-kommunikasiya texnologiyaları sahəsində və digər beynəlxalq platformalarda ölkəmizə qarşı birmənalı mövqeyi ilə fərqlənib. Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib. Xatırlatmaq yerinə düşər ki, BƏƏ-nin “Dar əl-Bir” Xeyriyyə Cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan Xeyriyyə Təşkilatı kimi humanitar qurumlar tərəfindən 30 ilə yaxın müddətdə məcburi köçkün soydaşlarımıza müntəzəm olaraq humanitar yardımlar göstərilib.
2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb. Dövlət başçısının BƏƏ-yə növbəti səfəri bundan 10 il sonra - 2016-cı il fevral ayında reallaşıb. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendini BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır. Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bununla bağlı mövcud potensialın reallaşdırılması, investisiya qoyuluşu “yaşıl enerji” sektorunun sürətli inkişafına yol açır. Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulub. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Bu müqavilələr əsasında qurulan əməkdaşlıq çərçivəsində 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin oktyabrında istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı dost Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın əlaqələrinin yüksək səviyyəsini bir daha vurğulayan Prezident İlham Əliyev deyib: “Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var”. Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu Komissiyanın indiyədək 8 iclası keçirilib. Ümumiyyətlə, iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunur. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 94,62 milyon ABŞ dolları təşkil edib. Ölkələrimizin əməkdaşlığı turizm sahəsindən də yan ötməyib. Belə ki, 2022-ci ildə Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayı ondan əvvəlki illə müqayisədə iki dəfədən çox artıb. Yüksək səviyyəli ikitərəfli əlaqələrimizin ən bariz nümunəsi isə Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı oldu. Səfər çərçivəsində dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin əyani göstəricisi idi. Görüşdə toxunulan məsələlər iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən və qarşılıqlı əməkdaşlığa marağından xəbər verirdi. Bu görüş həm də münasibətlərimizin yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edildi.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, eləcə də strateji əlaqələrin daha da dərinləşməsi müşahidə olunur. Deputatın sözlərinə görə, bir tərəfdən qarşılıqlı investisiya qoyuluşlarında artımlar var, digər yandan BƏƏ Azərbaycanda alternativ mənbədən enerji istehsalına ən çox sərmayə yönəldən ölkələrdən biridir:
"Bu da nəticə etibarı ilə iki ölkə arasında yeni, müasir çağırışlara uyğun olaraq əməkdaşlığın formalaşması anlamına gəlir. Eyni zamanda ölkələr birmənalı şəkildə beynəlxalq məsələlərdə bir-birinə dəstək olurlar. Xüsusən, COP28 və COP29 təşkili zamanı da bu hal müşahidə olundu. Qlobal məsələlərdə praktiki olaraq ölkələrin nümayiş etdirdiyi mövqelər yaxındır. Bu da təbii ki, strateji əməkdaşlıqdan xəbər verir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq nəticə etibarı ilə iqtisadi əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Bu baxımdan cənab Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından yeni səhifənin açılmasına imkan verəcək. Bu da iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək".
Parlamentari vurğulayıb ki, Azərbaycan müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələrin yeni mərhələyə yüksəlməsi istiqamətində səylərini əsirgəmir:
"Bütün bunları nəzərə alaraq söyləmək olar ki, iki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və hər iki ölkənin vətəndaşlarının rifahına xidmət göstərəcək".