Mərc oyunlarının idarəçisi dəyişdirildi

Vüqar Bayramov: “Mərc oyunları ilə yanaşı, lombardların fəaliyyəti də Palata tərəfindən tənzimlənməlidir”



Nazirlər Kabineti "İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları”na dəyişikliklər edib. Dəyişikliklərə əsasən idman mərc oyunlarının keçirilməsinə görə vəsait Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi məbləğdə və qaydada ödəniləcək. Bununla da idman mərc oyunlarının təşkili və keçirilməsi xərclərinin artırılacağı gözlənilir.

Qeyd edək ki, müvafiq qərarla idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti artıq Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Əvvəl isə bu səlahiyyət Gənclər və İdman Nazirliyində olub. Bundan əvvəl isə idman mərc oyunlarından əldə olunan dövriyyə məcburi ödənişlər tutulduqdan sonra operatorun sərəncamına verilirdi.

Məcburi ödənişlərə vergi, mərc oyunları iştirakçılarının uduşları, bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissə daxil idi.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, sözügedən dəyişikliklərin edilməsində əsas məqsəd idman mərc oyunlarında əldə olunan gəlirin vergiyə cəlb olunmasından ibarətdir: "Digər səbəb isə idman mərc oyunlarında iştirak edən vətəndaşların hüquqlarının qorunması və uduşların obyektiv həyata keçirilməsini təmin etməkdir”. Mərc oyunlarının vəsait dövriyyəsinə malik olduğunu vurğulayan ekspert deyib ki, indiki şəraitdə idman mərc oyunlarının təşkili və keçirilməsi səlahiyyətlərinin Gənclər və İdman

Nazirliyindən alınaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi məqsədəuyğundur: "Hesab edirəm ki, mərc oyunları ilə yanaşı, lombardların fəaliyyəti də Palata tərəfindən tənzimlənməlidir. Xüsusən də, vətəndaşların aldadılması hallarının qarşısının alınması istiqamətində Palata real addımlar atmalı və bu sahəyə ciddi nəzarət etməlidir. Mövcud qaydalar daxilində vətəndaşların hüquqlarının pozulması hallarına rast gəlinməməlidir”.

İdman mərc oyunlarının təşkili və keçirilməsi xərclərinin artırılacağı ehtimalına gəldikdə isə V.Bayramov da bu dəyişikliklərin bazara təsirsiz ötüşməyəcəyini deyib: "Dövlət idman mərc oyunlarının təşkili və keçirilməsindən daha çox vəsaitin büdcəyə daxil olmasına çalışır. Amma idman mərc oyunlarının təşkili və keçirilməsi üçün sahibkarları da stimullaşdırmaq lazımdır. Hesab edirəm ki, bu cür tənzimləmə mexanizmi daha effektiv olar”.

Şəymən