Alimlərdən inanılmaz iş...


Nəsli kəsilmiş mamontlar təkrar dünyaya gətiriləcək

4 min il əvvəl nəsli kəsilmiş nəhəng canlılar - mamontlar genetik mühəndisliklə təkrar dünyaya gətiriləcək. Bu ağlasığmaz layihənin rəhbərləri Harvard Universitetinin alimləridir. Harvard alimləri “bu layihə dünyanı dəyişdirəcək”, deyir. Bu necə mümkün olacaq? Genetik mühəndislik sahəsindəki inkişaf nəsli tükənmiş heyvanları yenidən dünyaya qaytarmağa imkan verir. 

Alimlər nəsli tükənməkdə olan canlıları klonlamağa müvəffəq olmuşdu. Həmçinin min illər əvvəl ölmüş heyvanların sümükləri və skeletlərindən əldə edilmiş DNA düzülüşlərini də bərpa edə bilmişdilər. Harvard Tibb Fakültəsindən George Church 4 min il əvvəl nəsli tükənmiş mamont və buzlaqların uzun dişli nəhəngini geri qaytarmağı qarşısına məqsəd qoyub. Layihəyə 15 milyon dollar investisiya cəlb edilib. Layihə rəhbərləri mamontları geri qaytarmaqla dağılmaqda olan Qütb ekosistemini (buzlaqları) bərpa etməyi, həmçinin mamontlarla genetik yaxınlığı olan və nəsli kəsilməkdə olan Asiya filini də qorumağı düşünürlər. Bəzi alimlər bu fikirdədir ki, mamontlar, atlar, bizonlar ot yeyən canlılar olaraq Yer kürəsinin şimal bölgəsində otlaqları qoruyur, çəmənləri ağır ayaqları altında əzib, ağacları yıxmaqla torpağın alt qatındakı qar təbəqəsini sıxışdırır, bununla da torpağı donmuş halda saxlayırmışlar. Alimlərin fikrincə, nəhəng məməliləri yenidən dünyaya qaytarmaqla pozulmuş ekosistemi canlandıra biləcəklər. Alimlər layihəni qarşıdakı 4-6 ay ərzində gerçəkləşdirməyi düşünür. 

Məlahət