Eyni tale...

Təəccüblənməmək mümkün deyilZıkinanın həyatı hardasa İlhamə Quliyevanın həyatına o qədər bənzərdi ki...
Ulduz olmaq hər kəsin payına düşmür. Ulduz həyatını seçənlər isə həm də qurban verməli olurlar. Sən qurban verirsən, əvəzində ulduz olmağı qazanmış olursan...
Nə qədər zidd görünsə də, bu, həyatın ironiyasıdır. Əslində kənardan göz oxşayan, şan-şöhrətli, cah-cəlallı ulduz həyatını əldə etmək üçün kimisi şəxsi həyatını, kimisi ailəsini, kimisi şəxsiyyətini qurban verir. Qazandığın milyonların sevgisi, böyük səhnə, işıldayan kameralar qarşısında çox zaman gülər üzlü, yalançı xoşbəxtlik və bir də sabah kimə qismət olacağını belə bilmədiyin - miras, daş-qaş, brilliantlar...
Ulduz həyatının qlamur görüntüsü ilk vaxtlar həqiqətən insanı özünə çəkə bilir, sən də o həyatın bir parçasını yaşamaq arzusunda olursan, sən də onlar kimi - ulduz olmaq istəyirsən. Onlar kimi yaşamaq istəyirsən. Amma kimsə onlar kimi ölməyi arzulamaz yəqin. Çünki onların ölümü əslində bir daha həyatlarının nə qədər yalan üzərində olduğunu göstərmiş olur.
Ötən gün Rusiya kanallarından birində SSSR-nin, Rusiyanın Xalq artisti Lyudmila Zıkinanın həyatını əks etdirən verilişi izləyirdim. Bir daha əmin oldum ki, ulduz həyatı yaşayanların həyatı əslində uzaqdan göz qamaşdıran yalançı brilliant kimidir.
Rusiyanın Xalq artisti, dünyaca məşhur olan Lyudmila Zıkinanın həyatı hardasa bu il dünyasını dəyişən, Azərbaycanın xalq artisti İlhamə Quliyevanın həyatına o qədər bənzərdi ki, təəccüblənməmək mümkün deyil.
Hər ikisi öz dövlətinin kifayət qədər sanballı, nüfuzlu, statusa sahib sənətkarları olub. Hər ikisi öz dövlətində səhnədə hegemonluq edə bilən, şou-biznesdə sözü keçərli müğənnilər olub.
Rəqabətdən düşmənçiliyə gedən yol...
Ən maraqlı oxşarlıqlardan biri isə sənət aləmində olan rəqabətlə bağlıdır. Lyudmila Zıkina illərlə Rusiyanın tanınmış Xalq artisti Qalina Brejnevlə rəqabət aparıb. İki xanım sənətçi arasında illərlə gedən rəqabət bəzən açıq-aşkar, bəzən isə gizli davam edərək düşmənçiliyə belə çevrilib. Elə Xalq artisti İlhamə Quliyevanın da səhnədə rəqibi, düşməni sayılan Flora Kərimova ilə illərlə olan çəkişməsi, aralarında olan ciddi rəqabət, bəzən düşmənçilik həddinə çatan münasibət yəqin ki, heç kimin yadından çıxmayıb. Zıkina Rusiya şou-biznesində çox böyük nüfuz sahibi olan statuslu sənətkar sayılırdı. Onun məhz Qalina Brejnevlə illərlə davam edən rəqabəti hələ də bir çoxlarını dilində qalıb. Onlar biri-birini qəbul edə bilmirdilər. Rusiyanın iki tanınmış, böyük nüfuz sahibli müğənniləri arasında illərlə müharibə gedib. Qalina Brejnevanın əldə etdiyi bahalı zinət əşyalarınını iki dəfə çoxu Zıkinada olub deyirlər. Hətta Zıkina Qalinanın da dəvət olunduğu mərasimlərə xüsusi şəkildə hazırlaşırmış ki, rəqibi onu kölgədə qoya bilməsin. Elə İlhamə Quliyeva ilə Flora Kərimova da son günə qədər biri-birlərini qəbul edə bilmədilər.
Onlar ana olmaq sevincini yaşaya bilməyib...
Rusiyalı Xalq artistinin İlhamə Quliyeva ilə oxşar talelərinin bir maraqlı məqamı da diqqətinizi çəkə bilər. Zıkina da uğursuz ailəyə sahib olub. Zıkina da qadın üçün ən böyük var-dövlət sayılan, bəlkə də qadını qadın kimi mükəmməlləşdirən övlad payından məhrum qalıb. Azərbaycanın Xalq artisti İlhamə Quliyeva da bir insanın arzu edə biləcəyi bütün maddi sərvətlərə sahib olsa da, mənən hamıdan gizlətməyə çalışdığı mənəvi kasıblığının əzabını yaşamış olub. Azərbaycanın Xalq artisti qadın olaraq tam xoşbəxtliyini yaşaya bilməyib. İlhamə Quliyeva da Rusiyanın Xalq artisti Zıkina kimi ana olmaq sevincini duymayıb.
Bəlkə də tənhalıq, uğursuz şəxsi həyat, təklik onların xasiyyətlərində də oxşarlıq yarada bilib. Hər iki sənətkar ömrü boyu tək yaşayıblar. Hər ikisi ətraflarında olan insanlarla guya dostluq etsələr də, əslində heç kimə inanmayıblar. Elə buna görə də hamıdan şübhələnmək, onları çoxlarından uzaq salıb.
Daş-qaşa olan aşırı sevgi...
Rusiyanın Xalq artisti Lyudmilanın o qədər zinət əşyalarına aşırı marağı olub ki, eksklüziv zinət əşyalarını ona gətirirmişlər. Rusiyanın zinət əşyalarının satışı ilə məşhur zərgərlər ona maraqlı daş-qaşlar gətirirmişlər. Hərçənd Zıkina da İlhamə Quliyeva kimi hədiyyələri çox sevirmiş. Zıkinaya da dostları, yaxın həmkarları çox zaman hədiyyə verərkən zinət əşyalarına üstünlük
verirlərmiş. Hamı bilirmiş ki, Zıkina nə qədər almazı, zümrüdləri, böyük üzük və sırğaları necə sevir. Onun zinət əşyaları arasında eksklüziv bahalı əl işləri də yer alıb. Elə İlhamə Quliyevanın da daş-qaşa, bahalı zinət əşyalarına aşırı sevgisi heç kimə sirr deyildi. Hər zaman bahalı brilliantları, daş-qaşları ilə seçilən Xalq artistini onlarsız təsəvvür etmək də mümkün deyildi. Rusiyalı Xalq artisti kimi, İlhamə Quliyeva da üzərinə çox sayda daş -qaş, qır- qızıl taxmağı sevirdi.
Bəs bunların sonu necə oldu? İllərlə qlamur həyat yaşayan, var-dövlətin içində üzən, ətrafında qulluqçuları, köməkçiləri olan hər iki dövlətin Xalq artistlərinin sonu necə oldu? Onların illərlə əldə etdikləri ləl-cəvahirat, brilliantlar, sayı-hesabı bilinməyən miras, evlər, maşınların taleyi necə oldu? Kimlərə qismət oldu?
Sonda yenə oxşar ömrün son akkordrları
Nə qədər qəribə səslənsə də, Lyudmila Zıkina ilə İlhamə Quliyevanın həyatının son akkordları da oxşar olub.
Övladı olmayan sənətçilərin hər ikisi qohumlarla o qədər yaxın ünsiyyəti sevməyiblər. Xalası qızları ilə ara-sıra əlaqədə olan Xalq artistlərinin hər ikisinə evlərində xadimələri qulluq edirdi. Hər ikisinin ömürlərinin sonlarında ayaqları az qala tutulurmuş. Hər ikisi yeriməyə çətinlik çəkiblər.
Daha maraqlısı isə Zıkinanın yaxınlarının sözlərinə görə, o, öləcəyini gözləmirmiş. Hələ 120 il yaşamağı düşünən Lyudmila Zıkina öləcəyinə tezliklə inanmadığı üçün də heç bir vəsiyyətnamə, hüquqi şəkildə mirasının sahibinin kim olacağını təsdiq edən sənəd hazırlamayıb. Sağ ikən mirasının sahibini bəlli etməkdən çəkinən Zıkina gözlənilmədən dünyasını dəyişir. Gözlənilməyən ölüm hamını şoka salır. Onun müəmmalı ölümü hüquq-mühafizə orqanlarını onun qapısına girir. Amma məhkəmə ekspertizası hələ də onun ölümünün bəzi suallarına cavab tapa bilmir. Ötən gündən etibarən də Lyudmila Zıkinanın mirası üstündə qırğınlar başlayır. Onunla son ana qədər yanında olan köməkçisi, qulluqçusu Tatyana Svinkova da mətbuatın diqqətində olan insan olub. Ölümündə bəziləri Xalq artistinin köməkçisini da suçlayırlar. Öləndən sonra miras davasında bir çox qohumlar arasında rəqabət hələ də gedir. Zıkinanın vəkili Qergi Levçuk da bildirir ki, Xalq artisti vəsiyyətnamə qoymadığı və övladı olmadığı üçün ikinci dərəcəli qohumlar arasında miras çəkişməsi davam edir.
Oxşarlıq varmı? İlhamə Quliyevanın da ölümü gözlənilməz oldu. Azərbaycanın Xalq artistinin də ölümü gözlənilməz oldu. İlhamə Quliyeva da evində qulluqçunun yanında gözlərini yumdu. Onun da ölümü hüquq-mühafizə orqanlarının bir çox suallarını cavabsız qoyub. Övladsız olan İlhamə Quliyevanın da ölümündən sonra evini axtaranlar oldu. İlhamə Quliyeva vəsiyyətnamə qoymadığı üçün miras davasına iddialıların sayı çox oldu. Nəzərə alsaq ki, Zıkina kimi İlhamə Quliyeva da övladsız olduğu üçün mirasına ikinci dərəcəli qohumlar sahib olmağa iddialıdırlar. Ona dünən səcdə qılanlar, bu gün ancaq mirasına sahib olmaq üçün əldən-ayaqdan düşüblər.
Bu da ulduz həyatını yaşayan məşhurların sonu!!! Bu da Xalq artistlərinin həyatının son akkordları! Qibtə eləməyə dəyərmi?!
Tahirə Məmmədqızı